AMEA-nın Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 96-cı ildönümü münasibətilə “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda elmi konfrans keçirilib.

 

Bölmənin sədri, akademik İsmayıl Hacıyev Аzərbаycаnın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın mürəkkəb tarixi inkişaf yolu keçməsindən, 1924-cü il fevralın 9-da dövlətçilik tariximizdə baş vermiş mühüm hadisədən-Naxçıvan Muxtar Respublikasının yaradılmasından danışıb. Bildirib ki, Naxçıvanın Azərbaycanın tərkibində muxtariyyət statusu Türkiyə-Rusiya arasında bağlanılan Moskva müqaviləsi ilə rəsmiləşdirilib. Müqavilənin müddətsiz bağlanması onun tarixi əhəmyyətini daha da artırıb.

 

1993-cü ildə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə xalqın və müstəqil dövlətçiliyin möhkəmləndirilməsindən danışan alimin sözlərinə görə,  Ümummilli liderin  Naxçıvanla bağlı verdiyi sərəncamlar, onun Naxçıvanın ərazi bütövlüyü və təhlükəsizliyi üçün gördüyü işlər, bu diyara tarixi səfərləri, muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsi və digər tədbirlərin həyata keçirilməsi Naxçıvanın hərtərəfli inkişafını təmin edib.

 

Konfransda, həmçinin bölmə əməkdaşları tərəfindən Naxçıvan Muxtar Respublikasının muxtariyyəti ilə bağlı tədqiqatların aparıldığı, məqalələr hazırlandığı, elmi konfrans və interaktiv açıq dərslərin təşkil edildiyi diqqətə çatdırılıb. Bildirilib ki, 2020-ci ildə də bu istiqamətdə tədbirlər davam etdiriləcək.

 

Daha sonra Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimovun “Muxtariyyət ərəfəsində Naxçıvanda ictimai-siyasi vəziyyət”, həmin institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin “Moskva və Qars müqavilələri- Naxçıvan Muxtar Respublikasının yaradılması”, kiçik elmi işçi Nilufər Ağayevanın “Naxçıvan Muxtar Respublikasının inkişaf yolu” mövzusunda məruzələri dinlənilib.