Massaçusets Texnologiya İnstitutu ADA-da yeni proqrama başlayır


Dünyanın  ən nüfuzlu universitetlərindən olan Massaçusets Texnologiya  İnstitutu  (Massachusetts Institute of Technology -MIT)  özünün  ən  yenilikçi proqramı ilə Azərbaycana gəlir.  2018-ci ilin dünya reytinqinə başçılıq edən MİT Azərbaycanda iyunun 27-dən avqustun 10-na kimi Cənubi Qafqazda ilk dəfə olaraq  azərbaycanlı tələbələr üçün Qlobal Startap Laboratoriyası  (Global Startup Labs)  proqramının tətbiqinə başlayacaq. MIT Global Startup Labs  bütün dünyada sahibkarlıq fəaliyyətinə başlayan gənclərə biznesin idarə edilməsi təcrübəsini  öyrədir.  Bu proqram mobil texnologiyalar sahibkarlığı və proqram təminatı işləmələri ilə maraqlanan tələbələrimiz üçün unikal fürsət  hesab olunur.

 

Layihənin əsas məqsədi mobil/veb tətbiqinə əsaslanan startap (yeni texnologiya və innovativ ideyalara əsaslanan yeni şirkətlərin təsis olunması) və özəl sahibkarlığın inkişafına töhfə vermək, tələbələr üçün sahibkarlıq və kompüter proqramlaşdırma sahələri üzrə intensiv kurslar təşkil etməkdir. Gənc ideya müəllifləri investorlar, Startap və İnkişaf Mərkəzlərinin nümayəndələri və ölkəmizin startap ekosisteminin aparıcı qurumları ilə görüşəcək. Məzunlar MİT-in qlobal startap və ideya müsabiqələrində iştirak edə biləcəklər. Bununla da Qlobal Startap Laboratoriyası gənc sahibkarların qlobal maliyyə, innovasiya və startap ekosistemlərinə çıxış imkanlarını genişləndirəcək. 6 həftəlik intensiv təlim ölkəmizdə innovasiyalar və  startap  layihələrinin ən  böyük  dəstəkçilərindən olan “ADA” Universitetinin  kampusunda reallaşacaq. Müasir dünyada  gənclər   üçün ən vacib keyfiyyətlərdən hesab olunan texniki və sahibkarlıq vərdişlərini  təkmilləşdirmək üçün tələbələrimiz mayın 29-a kimi  Massaçusets Texnologiya İnstitutunun xüsusi http://gsl.mit.edu/program/azerbaijan-summer-2018/ səhifəsində  qeydiyyatdan keçməlidirlər.  Tələbələr onlar üçün yaradılmış intensiv tədris düşərgəsində komanda halında işləyəcək və sonda mobil əlavələrini,   startaplarını istifadəyə buraxa biləcəklər. Tələbələrimiz MİT-in təlimatçılarının rəhbərliyi ilə mobil və internet texnologiyalar sahəsində yeni layihələr işləyib hazırlayacaqlar. Qlobal proqramda real sahibkarlıq təcrübələrini təqdim etmək üçün Azərbaycanın bir sıra universitetlərindən istedadlı tələbələr  iştirak edə bilər.   

 

Qeyd edək ki, proqramın Massaçusets Texnologiya İnstitutunda istifadəyə verildiyi son 17 il ərzində onun köməyi ilə 20 ölkədə gənc texnologiya sahibkarlarının inkişaf etdirilməsinə nail olunub. Proqramın Azərbaycanda reallaşması SOCAR AQS şirkətinin və  “ADA” Universitetinin tərəfdaşlığı ilə mümkün olmuşdur.
  

Onu da diqqətə çatdıraq ki, Global Startup Labs təlim metodologiyasının əsası MIT-in Menecment Məktəbinin (MIT Sloan School of Management) professoru Bill Aulet tərəfindən qoyulmuş prinsiplərə əsaslanır.  O, şəxsi biznesin qurulması üzrə praktik dərslik hazırlayıb.

 

Oruc MUSTAFAYEV