OECD məktəb təhsilinin 4 inkişaf ssenarisini müəyyən edib


2020-ci ilin birinci yarısında 188 ölkə COVID-19 virusunun yayılmasını yavaşlatmaq üçün məktəblərini müvəqqəti olaraq bağladı.  Nəticədə birdən-birə 1,5 milyarddan çox təhsilalan onlayn dərslərə qatılmalı oldu.  Son aylarda bir sıra  ölkələrdə  məktəblər yenidən açılmağa başladı: bəziləri isə dərslərin yenidən başlamasından bir neçə gün sonra distant təhsilə qayıtmaq məcburiyyətində qaldı, çünki infeksiyanın səviyyəsi kəskin şəkildə artdı. Uşaqların məktəbə qayıtması ilə cəmiyyətin sağlamlığını qorumaq arasında hansı kompromisslər var? Məktəblər koronavirusa necə uyğunlaşa bilərlər? Və bu virus bizim öyrəndiklərimizi radikal və əbədi olaraq dəyişəcəkmi?  İqtisadi Əməkdaşlıq və İnkişaf  Təşkilatının (OECD) təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer  “ Gələcək məktəb təhsilinin dörd ssenarisi” adlı məqaləsində bu vəziyyəti izah edir.

 

Gələcək bizi təəccübləndirməyi sevir

 

Bütün dünyada şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirmə proqramının (PISA) müəllifi  qeyd edir ki, 2020-ci il - retrospektivlərin və uzaqgörənliyin bu həyəcanlı ili bizə xatırladıb ki, ən yaxşı planlara baxmayaraq, həqiqət ondan ibarətdir ki, gələcək bizi təəccübləndirməyi sevir.  Təhsil sistemlərimizi baş verə biləcək hadisələrə hazırlamaq üçün biz yalnız ən çox ehtimal olunan dəyişiklikləri deyil, gözləmədiyimiz dəyişiklikləri də nəzərə almalıyıq.

 

Bizim gələcəklə bağlı fikirlərimizin əksəriyyəti xəttidir və hazırda mövcud olan tendensiyaların genişlənməsinə əsaslanır. Lakin tendensiyalar yavaşlayır, sürətlənir, əyilir və qırılır, gözlənilməz hadisələr hətta uzunmüddətli tendensiyaları da poza bilər - buna misal olaraq koronavirus pandemiyasını (COVID - 19) göstərmək olar.

 

Gələcək məktəb təhsilinin dörd ssenarisi

 

Gələcəklə bağlı konkret faktlar və sübutlar olmadıqda ssenarilərdən istifadə bizə gələcəkdə daha geniş mənada təlim və təhsil zamanı yarana biləcək imkan və problemləri  müəyyənləşdirməyə kömək edə bilər.   OECD-nin  məktəb təhsili üçün ssenariləri gələcəyin dörd alternativ variantından ibarət dəsti nəzərdə tutur:

 

1. Məktəblərin genişlənməsi

Formal təhsildə iştirakın genişlənməsi davam edir. Beynəlxalq əməkdaşlıq və texnoloji nailiyyətlər daha fərdiləşdirilmiş təlimi dəstəkləyir. Məktəb təhsilinin strukturları və prosesləri qalır.

 

2.Təhsil qaydaları

Cəmiyyət öz vətəndaşlarının təhsilinə birbaşa, daha çox cəlb olunduqca ənənəvi məktəb təhsil sistemləri sıradan çıxır. Təlim rəqəmsal texnologiyaların əsas amil kimi çıxış etdiyi daha fərqli, fərdi və çevik mexanizmlər əsasında həyata keçirilir.

 

3. Məktəblər tədris mərkəzləri kimi

Məktəblər qalır, lakin müxtəliflik və təcrübələr bir norma halına gəlir.  “Məktəb divarları”nın açılması  məktəbləri cəmiyyətlərlə birləşdirir, daim dəyişən təhsil, vətəndaş aktivliyi və sosial innovasiya formalarını təşviq edir.

 

4.  Nə qədər öyrənirsən, öyrən

Təhsil hər yerdə və həmişə baş verir. Formal və qeyri-formal təlim arasındakı fərqlər artıq qüvvəyə malik deyil, çünki cəmiyyət tamamilə  maşınların gücünə  verilir.

 

A.Şleyxer  hesab  edir ki,  bu ssenarilər bizi yenidənhazırlanma, məktəb təhsilindən imtina sahəsində mövcud tendensiyaların, o cümlədən tədris bazarlarının genişlənməsi, getdikcə daha fəal valideynlərin, həmçinin rəqəmsal texnologiyalara investisiyaların həcminin artması və onların insanların birləşdirilməsində rolunun, habelə təhsilin fərdiləşməsinə təsirinin həqiqi nəticələrini düşünməyə məcbur edir.

 

Ssenarilər təlim üçün fərdi motivasiyadan necə daha yaxşı istifadə olunması, həmçinin onun  formal və qeyri-formal mənbələrini tanımaq, onlardan faydalanmaq üçün  davam edən müzakirələrlə bağlıdır. Texniki tərəqqi son bir neçə onillikdə təhsilin özündə baş verən əsas dəyişikliklər və tendensiyalar kimi bir-biri ilə sıx bağlıdır.

 

Məktəb təhsilinin gələcəyi necə olacaq?

