Mingəçevir Dövlət Universitetində (MDU) “Qüdrətli Azərbaycan ordusu milli müstəqilliyimizin və suverenliyimizin qarantıdır” mövzusunda elmi konfrans keçirilib. Microsoft Teams platforması üzərindən online formatda təşkil olunan konfransda MDU-nun professor-müəllim, inzibati-texniki heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər.

 

MDU-nun rektoru Şahin Bayramov 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə universitet kollektivini, tələbələri və məzunları  təbrik edib. O, ümummilli lider Heydər Əliyevin hələ sovetlər dönəmində ölkəmizdə ordu quruculuğuna xüsusi diqqət yetirdiyini bildirib. Məhz Ulu Öndərin sayəsində ötən əsrin 70-80-ci illərində Azərbaycanda hərbi liseylərin və məktəblərin yaradılması, gənclərin keçmiş SSRİ-nin aparıcı ali hərbi təhsil müəssisələrinə göndərilməsini diqqətə çatdırıb. Rektorun sözlərinə görə, 1993-cü ildə xalqın təkidli tələbə ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev tərəfindən qısa bir müddətdə nizamlı və sistemli ordu yaradıldı; silahlı qüvvələrin maddi-texniki bazası və kadr potensialı gücləndirildi.

 

Ş.Bayramov hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə silahlı qüvvələrimizin qüdrətinin davamlı olaraq yüksəlməsini və Azərbaycan əsgərinin dünyanın bir sıra qaynar nöqtələrində sülhməramlı qüvvələrdə iştirak etməsini bildirib.

 

Sonra konfransda məruzələr dinlənilib. MDU-nun humanitar fənlər kafedrasının əməkdaşlarından İlham Məmmədov “Azərbaycan xalqının şanlı hərb tarixinə ümumi baxış”,  Mirzə Cavadov isə “Müstəqil Azərbaycanda ordu quruculuğu: monolit təməl, davamlı inkişaf” mövzusunda məruzələrlə çıxış ediblər.

 

Konfrans davamlı inkişaf edən və müasirləşən Azərbaycan silahlı qüvvələrinin işğal altındakı torpaqlarımızı azad etməyə tam hazır olmasına əminliyin ifadə olunması ilə yekunlaşıb.