Bakı Ali Neft Məktəbinin (BANM) 8 tələbəsi BP şirkətindən iş təklifi alıb.

       

Təklif alan BANM tələbələrindən 6 nəfəri (Cavid Əliyev, Xədicə Məmmədova, Əli Nurəliyev, Nihad Abbasov, Sədiqə Balacayeva, İsa Məmmədli) Neft-qaz mühəndisliyi ixtisasının, 2 nəfəri isə (Nigar Cahangirova, Sədayə Ömərova) Kimya mühəndisliyi ixtisasının tələbələridir. Qeyd edək ki, onlar 5-ci kursdadır, hələ diplomlarını almayıblar. Əsasən BP şirkətinin həyata keçirdiyi yay təcrübə proqramında uğurla iştirak edən, eləcə də BP dəyərlərini mənimsəyən və şirkətin müəyyən etdiyi meyarlara cavab verən tələbələrdir. Adıçəkilən tələbələr 2019-cu ilin iyul-sentyabr aylarında BP şirkətində təcrübə keçiblər. Əvvəlcə ingilis dili və  qabiliyyət imtahanı verən tələbələr müsahibə mərhələsini də uğurla keçdikdən sonra təcrübə proqramında iştirak hüququ qazanıblar.

       

Təcrübəçilər 2 ay müddətində real layihələr üzərində işləyərək həm texniki biliklərini, həm də ünsiyyət, davranış, komanda işi, təqdimat bacarıqlarını inkişaf etdiriblər. Həmçinin təcrübə proqramının yekunu olaraq tələbələr BP-nin mütəxəssisləri qarşısında təqdimatla çıxış ediblər.

     

Əldə etdikləri uğurlu nəticə ilə əlaqədar Bakı Ali Neft Məkəbinin Rektoru Elmar Qasımov tələbələr və onların valideynləri ilə görüşüb. O qeyd edib ki, BANM-in əsas missiyası yüksək ixtisaslı ingilisdilli mühəndis kadrları ilə yanaşı, tələbələri həyata və dünyaya hazırlamaqdır. Rektor məhz buna görə də, BANM-də təhsil alan gənclərin hətta diplom almadan belə işlə təmin olunduğunu diqqətə çatdırıb. E.Qasımov yarandığı gündən etibarən  ali təhsil ocağının məzunlarının hər birinin nüfuzlu yerli, transmilli və beynəlxalq şirkətlərdə işlə təmin olunduğunu vurğulayıb.

 

Tələbələr isə öz növbəsində əldə etdikləri uğurlu nəticəni Bakı Ali Neft Məktəbində aldıqları yüksək təhsil və bacarıqlar, eləcə də onlar üçün yaradılan əlverişli şərait sayəsində qazandıqlarını bildiriblər.