Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin “Yeni Dünya Nizamı və onun mahiyyəti” kitabının onlayn təqdimatı keçirilib.

 

Bölmənin sədri, akademik İsmayıl Hacıyev son dövrlərdə Yeni Dünya Nizamı və onun mahiyyəti ilə bağlı məsələlərin geniş müzakirə olduğunu söyləyib. Bildirib ki, ictimaiyyətə təqdim olunan nəşrdə tədqiqat predmeti kimi seçilmiş mövzunun araşdırılması, müasir dünyamızda baş verən hadisələrin, problemlərin və geosiyasi oyunların anatomiyası verilib. Kitabda Yeni Dünya Nizamı, onun mahiyyəti, pərdəarxası məqamları, böyük güclərin qlobal hegemoniya uğrunda apardıqları siyasətin məqsədi və bəşəriyyətə etdiyi vədlər, bu nizamda dünya dövlətlərinin yeri və sair məsələlər təhlil edilib.

 

Qeyd olunub ki, kitabda yerli və xarici müəlliflərin əsərləri ilə yanaşı, internet resurslarından da istifadə olunub. Faktiki materiallar əsasında problemin bəzi qaranlıq tərəfləri dərindən araşdırılıb.

 

Daha sonra Naxçıvan Dövlət Universitetinin beynəlxalq münasibətlər və hüquq fakültəsinin dekanı, fəlsəfə elmləri doktoru Yusif Hüseynov, universitetin beynəlxalq münasibətlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Şamxal Məmmədov, politoloq Nurlan Qələndərli və AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli çıxış edərək, fundamental nəşrin müasir dövr üçün aktuallığından bəhs edib, müəllifə gələcək elmi fəaliyyətində uğurlar arzulayıblar.