Təhsilin fasiləsizliyinin təmin edilməsinə və şagirdlərin psixi sağlamlığının qorunmasına müəllimlər həlledici töhfələr verir


UNESCO-nun Baş direktoru Odre Azule, Beynəlxalq Əmək Təşkilatının Baş direktoru Qay Rayder, UNICEF-in icraçı direktoru Henrietta For və Beynəlxalq Təhsilin Baş katibi David Edvards ictimaiyyətə birgə müraciət ünvanlayıblar. Müraciətdə COVID-19 pandemiyası şəraitində müəllimlərin qarşılaşdıqları çətinliklər diqqətə çatdırılır.

 

Sənəddə qeyd olunur ki, Beynəlxalq Müəllimlər Günü hər il bizə müəllimlərin ən əhəmiyyətli rolunu xatırladır. Müəllimlər hamı üçün inklüziv və keyfiyyətli təhsilin təmin edilməsində xüsusi rol oynayırlar. Bu il Beynəlxalq Müəllimlər Günü müəllimlərin böhran zamanı qarşılaşdıqları problemlər fonunda daha da əhəmiyyət kəsb edir. Pandemiyanın göstərdiyi kimi, müəllimlər təhsilin fasiləsizliyinin təmin edilməsinə və şagirdlərin psixi sağlamlığının və rifahının qorunmasına həlledici töhfələr verirlər. COVID-19 pandemiyası ilə əlaqədar məktəblərin bağlanması problemi demək olar ki, 1,6 milyard şagird, yəni bütün dünyada şagirdlərin ümumi sayının 90%-dən çoxuna təsir edib. COVID-19-un səbəb olduğu böhran 63 milyondan çox müəllimə də təsir edib, bir çox təhsil sistemlərinin mövcud çatışmazlıqlarını ortaya qoyub və bərabərsizlik problemini daha da kəskinləşdirib  ki, bu da ən həssas əhali qrupu üçün fəlakətli nəticələr doğurub. Bu böhran şəraitində müəllimlər - əvvəllər də etdikləri kimi, təhsilin davam etdirilməsini,  heç bir şagirdin diqqətdən kənarda qalmamasını təmin etmək üçün yeni yanaşmalar hazırladılar. 

 

İndi COVID-19 pandemiyasından sonra gələcəyimizi düşünmək, bu cür böhranlara tez və səmərəli reaksiya verə bilmək, təhsil sistemlərimizin dayanıqlılığı üçün çalışmaq lazımdır. Bu, təhsilin maliyyələşdirilməsinin qorunmasını, yüksək keyfiyyətli pedaqoji hazırlığa investisiya qoyulmasını, həmçinin artıq mövcud olan müəllim heyətinin peşə təhsilinin davam etdirilməsini nəzərdə tutur. Təcili tədbirlər görülməsə və investisiyaların həcmi artırılmasa, təhsil sahəsində böhran fəlakət ola bilər.

 

Pandemiyadan əvvəl, on yaşlı uşaqların yarısı aşağı və orta gəlirli ölkələrdə sadə yazılı hekayəni başa düşə bilmirdilər. Böhran dövründə sabitliyi artırmaq üçün bütün müəllimlər kompüter və pedaqoji bacarıqlara malik olmalıdırlar ki,  yüksək texnoloji, istərsə də aşağı texnoloji şəraitdə hər hansı bir texniki maneə olmadan, tədrisin uzaqdan, onlayn rejimdə, həmçinin qarışıq və ya hibrid təlim çərçivəsində aparılmasına imkan versin. Hökumətlər hər yerdə rəqəmsal infrastrukturları və internetə qoşulma imkanlarını təmin etməlidirlər.

 

Sənəddə  2030-cu ilədək Davamlı İnkişaf Məqsədlərinin 4-cü hədəfinə nail olmaq istiqamətində, habelə pandemiyanın nəticələrinin aradan qaldırılmasında müəllimlərin rolu yüksək qiymətləndirilir. Vurğulanır ki, təhsil konsepsiyasını yenidən nəzərdən keçirməyin və hər bir uşaq üçün keyfiyyətli tədrisə bərabər girişi təmin etməyin vaxtıdır.

 

Bu il Beynəlxalq Müəllimlər Günü “Müəllimlər: böhran dövründə aparıcı rol və gələcəyin yenidən düşünülməsi” mövzusuna həsr olunub. Bu əlamətdar günün qeyd edilməsində məqsəd cəmiyyətin inkişafında müəllimin rolunu vurğulamaq, dünyanın hər yerində təhsil sahəsində heç kimin unudulmaması, geri qalmaması üçün səy göstərən müəllimlərin əməyinə diqqət çəkməkdir.

 

Oruc MUSTAFAYEV