Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bionanotexnologiya laboratoriyasının və Rusiya Elmlər Akademiyası Fiziologiya İnstitutunun İdarə olunan fotobiosintez laboratoriyasının müdiri, REA-nın Fundamental Bioloji Problemlər İnstitutunun baş elmi işçisi, Moskva Dövlət Universitetinin və Мoskva Fizika Texnologiya İnstitutunun professoru Süleyman Allahverdiyevlə görüşüb.

 

Görüşdə fotosintez, fiziologiya, biofizika, biokimya, molekulyar biologiya və nanobiotexnologiya istiqamətlərinin Bakı Dövlət Universitetində inkişafı perspektivləri və bu elm sahələri ilə əməkdaşlıq əlaqələri müzakirə edilib.

 

Rektor E. Babayev S. Allahverdiyevin elmi araşdırmalarının nəticələrinin müntəzəm olaraq nüfuzlu jurnallarda dərc edildiyini və elmi nailiyyətlərinin beynəlxalq miqyasda tanındığını bildirib.

 

Rektor bitkilərin fiziologiyası və biokimyası, fotosintez və nanotexnologiyalara dair elmi əsərlər nəşr edən aparıcı beynəlxalq jurnalların redaksiya heyətinin üzvü olan S.Allahverdiyevin ötən il, eləcə də bu il Rusiyada və xaricdə elmin inkişafındakı xidmətlərinə görə biologiya sahəsində ən çox istinad olunan alim kimi “Scopus Awards” və ”WoS” mükafatına layiq görülməsinə diqqət çəkib.

 

S.Allahverdiyev haqqında deyilən xoş sözlərə görə təşəkkürünü bildirib. 1973-cü ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirdiyini vurğulayan tanınmış alim sonrakı uğurlarında bu amilin böyük rol oynadığını vurğulayıb. O, müzakirə edilən istiqamətlər üzrə əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında maraqlı olduğunu bildirib.

 

Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə başa çatıb.