Qars Qafqaz Universitetinin rektoru, professor Hüsnü Kapı, Ağrı İbrahim Çeçen Universitetinin rektoru, professor Abdulhalik Karabulut Naxçıvan Dövlət Universitetində olub.

 

Universitetin rektoru Elbrus İsayev qonaqlara ali təhsil ocağının strukturu, fakültələri, tədris olunan ixtisaslar və beynəlxalq əlaqələri haqqında məlumat verib. Universitetə qəbul olan əcnəbi tələbələrin siyahısında türkiyəli tələbələrin daha çox üstünlük təşkil etdiyini qeyd edən rektor bunun səbəbini dil, din birliyi, ortaq adət-ənənələrə sahib olmaqla əlaqələndirib.   

 

Görüşdə elm-təhsil sahələrində ortaq layihələr həyata keçirmək, konfranslar, simpoziumlar  təşkil etmək, ortaq elmi araşdırmalar aparmaq, elmi toplantılar təşkil etmək, tələbə-müəllim mübadiləsi həyata keçirmək, müxtəlif idman növləri üzrə universitetlərarası idman yarışları keçirmək məsələləri müzakirə edilib. Elmi rəqabətliliyin təmin edilməsi, tələbə təqaüdü proqramları, elmi əməkdaşlıqda magistr və doktorantura proqramları, elmi tədqiqat sahələrində birgə araşdırmalar, tədqiqatlar aparmaq əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirilib.

 

Hər iki universitetin rektoru Naxçıvan Dövlət Universiteti ilə qarşılıqlı əlaqələrə toxunub, birgə əməkdaşlığın perspektivlərindən bəhs ediblər.

 

Universitetin incəsənət fakültəsində olan qonaqlar Azərbaycan - Türkiyə dostluğunu özündə əks etdirən sərgiyə baxıb, onlar üçün təşkil edilən konsert proqramını izləyiblər. Tibb fakültəsində olan qonaqlara bildirilib ki, bu il fakültəyə qəbul olan 201 xarici tələbədən 153-ü Türkiyədəndir.

 

Qonaqlar universitetin xəstəxanasına baş çəkib, burada yaradılan şəraitlə də tanış olublar.

 

Onlar ali məktəbin baytarlıq ixtisası ilə də bağlı  bilgilər alıblar. Bildirilib ki,    bu  ixtisas üzrə təhsil alan tələbələr hər il Qars Qafqaz Universitetində təcrübə kursu keçirlər.

 

Türkiyəli qonaqlar hər bir fakültənin ayrıca binada fəaliyyət göstərməsini təhsilə yaradılan əlverişli şərait kimi yüksək qiymətləndiriblər.