Təhsil Nazirliyinin dəstəyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə cari ilin 23 noyabr - 15 dekabr tarixlərini əhatə edən “Xarı bülbül” adlı onlayn respublika şeir və mahnı müsabiqəsinə start verilib.

 

Müsabiqənin keçirilməsində məqsəd təhsilalanlara ölkəmizin tarixini daha dərindən mənimsətmək, onlarda vətənə məhəbbət və sədaqət hisslərini aşılamaq, istedadlı uşaq və gəncləri aşkar etməkdən ibarətdir.

 

Onlayn platformada təşkil olunan müsabiqə şeir və mahnı nominasiyaları üzrə 2 yaş qrupunda (7-13 yaş, 14-20 yaş) keçirilir. İştirakçılar yalnız 1 nominasiya üzrə müsabiqəyə qatıla bilərlər. Hər iki nominasiya üzrə ifa müddəti 3 dəqiqədən çox olmamalıdır. Müsabiqəyə şeir nominasiyası üzrə Azərbaycan şairlərinin vətənpərvərlik mövzusunda yazdığı şeirlə və ya şagirdin öz yazdığı şeirlə qatılmaq mümkündür. Mahnı nominasiyası üzrə xalq mahnıları və Azərbaycan bəstəkarlarının vətənpərvərlik mövzusunda yazdığı mahnılar təqdim oluna, mahnı minusla və ya akopella ilə oxuna bilər.

 

Müsabiqədə iştirak etmək istəyən iştirakçılar özləri barədə məlumatı (adı, soyadı, ata adı, təvəllüdü, məşğul olduğu müəssisə, şəhər, rayon, əlaqə nömrəsi) və nominasiyalar üzrə hazırladıqları video görüntüləri [email protected] elektron ünvanına və ya +994 55 539 55 22 “WhatsApp” telefon nömrəsinə göndərməlidir.

 

Qaliblər Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin diplomları ilə təltif olunacaqlar.

 

Qeyd edək ki, müsabiqə ilə bağlı sualı olanlar +994 12 568 42 19, +994  55 539 55 22 və +994 55 701 46 16 telefon nömrələri ilə əlaqə yarada bilərlər.