Sentyabrın
21-də Bakının Badamdar qəsəbəsindəki 239 nömrəli
orta məktəbdə Beynəlxalq Sülh Günü və "Ekologiya
ili" çərçivəsində "Adama bir ağac əkək" devizi
altında tədbir keçirildi.
Məktəbin həyətində təşkil olunmuş tədbiri giriş
sözü ilə təhsil ocağının direktoru Sədaqət
Əzimova açaraq mərasimin mahiyyəti haqqında
geniş məlumat verdi. Sonra tədbir iştirakçıları
məktəb kollektivi ilə birlikdə həyətyanı
sahədəki boş yerlərdə müxtəlif növ ağac
tingləri əkdilər, habelə, əvvəllər şagirdlərin
əkdikləri şam, sərv, zeytun ağaclarını, kolları
və bir-birindən gözəl dibçək güllərini
suladılar.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı
Əfqan İsgəndərov və digər qonaqlar belə
tədbirləri əhəmiyyətli və yaddaqalan hesab
etdilər, özləri də ağacəkmə kampaniyasına
qoşuldular. Həmin gün məktəbin həyətində 150-yə
yaxın şam, sərv və zeytun ağacları əkildi.
Rəşad ZİYADOV |