Yaxın 10 ilin hədəfləri - inklüzivlik, innovasiya, qarşılıqlı əməkdaşlıq


Bu gün pandemiyanın ağır təsirlərinə məruz qalan digər sektorlar kimi, ali təhsil sahəsi də qlobal böhrana qarşı qərarların hazırlanmasında, davamlı cəmiyyətin və iqtisadiyyatın bərpası üçün həlledici əhəmiyyətə malikdir.

 

Avropa Ali Təhsil Məkanına (EHEA) üzv ölkələrin təhsil nazirlərinin bu yaxınlarda Romada keçirilən növbəti konfransının əsas leytmotivi "çağırışları qəbul edin, yeni məkanlar yaradın, məsafələri ləğv edin" idi.

 

Konfransda 3000-dən çox iştirakçı, o cümlədən 48 ölkənin Təhsil naziri, Avropa Şurası, Avropa Komissiyası, UNESCO, EURASHE (Avropa Ali Təhsil Müəssisələri Assosiasiyası), ESU (Avropa Tələbələr İttifaqı), EUA (Avropa Universitetlər Assosiasiyası), EQAR (Ali təhsilin keyfiyyətini təmin edən agentliklərin Avropa reyestri) və s. iştirak ediblər. Avropa məkanının ali təhsil liderləri hər 2-3 ildən bir EHEA çərçivəsində əldə edilən nailiyyətlərin qiymətləndirilməsi məqsədilə bir araya gəlirlər. COVID-19 pandemiyası ilə əlaqədar olaraq görüş ilk dəfə onlayn formatda keçirilib.

 

Pandemiya çeviklik, birlik, zəmanətli onlayn dərslər tələb edir

 

Təhsil nazirlərinin builki konfransında son 20 ildə Boloniya prosesi çərçivəsində ali təhsildə əldə olunmuş uğurlar müzakirə edilib. Nazirlər hazırda ali təhsilin qarşısında duran problemlər, o cümlədən pandemiyanın yayılması şəraitində distant və qarışıq üsulda öyrənmə, tədqiqat fəaliyyətinə zərurətin artması, təhsilin keyfiyyətinin qorunması, daha da yaxşılaşdırılması, akademik mobillik imkanları və məhdudiyyətləri - akademik azadlıq, bütövlük təcrübəsinin yayılması, inklüziv təhsil, bəşəri dəyərlərə riayət olunması və s. kimi mövzuları müzakirə ediblər.

 

Konfransın açılışında çıxış edən İtaliyanın universitetlər və elmi tədqiqatlar naziri, professor Qaetano Manfredi qeyd edib ki, getdikcə daha çox tələbə, müəllim və tədqiqatçı cəlb etməklə Avropa təhsil məkanının ümumi inkişafını davam etdirmək lazımdır. Onun fikrincə, hazırda üz-üzə qaldığımız pandemiya çeviklik, birlik, zəmanətli onlayn dərslər tələb edir.

 

Avropa İttifaqının innovasiya, tədqiqat, mədəniyyət, təhsil və gənclər üzrə komissarı Mariya Qabriel çıxışında belə deyib:”Heç kim 2020-ci ilin hadisələrini və bunun hamımıza təsirini proqnozlaşdıra bilməzdi. Lakin yüksək səviyyəli ambisiya və öhdəliklərə malik olan həlləri təmin etmək vacibdir. Pandemiya bizim necə öyrətdiyimizi, öyrəndiyimizi və tədqiqat apardığımızı dəyişdi.  Biz daha da irəli getməli və ali təhsil sahəsində Avropa əməkdaşlığını təmin etmək üçün yeni iddialı prioritetləri müəyyənləşdirməliyik”.

 

Konfrans iştirakçıları qeyd ediblər ki, ölkələr, ali təhsil sistemləri və ali təhsil müəssisələri, eləcə də genişləndirilmiş ali təhsil icması arasında daha səmərəli əməkdaşlıq, daha sıx dialoq qura bilməyə əmin olmaqla, 2030-cu ilə qətiyyətlə və nikbinliklə baxırlar.  

 

Konfransda xüsusi diqqət ali təhsilin üçüncü tədris- elm səviyyəsinin tələbələri kimi aspirantların maraqlarının təmin olunmasına yönəlib.

 

Tədbirdə nazirlərin Roma Bəyənnaməsi qəbul olunub. Bu, Avropa Ali Təhsil Məkanının növbəti 10 illik iş proqramını əhatə edən və fundamental dəyərlərin, xüsusən də demokratiyanın həyata keçirilməsinin zəruriliyini vurğulamaq üçün hazırlanmış əsas sənəddir. Çünki ali təhsilin əsasında olan prinsiplər sülh və azadlıq anlayışlarını ehtiva edir. Sənəd Avropa ölkələrinin ali təhsil sahəsində prioritet və fəaliyyət istiqamətlərini müəyyənləşdirir.

 

2030-cu ilə qədər ölkələr arasında ali təhsil sahəsində daha sıx əməkdaşlıq və dialoqun yaradılmasına əsaslanan, ümumi Avropa təhsil zonasının inkişafına yönəlmiş sənəddə Avropa ölkələrinin ali təhsil sistemlərinin inkişaf etdirilməsi istiqamətində öhdəlikləri də yer alıb. Nazirlər bildiriblər ki, ali təhsil müəssisələri arasında daha dərin əməkdaşlıq birgə təhsil və tədqiqatlar vasitəsilə qarşıya qoyulan məqsədlərə nail olmağa kömək edəcək. Bu sənəddə nazirlər bu gün COVID-19 pandemiyası nəticəsində ali təhsilin qarşılaşdığı böyük problemləri də qeyd ediblər.

