AMEA Coğrafiya İnstitutunun Elmi seminarının iclasında Azərbaycanın torpaq ehtiyatları coğrafiyası şöbəsinin müdiri, dosent İsmayıl Quliyev  "Samur-Abşeronarası düzən torpaqlarının müxtəlif ekosistemlərdə təbii və antropogen deqradasiyası və torpaqlardan səmərəli istifadə yolları"  mövzusunda məruzə edib.

 

Məruzəçi bildirib ki, təbii amillərlə yanaşı, əhalinin dağlıq bölgələrdən düzənliyə miqrasiyası ilə bağlı örüş və otlaq sahələrinin azalması, əraziyə düşən yüklənmənin çoxalması, yay mövsümündə terraslarda ot örtüyünün yandırılması, torpaqların suvarılması zamanı mütərəqqi texnoloji üsullardan istifadə edilməməsi, ətraf torpaq sahələrinin mütəhərrik qum tufanlarından və eroziyadan mühafizəsi üçün mübarizə tədbirlərinin görülməməsi, torpaqların neft hasilatı, daş karxanaları, sənaye-seliteb komplekslər, yol-nəqliyyat şəbəkəsinin genişlənməsi və s. kimi antropogen amillər Samur-Abşeronarası Xəzərsahili arid torpaqlarını deqradasiyaya  məruz qoyub.

 

Ərazidə tədqiqat aparan alim əsas deqradasiya tiplərini müəyyənləşdirib, cədvəllər,  sxem və xəritələr əsasında ərazinin bitki örtüyü, su və külək eroziyası, əhalinin sıxlığı, bioiqlim rayonlaşma,  texnogen deqradasiya və  antropogen amillərə görə torpaq deqradasiyasının  qiymətləndilməsi işini aparıb. Məlum olub ki, 250,5 ha-nın (ümumi ərazinin 61,4 %-i) şiddətli və çox şiddətli, 129,6 ha-nın (ümumi ərazinin 31,3 %-i) mülayim, 20,911 ha-nın isə (ümumi ərazinin 4,8 %-i) zəif  deqradasiya olmaqla, ümumiyyətlə, torpaq örtüyünün ümumi ərazisinin 97,5 %-i müxtəlif dərəcədə deqradasiyaya məruz qalıb.

 

Tədqiqatçı torpaq eroziyasına qarşı hazırladığı kompleks tədbirlər planını iclas iştirakçılarına təqdim edib.