Son illər Bakı Mühəndislik Universitetində  (BMU)  gənc kadrların irəli çəkilməsi üçün ardıcıl işlər həyata keçirilir. Belə ki, elmi-pedaqoji fəaliyyətlə məşğul olan gənc müəllimlərin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə universitetdə çalışan 40 yaşadək olan müəllimlərin sayı 112-dən 163-ə (45,5 faiz artım) çatıb. Universitetin professor-müəllim heyətinin orta  yaş həddi isə 42-dir.

 

Universitetdən bildirilib ki, BMU tələbə klublarının sayına və tələbə fəaliyyətlərinin müxtəlifliyinə görə ölkə universitetləri arasında ən aparıcı yeri tutur. BMU-da  50-yə yaxın tələbə klubları fəaliyyət göstərir və onların fəaliyyətinin ictimailəşməsi təmin olunur. Ali məktəbdə,  eyni zamanda 4 tələbə təşkilatı -Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti, YAP Gənclər Təşkilatı (YAP GT) fəaliyyət göstərir. Bunlar  təhsil ocağında gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə, yüksək əxlaqi keyfiyyətlərə yiyələnməsi, şəxsiyyət kimi yetişməsi, onların ictimai həyatda hər zaman fəal olmalarına xidmət edir.