Məktəblilər cəbhəyə məktub yazırlar


2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri növbəti təxribata əl ataraq, cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini atəşə tutub. Bu haqsız  müharibədə  günahsız insanların, uşaq və ömrünün ixtiyar dövrünü yaşayan yaşlı insanların da  həyatlarına qəsd olunub. Ancaq erməni faşistlərinin bu ağlasığmaz qəddarlığı, xalqımıza qarşı soyqırımı cəhdi insanlarımızın iradəsini qıra bilməyib. Doğma kəndlərini, rayon və şəhərlərini canlarından  əziz tutan hər bir Azərbaycan vətəndaşı öz ev-eşiklərini tərk etmir, əksinə, ordumuzun cəsur, döyüşkən oğullarına mənəvi dayaq  nümayiş etdirirlər.

 

Bütün dünya uşaqları kimi, Azərbaycan uşaqları da sülh istəyir, özü ilə ölüm kabusu  daşıyan  müharibəyə yox deyir.  Fəqət   dünyasını dəyişənlərimizin uyuduğu müqəddəs torpaqlarımızın  30 il düşmən tapdağı altında qalmasına xalqımız dözə bilməzdi. Vətən sevgisi hamını müsəlləh əsgərə çevirərək bu döyüşə səslədi. Xalqımız ordumuzun qələbə əzminə  arxayındır.

 

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin müəllim və şagird kollektivi də müzəffər ordumuzun apardığı əks-hücum hərbi əməliyyatlarını böyük həyəcan hissi ilə izləyir və əsgərlərimizin əldə etdiyi qələbələrlə qürur   duyur. Cəbhədə düşmənlə üzbəüz döyüşdə mərdliklə vuruşan igidlərimizə ruh yüksəkliyi vermək, onlarda qələbə əzmini daha da artırmaq məqsədilə mərkəz “Əziz Əsgər” adlı cəbhəyə məktub aksiyası həyata keçirib. Mərkəzin dərnək üzvləri Vətəni qoruyan döyüşçülərimizə öz ürək sözlərini yazdıqları kiçicik məktubları və çəkdikləri rəsmləri vasitəsilə çatdırıblar. Mərkəzin fəal üzvləri yaşca  hələ kiçik olsalar da, özlərini ordumuzun yanında hiss edirlər, hərə özünü bir əsgər sayır və qələbə gününü səbirsizliklə gözləyir.

 

Biz əminik ki, lap yaxın günlərdə rəşadətli Azərbaycan Ordusu bu döyüşlərdən qalib çıxacaq, torpaqlarımız işğaldan tam azad olunacaq, şəhidlərimizin, eləcə də  düşmən gülləsinə tuş gələn günahsız  uşaq və yeniyetmələrimizin qisası erməni faşistlərindən alınacaq. Çünki Azərbaycanın işi haqq işidir. Biz qalib gələcəyik! Azərbaycanın üçrəngli bayrağı doğma Xankəndimizdə, Şuşamızda dalğalanacaq!

 

Sifai SƏFƏROVA