UNEC-də ölkənin ən aparıcı banklarından olan Paşa Bankla əməkdaşlıq memorandumunun imzalanması mərasimi keçirilib.

 

Tədbirdə UNEC-in rektoru, professor  Ədalət Muradov ali məktəbin  Paşa Bankla əməkdaşlıq edəcəyindən məmnunluğunu bildirib, universitetdə real iqtisadiyyatın çağırışlarına cavab verən mühitin yaradılmasına ehtiyac duyulduğunu deyib. Tələbələrə nəzəri biliklərlə yanaşı, praktiki vərdişlərin də öyrədilməsinin vacibliyindən danışan rektor, bu istiqamətdə real sektorla əməkdaşlıq etməyin və birgə tədris proqramlarının həyata keçirilməsinin faydalı olacağını vurğulayıb.

 

Ə.Muradov  rəqəmsal iqtisadiyyatın ali təhsil müəssisələri qarşısında qoyduğu tələblərdən də danışıb. Bildirib ki, rəqəmsallaşma yüksəkixtisaslı mütəxəssis hazırlamağı, məzunların iqtisadiyyatın və işəgötürənlərin tələblərinə cavab verməsini şərtləndirir.

 

Paşa Bankın İdarə Heyətinin sədri və icraçı direktoru  Taleh Kazımov ölkənin ən böyük maliyyə institutlarından olan Paşa Bankın əsas hədəflərindən danışıb. Hər bir cəmiyyətin əsas sərmayəsinin insan kapitalı olduğunu deyən T.Kazımov Paşa Bankın uğurlu gənclərin yetişməsinə daim dəstək olduğunu bildirib.  Bank rəhbəri bu istiqamətdə UNEC-lə əməkdaşlığın böyük fürsət olduğunu və mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.  

 

Çıxışlardan sonra rektor Ə. Muradov və Paşa Bankın İdarə Heyətinin sədri T. Kazımov əməkdaşlıq memorandumunu imzalayıblar. Sənədə əsasən,  UNEC və Paşa Bank arasında təhsil, elm proqramlarının həyata keçirilməsi, biznes proseslərində təhsil (elm) və informasiya texnologiyalarına innovasiya nailiyyətlərinin tətbiqi, innovasiya fəaliyyətinin birgə həyata keçirilməsi, təhsil və bank xidmətləri sahəsində müasir texnologiyaların və elmi inkişafların istifadəsi, birgə seminar, treninq, konfransların təşkili, tələbələrin bankda təcrübə keçməsi nəzərdə tutulub.

 

Tədbirdən sonra  Paşa Bankın nümayəndələri UNEC Externlə tanış olub. Rektor distant təhsil verən mərkəzin üstünlükləri, imkanları barədə qonaqlara məlumat verib.