Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun  əməkdaşları Misir İnkişaf Tərəfdaşlığı Agentliyi  və Qahirə Universitetinin Ərəb Dili İnkişafı və Tədrisi Mərkəzinin “Qeyri-ərəbdilli universitet müəllimləri üçün ərəb dilinin öyrədilməsi” sahəsində təşkil etdiyi təlim kursunda iştirak ediblər.

 

Filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Bayramova və  fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Leyla Məlikovanın qatıldığı təlim kursu  bir ay davam edib və Azərbaycanla yanaşı, dünyanın on ölkəsindən nümayəndələr iştirakçı olub.   180 saatı əhatə edən kursda ərəb dilinin tədrisi sahəsində mövcud olan yeni metodikalar və onların tətbiqi, ərəb dili və ədəbiyyatı, tarixi və mədəniyyəti, infoqrafika ilə bağlı mühazirələr dinlənilib. Müasir təlim texnologiyalarının verdiyi imkanlar daxilində ərəb dili tədrisinin bu gün üçün zəruri olan aktual problemlərinin ortadan qaldırılması üçün müxtəlif ölkələrdən olan nümayəndələr öz təcrübələrini paylaşıblar.

 

Qahirə Universitetinin prorektoru Məhəmməd Sami Abdus Sadiq iştirakçılarla görüşüb. Kurs başa çatdıqdan sonra iştirakçılara sertifikatlar təqdim edilib.

 

İştirakçıların Qahirənin tarixi yerlərinə ekskursiyası, habelə Şarm əş-Şeyx və İsgəndəriyyə şəhərlərinə səfərləri də təşkil olunub. Görməli yerlər, tarixi abidələr, muzeylər, o cümlədən məşhur İsgəndəriyyə kitabxanası da ziyarət edilib.

 

Şərqşünaslıq İnstitutunun elmi fəaliyyətini əks etdirən buklet Misir universitetlərinin rəhbərlərinə təqdim olunub, bu universitetlərə davamlı elmi əməkdaşlıq da təklif edilib.