İçində təsəlli axtardığımız qanlı olayların bitəcəyi gün uzaqda deyil


“Çoxlu şirin xəyalları vardı”

 

Arturun adı artıq Azərbaycana məlum idi. Bir həftə idi ki, hamı gözünü xəstəxananın reanimasiya otağına dikib bir xoş xəbər, yaralı məktəblinin oyanacağı anı gözləyirdi. Reanimasiyada həyatla ölüm arasında çırpınan məktəbli balanın ölə biləcəyini kimsə ağlına gətirmək istəmirdi. Ancaq fələk işini insanların gözləntilərinə görə qurmur, demək. Artur Mayakov daldığı o dərin yuxudan heç oyanmayaraq bu dünyaya əbədi olaraq vida etdi.

 

Oktyabrın 17-dən xəstəxanadaydı. Gəncə şəhərinə raket atılması nəticəsində xəsarət alanlardanıydı. Gəncə şəhəri K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdiydi. Onun ölümü ilə məktəbin terror qurbanı olan şagirdlərinin sayı dördə yüksəldi. Nigar Əsgərova, Məryəm və Orxan Xəlillilərdən sonra Artur Mayakov... 2007-ci il təvəllüdlü Artur stasionar qaydada müalicə olunduğu xəstəxanada əbədiyyətə qovuşdu.

 

Gəncə şəhər K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbin Tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova Arturdan danışarkən ilk ağlına gələn atasız-anasız böyüyən məktəbli üçün nənəsinin verdiyi mücadilə oldu: “Artur məktəbimizin yaxşı şagirdlərindən biriydi. Anası rusdur. Moskvada yaşayır. Artur nənəsi və bibisi ilə böyüyürdü. Artur Gəncədə yaşayır, burada oxuyurdu. Məktəbimizin yaxşı şagirdlərindən idi. İdmana gedirdi. Yaşıdları kimi, normal uşaqlıq keçirirdi. Çoxlu planları, qurduğu şirin xəyalları vardı”.

 

Nar dərib yeyəcəkdi...

 

Xəyalları olan, gələcək üçün planlar quran tək Artur deyildi ki. Orxanın da arzuları vardı.

 

Oktyabrın 24-də səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Goranboy və Tərtər rayonlarını raket və ağır artilleriyadan atəşə tutması nəticəsində daha bir Orxan həyatını itirdi. Növbəti erməni raketi Tərtər rayonunun Kəbirli kəndində ona tuş gəldi. Nar yığıb yemək istəyən bir uşaq, bir məktəbli daha bir erməni terroruna qurban getdi. 16 yaşlı Orxan düşmən təcavüzü nəticəsində Azərbaycanın terror qurbanı olan səkkizinci məktəblisi oldu.

 

2004-cü il təvəllüdlü Orxan İsmayılzadə Xoruzlu kənd sakiniydi. Tərtərin Xoruzlu kənd A.Məmmədov adına tam orta məktəbində 10-cu sinifdə təhsil alırdı. Məktəbin direktoru, Orxanın tarix müəllimi Rafiq Səfərov şagirdini itirdiyinə görə təəssüflənir: “Orxan səliqəli, tərbiyəli, nümunəvi bir uşaq idi. Danışdırmasan, danışmazdı. Ondan böyük qardaşı Murad ötən tədris ilində məktəbimizi bitirdi.  Orxan təmkinliydi, sakit idi. Çox əxlaqlı uşağıydı”.

 

Direktor R.Səfərov Kəbirli, Bayandur və Xoruzlu kəndlərindəki uşaqların təhsil aldığı Xoruzlu A.Məmmədov adına kənd tam orta məktəbinin 450 şagirdindən biri olan Orxanın orada dərs deyən 50 müəllimin hər birinin yaddaşında məhz səliqə-səhmanı, tərbiyəsi, gözəl xasiyyəti ilə qaldığını deyir: “Xoruzludan Kəbirliyə gəlibmiş o gün. Kəbirlidə əmisi qızı yaşayır. Onun yaşadığı məhəllədə xurma bağına gediblər. Bağda iki cərgə nar ağacı da əkilib. Əmisi qızının ailəsi, onun qayınanası ilə birlikdə o da nar yığmağa gedib. 4-5 nəfər olublar. Həmin əraziyə düşən raket nəticəsində aldığı xəsarətlərdən Orxan öldü, əmisi qızının ailəsindəki hər kəs müxtəlif dərəcəli xəsarətlər aldı”.

