Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsində görkəmli Azərbaycan yazıçısı, ictimai-siyasi xadim Nəriman Nərimanovun anadan olmasının 150 illiyinə həsr olunan onlayn elmi konfrans keçirilib.

 

Bölmənin sədri, akademik İsmayıl Hacıyev yazıçının həyat və yaradıcılıq fəaliyyətindən bəhs edərək bildirib ki, dövrünün görkəmli şəxsiyyətlərindən olan N. Nərimanov hər zaman Azərbaycanın milli mənafeyini yüksəkdə  tutub.

 

O diqqətə çatdırıb ki, Ümummilli lider Heydər Əliyevin qayğı və diqqəti sayəsində N.Nərimanovun 100 və 125 illik yubileyləri qeyd olunub, Ulu öndərin təşəbbüsü ilə ədibin Bakıda əzəmətli abidəsi ucaldılıb, ev muzeyi yaradılıb.

 

Vurğulanıb ki, Azərbaycan tarixində, ədəbiyyatında özünəməxsus xidmətləri olan görkəmli yazıçının fəaliyyətini əks etdirən çoxsaylı kitab və monoqrafiyalar çap edilib. Ölkə Prezidentinin sərəncamına uyğun olaraq N.Nərimanovun ictimai, siyasi fəaliyyətinin təbliği istiqamətində mühüm işlər görülüb.

 

Konfransda Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Yeni və ən yeni tarix şöbəsinin aparıcı elmi işçisi Musa Quliyevin “Görkəmli ictimai-siyasi və dövlət xadimi Nəriman Nərimanov”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru Əbülfəz Quliyevin “Nəriman Nərimanov və dil məsələləri”, həmin institutun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri Ramiz Qasımovun “Nəriman Nərimanovun dramaturgiyası” və şöbənin böyük elmi işçisi Nərgiz İsmayılovanın “Nəriman Nərimanovun publisistikası” mövzusunda məruzələri dinlənilib.