Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri, professor Famil Mustafayevlə görüş keçirilib.

 

BSU-nun Elmi Şurası və AAK-ın qərarı ilə yaradılan Dissertasiya Şurası üzvlərinin, eləcə də gənc tədqiqatçıların iştirak etdikləri tədbirdə BSU-nun rektoru, professor Nurlana Əliyeva universitetin Ali Attestasiya Komissiyası ilə sıx əməkdaşlıq etdiyini, Komissiyanın yeni rəhbərliyinin həyata keçirdiyi islahatların elmi ictimaiyyət, o cümlədən universitet kollektivi tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandığını diqqətə çatdırıb. O,  professor-müəllim heyətinin, xüsusilə gənc tədqiqatçıların AAK sədri ilə görüşünün hər iki tərəf üçün faydalı olacağına əminliyini bildirib.

 

AKK-ın sədri F.Mustafayev Komissiyanın fəaliyyətinin yenidən təşkili ilə bağlı atılan addımların ölkə Prezidentinin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən struktur dəyişikliklərinin ayrılmaz tərkib hissəsi olduğunu qeyd edib. Komissiyanın fəaliyyətinə dair məlumatları auditoriyaya müqayisəli şəkildə təqdim edən sədr elmi dərəcə və elmi adların verilməsi ilə bağlı yeni qaydaların əvvəlki qaydalardan, yeni forma və məzmunlu attestasiya sənədlərinin – diplomlar, attestatlar və şəhadətnamələrin ötən illərdəki sənədlərdən nə ilə fərqləndiyini, dissertasiya şuraları və elmi seminarların fəaliyyətində yeniliklərin nədən ibarət olduğunu diqqətə çatdırıb.

 

Professor F.Mustafayev dissertasiya mövzularının təsdiqi, fəlsəfə doktoru imtahanlarının təşkili və keçirilməsi, elmi araşdırmaların nəticələrinin dövri elmi nəşrlərdə dərc etdirilməsi, dissertasiya və avtoreferatların tərtibi, dissertasiya şuralarında müdafiələrin təşkili və səsvermənin keçirilməsi, iddiaçılara fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələrinin, dosent və professor elmi adlarının verilməsi ilə bağlı yeniliklər, hüquqi-normativ sənədlərdə edilən dəyişikliklər barədə tədbir iştirakçılarına məlumat verib.

 

Sonda Komissiyanın sədri BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov, professorlar Aslan Məmmədli və Flora Naciyeva, tədbirdə iştirak edən digər alimlər, elmi dərəcə və elmi ad iddiaçılarının çoxsaylı suallarını cavablandırıb.