Bakı Musiqi Akademiyasında  20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan anım mərasimi keçirilib.


Tədbirdə Təhsil Nazirliyinin rəhbərliyi, Bakı Musiqi Akademiyasının müəllim-tələbə heyəti, ictimaiyyət nümayəndələri iştirak ediblər.
 

Təhsil  naziri  Ceyhun Bayramov tədbirdə  çıxış edərək  1990-cı il yanvarın 20-də keçmiş sovet dövlətinin silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qanlı aksiyanın insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşdüyünü bildirib. 

 

“Bu qanlı faciədə Vətənin azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Qanlı 20 Yanvar hadisələrindən 30 il ötsə də, onun ağrı-acısı nəinki azalmış, hətta artmışdır.  Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, ərazilərimizin işğalına,  soydaşlarımızın Ermənistandan və Dağlıq Qarabağdan qovulmasına etiraz olaraq ayağa qalxmış Azərbaycan xalqına qarşı törədilmiş bu qanlı aksiya əslində ermənilərin Azərbaycan ərazisində məskunlaşdırılması, xalqımıza qarşı etnik təmizləmə və soyqırımı siyasətinin növbəti bir mərhələsi idi.  Sovet hakimiyyəti 1990-cı il yanvarın 19-dan 20 -nə keçən gecə bütün beynəlxalq hüquq normalarını pozaraq ölkə qanunvericiliyinə zidd olaraq heç bir xəbərdarlıq etmədən dinc əhaliyə qarşı  hərbi təcavüz  edib. Yüzlərlə vətəndaşımız, qocalar qadınlar, uşaqlar xüsusi amansızlıqla qətlə yetirilib. Hətta insanların yardımına gələn səhiyyə işçiləri, tibbi yardım maşınları gülləbaran edilib”-deyə Təhsil naziri  qətliamın səhərisi günü - 21 yanvar tarixində  xalqımızın böyük oğlu Heydər Əliyevin öz həyatını təhlükə altına qoyaraq ailəsi ilə birlikdə ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gələrək cinayəti törətmiş SSRİ rəhbərliyinə və Azərbaycanın yarıtmaz rəhbərliyinin siyasətinə qəti etirazını bildirdiyini xatırladıb.   

Nazir xüsusi olaraq qeyd edib ki,  bu hadisələr zamanında araşdırılmayıb. Yalnız  1993-cü ildə ümummilli lider Heydər Əliyev yenidən siyasi hakimiyyətə gəldikdən sonra  onun iradəsi ilə  hadisələrə dövlət səviyyəsində hüquqi - siyasi qiymət verilib.  Ceyhun Bayramov bildirib ki,  Ümummilli  liderin təşəbbüsü ilə 20 yanvar  Ümumxalq Hüzn Günü  elan edilib və hər il qeyd olunur.  

 

Təhsil  naziri söyləyib ki,   20 Yanvar Azərbaycan xalqının  milli birlik və həmrəylik rəmzinə çevrilib: “ Bu gün ölkəmizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü naminə qəhrəmanlıq göstərərək  canlarından keçən, milli mənafeyi hər şeydən üstün tutan mübariz oğul və qızların xatirəsi böyük minnətdarlıq və ehtiramla yad edilir”.

 

Nazir diqqətə çatdırıb ki,  Təhsil Nazirliyi tərəfindən 20 Yanvarla bağlı  mövzular ümumtəhsil səviyyəsində tədrisə daxil edilib:” Qanlı faciənin 30-cu ildönümü ilə bağlı  ölkənin bütün təhsil müəssisələrində dərslər keçilir, müzakirələr  təşkil edilir.  Hesab edirik ki,  20 Yanvarla bağlı dərslərin keçirilməsi gənclərin vətənpərvərlik ruhunda  böyüməsi və tərbiyə olunması,  milli ruhun yüksəldilməsi, vətənə və xalqa bağlılıq, ölkənin müstəqilliyinin xalqımız və dövlətimiz üçün nə qədər böyük nemət olduğunu bir daha yada salır. Bu istiqamətdə atılan hər bir addım olduqca vacibdir". 

 

Daha sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar 20 Yanvar hadisələrinin mənəvi, siyasi aspektlərindən söz açıb. O, 20 Yanvar faciəsinin  səbəbkarlarından, Mixail Qorbaçovun cinayətkar əməllərindən danışıb, törədilən vəhşiliklərdə ermənilərin fəal iştirakına aid faktlar söyləyib.

 

Tədbir çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” kamera orkestrinin ifasında kompozisiyalar səsləndirilib.

 

Oruc MUSTAFAYEV