Bakı Slavyan Universitetinin rektoru, filologiya elmləri doktoru, Əməkdar müəllim, “Şöhrət” ordenli professor Nurlana Əliyevanın “Qüdrətli Azərbaycan naminə” adlı yeni kitabı nəşr olunub. Kitab ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi fəaliyyətə başlamasının 50 illiyinə həsr olunub.

 

Kitabın redaktoru və ön sözün müəllifi Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik  Nizami Cəfərovdur. O, yazdığı “Ulu öndər Heydər Əliyevin zəngin fəaliyyətinə fundamental elmi baxış” adlı ön sözdə monoqrafiyanı geniş və hərtərəfli təhlil edib, onun yüksək elmi-siyasi və bədii keyfiyyətlərini əsaslandırıb.

 

Kitab “Mütərcim” nəşriyyat-poliqrafiya mərkəzində yüksək poliqrafik keyfiyyətlə nəşr olunub.

 

Dünya siyasətinin görkəmli siması, Azərbaycan xalqının ümummilli lideri  Heydər Əliyevin siyasi fəaliyyətinin 50 illik dövrünü əhatə edən kitabda həmçinin, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən müstəqil ölkəmizin müasir dünya standartlarına və yeni beynəlxalq çağırışlara uyğun beynəlxalq siyasi münasibətlər sistemində layiqli yer tutan genişmiqyaslı fəaliyyətləri, çoxcəhətli addımları işıqlandırılır.

 

Kitabda ölkənin ən böyük və aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası, örnəyə çevrilən Azərbaycan qadınlarının həyatı, fəaliyyəti, Qarabağ həqiqətləri  də təhlil edilir.