Naxçıvan Dövlət Universiteti elmin, təhsilin
tərəqqisi və inteqrasiyası naminə beynəlxalq
əlaqələrin inkişafı sahəsində möhtəşəm
nailiyyətlər qazanmaqdadır. Avropa, Asiya
universitetləri ilə tərəfdaşlığa böyük üstünlük
verən bu elm, təhsil ocağı bir sıra beynəlxalq
layihələrdə, o cümlədən Avropa Birliyi
ölkələrinin TEMPUS proqramının layihələrində
fəal iştirak edir.
Xatırladaq ki, bu proqram tərəfdaş ölkələrdə
institusional əməkdaşlığın və ali təhsilin
təkmilləşməsinə və inkişafına xidmət edir.
1999-cu ildə TEMPUS proqramı çərçivəsində
"Naxçıvan Dövlət Universitetində beynəlxalq
əlaqələrin qurulması" layihəsi ilə qalib gələn
bu ali məktəb sonrakı illərdə
informasiya-kommunikasiya texnologiyalarının
tətbiqi ilə bağlı layihələrin təqdimatında da
fəal iştirak etmişdir. 2010-cu ildə isə TEMPUS
proqramına təqdim olunan müxtəlif layihələrdən
2-nin maliyyələşdirilməsi tövsiyə olunmuşdur ki,
Naxçıvan Dövlət Universiteti də bu layihələrdə
ölkəmizin ali təhsil sistemini təmsil edəcək.
Azərbaycan Dillər Universitetinin müəllifi
olduğu "Azərbaycanda şifahi və yazılı tərcümənin
tədrisi sahəsində islahatlar" adlı layihədə
Avropa ali məktəblərindən Fransanın Strasburq,
Almaniyanın Leyrsiq universitetləri, İtaliyanın
Milan Tərcüməçilik İnstitutu və Böyük
Britaniyanın Esseks Universiteti iştirak
edəcəklər. Rəhbəri (əlaqələndiricisi) Azərbaycan
Dillər Universiteti olacaq layihəyə Azərbaycan
Respublikasının Təhsil Nazirliyi və ölkənin 4
ali məktəbi qatılacaqdır ki, Naxçıvan Dövlət
Universiteti də bu tərəfdaşlar sırasındadır.
Azərbaycanda tərcüməçilik sahəsinin inkişafına
xidmət edəcək layihədən bütövlükdə 230-dan artıq
tələbə, 350-dək rrofessor-müəllim heyəti və
30-dək inzibati heyət yararlana biləcək.
Fərəhləndirici haldır ki, "İnnovasiyaları
işgüzarlığa çevirməkdə universitetlərin rolunun
artırılması" adlı digər layihədə Naxçıvan Dövlət
Universiteti yerli əlaqələndirici qismində
iştirak edəcək. Digər bir əlaqələndiricisi
Almaniyanın Leypsiq Universiteti olacaq layihəyə
Avropanın Danimarka, Portuqaliya kimi
ölkələrinin, Özbəkistanın 8 təhsil müəssisəsi, o
cümlədən Azərbaycandan 3 universitet qoşulacaq.
Layihənin əsas məqsədi innovasiyaların
işgüzarlığa cəlb olunmasında universitetlərin
funksiyalarının fəallaşdırılmasıdır.
Oktyabr ayından gerçəkləşdiriləcək layihələr
çərçivəsində üç il ərzində həyata keçiriləcək
müştərək treninqlər, elmi təcrübə mübadilələri,
xarici ezamiyyələr dünya təcrübəsinin
öyrənilməsində, modern tədris üsullarının
tətbiqində böyük rol oynayacaq.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri |