Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) 2020/2021-ci tədris ilindən etibarən magistratura proqramı fəaliyyətə başlayacaq.

 

Proqramın təqdimatı ilə bağlı keçirilən tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı deyib ki, UFAZ-da ilk dəfə həyata keçiriləcək magistratura pilləsində tədris tətbiqi kompüter elmləri, geofizika, fiziki kimya və kimya mühəndisliyi ixtisasları üzrə aparılacaq.

 

2 il nəzərdə tutulan magistratura proqramının sonunda məzunlara iki diplom (ADNSU və Unistra) veriləcək. Magistratura proqramı üzrə də tədris ingilis dilində olacaq.

 

Dövlət İmtahan Mərkəzinin magistratura imtahanından 70-dən çox bal toplayan bütün yerli və xarici tələbələrin UFAZ-da sənəd verə biləcəyini deyən rektorun sözlərinə görə, hər 3 ixtisas üzrə magistratura təhsili Azərbaycan Respublikası tərəfindən maliyyəlləşdirilir. UFAZ-ın qəbul imtahanının aprelin 27-də keçirilməsi nəzərdə tutulur.

 

Fransanın Azərbaycandakı səfiri Zakari Qross Fransanın dünyanın bir çox ölkələri ilə ikili diplom proqramlarını icra etdiyini xatırladıb, Azərbaycanla həyata keçirilən ikili diplom proqramını daha uğurlu hesab edib.

 

UFAZ-ın elmi eksperti, professor Pyer Kollet deyib ki, 2020/2021-ci tədris ilində 80 magistrin təhsil alması nəzərdə tutulub. Onun sözlərinə görə, magistratura pilləsində təhsil alan tələbələr tədrisin ikinci ilindən etibarən Fransada tədqiqat aparmaq üçün təqaüd əldə etmək imkanı da qazanacaqlar.