Naxçıvan Dövlət Universitetində (NDU) qış semestrinin imtahan sessiyası davam edir.  İmtahanlar gün ərzində 55-60 olmaqla,  1100-1200 tələbənin iştirakı ilə keçirilir. Tələbələr elektron qaydada  təşkil edilən imtahanlardan savayı,  yazılı qaydada da imtahan verirlər.

 

NDU-dan bildirilib ki, yazılı imtahanlar xüsusi nəzarət sistemi tətbiq olunan otaqda aparılır.  Şifahi imtahanlar müvafiq kafedralar tərəfindən razılaşdırılmış qaydada fakültə daxilində keçirilir.

 

Universitetin rektoru Elbrus İsayev keçirilən imtahanların gedişi prosesi ilə tanış olub, tələbələrə uğurlar arzulayıb. O, imtahanların tətbiqi ilə bağlı tələbələrin arzu və təkliflərini də öyrənib.

 

Universitetdən bildirilib ki, semestr ərzində cəmi 22437  tələbənin iştirakı ilə  1263 sayda keçirilməsi planlaşdırılan imtahanların 515-i yazılı, 748-i isə elektron qaydada nəzərdə tutulub.

 

Məlumat üçün bildirilib ki, bu ilki imtahanların ötən ildə keçirilən imtahanlardan fərqi var, bu, ondan ibarətdir ki, tələbələr imtahanların yazılı və test olması ilə əlaqədar bilgilərlə əvvəlcədən tanış olur və imtahanlara daha rahat, asan hazırlaşmaq imkanı əldə edirlər. Qeyd edilən yenilik bir də odur ki, tələbələr universitetin facebook səhifəsində yerləşdirilən linkdən  imtahan nəticələrini öyrənməklə bərabər universitetin saytında e-cədvəl bölməsinə daxil olmaqla, dərs, kollokvium, imtahan cədvəlləri, sualları və imtahan nəticələri barədə məlumat toplaya bilirlər. Səhifədə yaradılan rektora müraciət bölməsinə daxil olan hər bir tələbənin imtahanlarla bağlı sual, təklif və şikayətlərini birbaşa rektora ünvanlaması da yaradılan obyektiv şəraitin ideal nümunəsi sayıla bilər.