Azərbaycan Tibb Universitetinin (ATU) bioloji kimya kafedrasında seminar keçirilib.

 

ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müşfiq Orucov  təhsil ocağının beynəlxalq əlaqələrinin genişlənməsindən danışıb və ali məktəbdə qonaq olan Ukrayna İvan Franko adına Droqobıç Dövlət Pedaqoji Universitetinin və Polşada Lublin Katolik Universitetinin professoru Taras Kavetskini seminar iştirakçılarına təqdim edib.

 

7 ildir ki, Taras Kavetski ilə birgə elmi-tədqiqat işləri aparan Ukrayna-Azərbaycan Beynəlxalq Tədqiqat və Təhsil Mərkəzinin Azərbaycan üzrə rəhbəri, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Rövşən Xəlilov bildirib ki, alim materiyanın canlı və cansız aləmini tədqiq edən bir professordur. Pozitron annihilyasiya sahəsində dünyanın aparıcı mütəxəssislərindən biri kimi tanınır. Onun sözlərinə görə, T.Kavetski  Almaniya, Çin, Slovakiya və dünyanın bir sıra ölkələrində elmi-tədqiqat işləri aparır.

 

Sonra T.Kavetski “Laktat əsaslı amperometrik biosensorların təkmilləşdirilməsi üçün yeni polimer matrisalar və nanodaşıyıcılar” mövzusunda məruzə ilə çıxış edib. O, nanotexnologiyalar, müasir nanosistemlərin ayrı-ayrı sahələrdə, eləcə də tibb sahəsində uğurla tətbiqi ilə bağlı iştirakçılara ətraflı bilgi verib, seminar iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

 

Sifai SƏFƏROVA