 

Terrorun körpə qurbanları

 

Aysu İsgəndərova da erməni silahlı qüvvələrinin ağır artilleriyadan istifadə edilməklə öldürdüyü uşaqlardan biri oldu. Bərdə rayonunun Qarayusifli kənd tam orta məktəbində ötən tədris ilində məktəbəhazırlıq keçmişdi. Artıq II sinif şagirdi idi. Ailəsinin ilk övladı, nənə-babasının ilk nəvəsiydi. Hər şirin anın ilkini yaşatdığı kimi, acının da ilkini yaşatdı kiçik Aysu. Su kimi həyatlarına axdı, Ay kimi göylərə çəkilib əlçatmaz oldu ailəsi üçün. Qarayusifli kənd tam orta məktəbin direktoru Maisə Quliyevanın sözlərinə görə, istiqanlı, dilli-dilavər Aysu istiqanlılığı, mehribanlığı ilə hamıya özünü sevdirmişdi: “Çox mehriban qız idi. Ailənin ilk nəvəsiydi. Ona görə nənəsi və babası onu lap çox sevirdilər. Onun ölümü ilə barışa bilmələri çətin olacaq. Həm ilk nəvə, həm də mehriban, şirin bir qız idi. Allah ermənilərə lənət eləsin. Hətta daşürəkli biri kəndə girsə, ürəyi ağrıyar. Təkcə bir erməni hücumunun nəticəsi olaraq kənddə 5 evdə matəm var. Ölənlər arasında uşaqların olması isə daha sarsıdıcıdır”.

 

Beləliklə, bir qızcığaz arzuların nə olduğunu hələ tam anlamadan, hədəfini müəyyən etmədən özü hədəfə çevrildi. Həyətdə oynayarkən, cəmi 7 yaşındaykən uşaq dünyasından ayırdılar onu.

 

Traktorçu atası Rövşən İsgəndərov erməni raketləri düşəndə bu bəlanın onun həyətinin tən ortasına düşəcəyini hiss edirmiş kimi  traktorunun istiqamətini geriyə - evinə sarı döndərdi. Tələsdi ki, tezcə evinə çatsın. Kimə nə olduğunu görmək istəyirdi. Başıalovlu gəlib çatanda artıq qızının biri üçün çox gec idi. Balasının bağrına basılacaq canı belə qalmamışdı. Atanın körpə balaları, övladı üçün əlindən heç nə gəlmədiyini anlaması nə qədər acıverici, nə qədər sarsıdıcıdır, onu bir yaşayan bilər. Rövşən də məhz bunu yaşadı. Körpə qızını, ilk övladını yerdə qanlar içində tapan ata hələ də özünə gələ bilməyib.

 

Aysuya hərflərdən sözlər düzəldib, onlardan uzun, mürəkkəb cümlələr qurmağı öyrədəcək kitablarının üzü açılmadan, hələ səhifələri vərəqlənmədən körpə bədəni qan içində dünyanı tərk etdi. Üstəlik, erməni terrorizminin hədəfində onun kimi çoxlu uşaqların olduğu bir  vaxtda. Aysu kimi, onun balaca bacısı, 3 yaşlı Tahirə İsgəndərova kimi.

 

Tahirə də yaralananlardan biridir. O gün bacısını öldürən raket onun üçün də bir qəlpə “hədiyyə” gətirmişdi. Anası 3 yaşlı Tahirənin ağrılarnı azaltmağa, yaralarını sarımağa çalışır. Terror qurbanı bacıların anası Mətanət İsgəndərova bu gün nəyə ağlayıb, nəyə sevinəcəyini bilməyəcək duruma düşüb: “Birdən səs gəldi, qonşumuz Ehtiramın evinə qəlpələr yağdı. Həmin vaxt həyətdə oynayan uşaqlar qan içində idi”.

 

Təsəllimiz də var

 

Terrora qurban gedənlərin var, Vətən! Yaşı hələ kiçik olsa da, böyük davanın 8 balaca qurbanı oldu onlar da. Hələ nə yaxşı ki, raketlərlərlə insanlara tələ quran ölümün hədəfindən yayındığı vaxtlar da oldu.

 

“Yaxşı ki”, - deyib içində təsəlli axtardığımız qanlı olayların bitəcəyi gün isə uzaqda deyil. O gün gələndə bu günlərə dair ən böyük təsəllimiz axan günahsız qanların yerdə qalmadığını bilməyimiz olacaq!

 

Ruhiyyə DAŞSALAHLI