 

OECD-nin rəsmi nümayəndəsi qeyd  edir ki, təhsilin gələcəyi barədə düşünmək üçün əsas məsələ bundan ibarətdir: bizim indiki strukturlarımız vizyonumuza nə dərəcədə kömək edir və ya mane olur? Başqa sözlə, əgər bu gün biz planetə yenicə gəlmiş və öz təhsil sisteminin layihələşdirilməsinə dair məsləhətlər axtaran marslı ilə görüşsəydik,  nə təklif edərdik?

 

İndi bildiyimiz kimi, məktəblərdən və məktəb təhsilindən başlamağı təklif edə bilərik və evin pəncərə və qapılarının yenidənqurulma sistemini, konseptual ekvivalentini modernləşdirməyi və təkmilləşdirilməsini məsləhət görərik? Yoxsa insanlar, məkan, vaxt və texnologiyalardan istifadə etmək üçün tamamilə fərqli bir yol təklif etmək daha yaxşıdır? Bu transformasiya proseslərində kimlər iştirak edəcək və həyatın hansı hissəsini əhatə edəcək  (körpəlik? erkən uşaqlıq? yetkinlik, əmək dünyasına bağlılıq? Yoxsa, ömürlük, o cümlədən əhalinin yaşlı təbəqəsinin artması səviyyəsinə uyğun olaraq 80 və 90 + yaşlı  təbəqəsi  üçün təhsil) ?

 

Formal təhsildə iştirak bütün insanlar üçün artacaqmı? Yoxsa icmalar formal  və qeyri-formal təlimin rolunu artırmaqla uşaqlarının təhsilində daha fəal iştirak edəcəklər? Təhsil texnologiyalarının vədləri doğrulacaqmı? Əgər belədirsə, bu davamlı transformasiya dəyişikliklərə və ya əvəzində radikal dağıntılara səbəb olacaqmı? Ssenarilərdən istifadə nazirlərdən və direktiv orqanlardan tutmuş müəllimlərə, valideynlərə və şagirdlərə qədər bütün subyektlərə bu məsələləri onların təhsil sisteminin yerli reallıq kontekstində öyrənilmsəsinə kömək edə bilər.

 

Gələcək bütün problemlərin yox olduğu sehrli ölkə deyil

 

A.Şleyxerə görə, vacib məqam odur ki, gələcəyi düşünmək bizə fərziyyələri və planları sınamağa  (stress-test etməyə) imkan verir. Bu, ssenarilərin istifadəsində lazımi addımdır. Gələcəyi bütün problemlərimizin yox olacağı yer kimi düşünməməliyik - əslində yeni çağırışlar gələcək. Təhsil sistemlərimiz, məsələn, virtual təhsil məkanları və şəxsi münasibətlər arasında, ya da təhsilin əhatəliliyinə və nəticələrinə təsir edən sosial bərabərsizliklə məktəb siyasəti və təcrübəsinin çoxalmasına və ya yumşalmasına kömək edə biləcək dərəcədə ziddiyyətlər və paradokslarla doludur.

 

OECD-nin gələcək məktəb təhsili üçün dörd ssenarisi ilhamlandırmaq, arzulamaq, transformasiya etmək məqsədilə istifadə edilə bilər. Onlardan gözlənilməz zərbələrin  qarşısını almaq üçün istifadədə faydalanmaq olar.

 

Hər şeydən əvvəl, onlar bu günün və sonrakı illərin təhsil siyasəti və tədqiqatları ilə kəsişən ziddiyyət və paradoksları təqdim etməklə bizi özünü bəyənmə və asan  qərarlar çərçivəsindən kənara çıxmağa təşviq edir.  “Biz ümid edirik ki, yeni ssenarilər əsasında təhsilin gələcəyinə səyahət sizin xoşunuza gələcək. Xeyirxahlıq naminə onlardan istifadə edin. COVID-19 pandemiyası bizə xatırladır ki, alternativ gələcək uzaq bir xəyal deyil, amma sabah bizim reallığımız ola bilər”,-deyə “PISA-nın atası”  bildirir.

 

OECD qeyd edir ki, bu ssenarilər təxminən 20 il üçün nəzərdə tutulub, bu,  futuroloqlardan və görücülərdən başqa hamı üçün çox uzaq olmayan, bilavasitə siyasi dövrlərdən kənara çıxan əhəmiyyətli dəyişikliklər üçün kifayət qədər uzun müddətdir.

 

Təhsil fərdlərin şəxsiyyət, vətəndaş və mütəxəssis kimi inkişaf etməsini dəstəkləmək missiyasını yerinə yetirməkdə davam etmək üçün daim inkişafda olmalıdır.  Mürəkkəb və sürətlə dəyişən bir dünyada bu, formal  və qeyri-formal öyrənmə mühitinin yenidən təşkil olunmasını, təhsilin məzmunu və əlçatanlığınıın  yenidən gözdən keçirilməsini  tələb edə bilər. Sürətlə dəyişən bir dünyada bu dəyişikliklər yalnız təməl təhsildə deyil, ömürboyu öyrənməyə də aiddir.

 

Sürətlə dəyişən dünyamızda təhsil gələcəyə hazırlaşmaq üçün keçmişin dərslərinə söykənə bilməz. Gələcək buradadır və təhsil sistemlərinin bundan dərs alması lazımdır. Uğurumuz gələcəyimizi  təxmin etmək üçün biliklərimizdən nə qədər səmərəli istifadə etməyimizdən və onu formalaşdırmaq üçün nə qədər tez bir zamanda hərəkət etməyimizdən asılı olacaq.

 

Oruc MUSTAFAYEV