Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Belarusun Polosk Dövlət Universitetində ali məktəbin tələbələrinə mühazirə oxuyub.

 

Qeyd edək ki, alim Azərbaycanla yanaşı, Rusiya Federasiyasının da iqtisad elmləri doktorudur.    

 

E.Sadıqov Polosk Dövlət Universitetinin Maliyyə-iqtisad fakültəsində dünya ölkələrinin bank sistemi və beynəlxalq valyuta kredit münasibətləri fənlərini tədris edib. Adıçəkilən fakültədə 11 ölkədən olan magistrlər təhsil alır. Azərbaycanlı alim magistrlərə  dünya valyuta sisteminin təkamülündən və banklararası elektron hesablaşmaların üstünlüklərindən bəhs edib, onların bu yöndəki suallarını cavablandırıb. Mühazirələr dünya ölkələrinin bankları arasında aparılan əməliyyatların daha da sürətləndirilməsi üçün qabaqcıl dövlətlərin təcrübəsindən istifadənin təkmilləşdirilməsi məsələlərini əhatə edir.

 

Qeyd edək ki,  UNEC professorunun dövrü olaraq mühazirələr oxuması hər iki ali məktəbin Avropa təhsil sisteminə inteqrasiyasının bariz nümunəsidir. Bu, həm də iki ölkə arasında humanitar sahədə əməkdaşlığın dərinləşməsinin göstəricilərindən biridir.