Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin "Ən
yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim
mükafatlarının təsis edilməsi haqqında"
imzaladığı tarixi Sərəncam Bakının Maştağa
qəsəbəsindəki 187 nömrəli orta məktəbin pedaqoji
kollektivini də sevindirdi. Bütün uğurlarını və
çətinliklərini düzgün təhlil edərək imkanlarını
səfərbər edən bu təhsil müəssisəsi də şəffaf və
ədalətli qaydada keçirilən "Ən yaxşı ümumtəhsil
məktəbi"nin builki müsabiqəsinə qatıldı.
Hazırda ölkənin ən yaxşı məktəbləri sırasında
yer qazanan 187 nömrəli orta məktəbin pedaqoji
kollektivi bu yüksək mükafata və təhsilə
göstərilən diqqət və qayğıya görə dövlətimizin
başçısına minnətdarlığını bildirir.
Məktəbin direktoru Nailə Məmmədova bildirdi ki,
keçən dərs ilində məktəbi bitirən məzunların 32
nəfəri ali, qalanları isə orta ixtisas və peşə
məktəblərinə qəbul olunub. Bu təhsil müəssisəsi
respublikada təcrübəsi yayılmış baza məktəbi
olmaqla bərabər, həm də "Öyrədənlərin öyrədəni"
sertifikatını alıb.
2009-2010-cu tədris ilində bu təhsil ocağında
bütün fənlər üzrə "açıq dərs"lər təşkil olunub,
"dəyirmi masa"lar keçirilib. Milli Kurikulumun
öyrənilməsi və tətbiqi həmişə diqqət
mərkəzində saxlanılıb. Şagirdlərin müxtəlif fənn
olimpiadalarında uğurlu nəticələr qazanmasında
müəllimlərdən Zərxanım Əsgərova, Arzu Rüstəmova,
Validə Qədimova və başqalarının zəhməti böyük
olub. Məktəbin təcrübəli pedaqoqları şagirdlərin
təlim-tərbiyəsində, gənc müəllimlərin pedaqoji
ustalığının artırılmasında bütün qüvvələrini
sərf edirlər.
Şakir CƏFƏROV |