Azərbaycanın Yunanıstandakı səfiri Rəhman
Mustafayev AzərTAc-a bildirmişdir: "Azərbaycanın
Yunanıstandakı səfirliyinin təşəbbüsü ilə bu
ölkənin nüfuzlu ali məktəblərindən biri olan
Afina İqtisad Universitetində Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev adına
təqaüd təsis edilməsi planlaşdırılır".
Diplomat qeyd etmişdir ki, bu təqaüd Azərbaycana
və Azərbaycan-Yunanıstan münasibətlərinə həsr
edilmiş ən yaxşı elmi araşdırmaların müəllifləri
olan tələbələrə veriləcəkdir.
Səfir demişdir: "Mən artıq Afina İqtisad
Universitetinin rektoru ilə görüşmüşəm və o,
həmin təşəbbüsü müsbət qarşılamışdır. Layihənin
icrasına növbəti dərs ilindən başlamaq nəzərdə
tutulur. Ən yaxşı işləri münsiflər heyəti
müəyyənləşdirəcəkdir. Qaliblər təqaüdlə bərabər
Azərbaycana səfər etmək imkanı qazanacaqlar".
R.Mustafayevin sözlərinə görə, bu təşəbbüs
yunanıstanlı gənclərin Azərbaycana marağını
özünəməxsus tərzdə təşviq edəcəkdir. |