Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında olublar.


Filialın direktoru, dosent Yusif Alıyev şura üzvlərinə imtahan işinin təşkili haqqında ətraflı məlumat verib:” Hər gün 230-250 tələbənin iştirakı ilə baş tutan imtahan prosesini 18 nəzarətçi və 2 baş nəzarətçi izləyir. Tələbələr zalda səssiz və maneəsiz formada şəffaf, obyektiv şəkildə imtahan suallarını cavablandırırlar. İmtahandan sonra cavabların yoxlanılması prosesi də imtahanda olduğu kimi, yüksək pikselli kameralar vasitəsilə qeydə alınır və hər hansı kənar müdaxiləyə yol verilmir”.
İctimai Şuranın sədr müavini Nadir İsrafilov imtahan prosesinin gedişi ilə bağlı öz müşahidələrini çatdırıb, tələbələr üçün yaradılan  şəraitin yaxşı olmasını,  nəzarətin ciddiliyini xüsusi vurğulayıb.

 

Sonra İctimai Şuranın üzvləri ilə universitetin professor-müəllim heyəti və Quba rayon orta məktəblərinin fəal müəllimləri ilə geniş tərkibli görüş keçirilib.


Y. Alıyev filialda müxtəlif funksiyalı klasterlərin qurulması haqqında bir çox layihələrin işlənib hazırlandığını qeyd edib. Onun sözlərinə görə, hazırda universitet-məktəb-bağça, universitet-televiziya-biznes klasterləri yaradılıb, bu ilin oktyabr ayında Quba filialında “Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” mövzusunda beynəlxaql konfransın keçirilməsi də nəzərdə tutulub. 

 

Daha sonra İctimai Şuranın məsul katibi İlqar Orucov çıxış edərək şuranın fəaliyyət və funksiyaları haqqında məlumat verib. Qeyd edib ki, İctimai Şura təhsil sahəsində müxtəlif məsələlərin müzakirəsi üçün məsləhətləşmələr təşkil edən, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı nazirliyə təkliflər verən və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik məşvərətçi qurum olaraq fəaliyyət göstərir.

 

İ.Orucov çıxışından sonra auditoriyanın ona ünvanlanan suallarına cavab verib, həmin suallar əsasında təkliflər hazırlayaraq nazirliyə təqdim edəcəyini bildirib.
İctimai Şuranın sədr müavini N.İsrafilov  peşəkar kadr hazırlığında universitetin üzləşdiyi mövcud reallıqların və problemlərin həlli istiqamətində fikirlərini bölüşərək filialın təşəbbüsü ilə rayonda Himayədarlar Şurasının, peşəkar təlim icmalarının yaradılmasının, filialda yay məktəblərinin təşkilinin əhəmiyyətini qeyd edib.


Quba rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev təhsildə baş verən yeniliklərdən, tədrisdə, təlimdə üzləşilən problemlərdən, şagird-müəllim münasibətlərindən danışıb, bu cür görüşlərin müəllimlər, rəhbər şəxslər üçün  vacibliyini  qeyd edib.