 

Norveçdən Türkiyəyə, İsveçrədən Azərbaycana...

 

İtaliyanın universitetlər və elmi tədqiqatlar naziri, professor Qaetano Manfredi qeyd edib ki, inklüzivlik, innovasiya və qarşılıqlı əməkdaşlıq bu gün digər Avropa ölkələri ilə birgə qarşıya qoyulan və Avropa Ali Təhsil Məkanı çərçivəsində növbəti on il ərzində əldə etmək istənilən məqsədlərdir. Roma Bəyənnaməsinin təqdimatında çıxış edən nazir əlavə edib ki, üzv ölkələrlə razılaşdırılmış öhdəlikləri qlobal təhsil proseslərinə baxmaq, bütün dünyada tələbə və müəllimlər üçün qapı açmaq üçün dönüş nöqtəsi hesab edir. Onun sözlərinə görə, Romada üzv ölkələrə təqdim olunmuş öhdəliklər 10 il ərzində tələbə və müəllimlərin Norveçdən Türkiyəyə, İsveçrədən Azərbaycana və Qazaxıstana sərbəst hərəkət etmək , biliklərin yayılmasına, məşğulluğun asanlaşdırılmasına imkan verən bir növ "super Erasmus"a nail olmağı hədəfləyir.

 

Sənəddə ali təhsil sistemlərinin 2030-ci ilə qədər daha da inkişaf etdirilməsi üzrə 3 təklif irəli sürülür.

 

- İnklüzivlik. Hər bir təhsilalan ali təhsildə bərabər imkana malik olacaq, təhsilini və hazırlığını başa vurmaqda hərtərəfli dəstək alacaq.

- İnnovasiyalar. Tədqiqatlarla sıx əlaqəli olan, yeni, daha çox razılaşdırılmış tədris, təlim, qiymətləndirmə metod və təcrübələrinin tətbiqi təmin olunacaq.

- Qarşılıqlı əməkdaşlıq. Ümumi çərçivə və vasitələr beynəlxalq əməkdaşlıq, islahatlar, bilik mübadiləsi kadr və tələbələrin mobilliyini daha da asanlaşdıracaq, eyni zamanda genişləndirəcəkdir.

Bəyannamədə qeyd olunur ki, ali təhsil müəssisələri ciddi dəyişikliklər - tələbələrin və cəmiyyətin bilik, bacarıq səviyyəsinin artırılması, davamlı inkişafa, ətraf mühitin mühafizəsinə və digər mühüm məqsədlərə töhfə vermək səlahiyyətinə malikdir. Onlar tələbələri fəal, tənqidi düşüncəli, məsuliyyətli vətəndaş olmaları üçün hazırlamalı və onlara ictimai missiyalarında dəstək olmaq üçün ömürlük təhsil imkanları təklif etməlidirlər.

 

Keyfiyyətli təhsil Avropa ali təhsil məkanının fərqli xüsusiyyəti olacaq

 

Ali təhsil 2030-cu ilə qədər Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Məqsədlərinin əldə edilməsində əsas istiqamət olacaq. " Biz bu fundamental qlobal məqsədlərə nail olmaq üçün ali təhsil müəssisələrimizin təhsil, tədqiqat və innovasiya potensiallarını dəstəkləməyi, təhsil sistemlərimizin Davamlı İnkişaf Məqsədlərinə nail olmasına köməyinin təmini üçün resurslardan istifadə etməsi öhdəliyini götürürük",- deyə bəyənnamadə qeyd olunur. 

 

Bundan əlavə, sənəddə bildirilir ki, ali təhsil müəssisələri əhəmiyyətli dəyişiklikləri - tələbələrin və cəmiyyətin bilik, bacarıq və səlahiyyətlərinin davamlı inkişafını, ətraf mühitin mühafizəsi və digər mühüm məqsədləri stimullaşdıra bilər. Onlar şagirdləri fəal, məsuliyyətli vətəndaş olmaları üçün hazırlamalı və onların sosial rolunu dəstəkləmək üçün ömürboyu təlim imkanları təklif etməlidirlər.

 

Keyfiyyətli təhsil Avropa ali təhsil məkanının fərqli xüsusiyyəti olaraq qalacaq. Elmi həqiqətin təhrif edilməsinin bütün formalarını təcrid edən güclü bir akademik mədəniyyət və elmi vicdanlılıq ali təhsil müəssisələri və dövlət orqanları tərəfindən dəstəklənəcək.

 

Bundan əlavə, konfransda Avropanın təhsil gündəliyində olan mövzuların əhəmiyyətini göstərən 3 sənəd-  "Akademik azadlıqlar haqqında əsasnamə", " Ali təhsilin sosial ölçüsünün gücləndirilməsi üzrə prinsip və tövsiyələr",  "Təhsil və tədrisin keyfiyyətinin artırılması üçün məsuliyyət daşıyan milli hakimiyyət orqanları üçün tövsiyələr" qəbul olunub.

 

Konfransda qeyd olunub ki, zəmanəmizin müxtəlif iqtisadi, sosial və ekoloji çağırışları Avropadan birgə əməkdaşlıq, birlikdə addımlar atmağı tələb edir. Bunu son aylarda dünyanı bürümüş COVID-19 pandemiyası zərurətə çevirib.

 

Konfransda bildirilib ki, EHEA çərçivəsində əməkdaşlığı və mübadiləni asanlaşdırmaq üçün Avropa keyfiyyət təminatı sistemini gücləndirmək və gələcək inteqrasiyaya yol açmaq lazımdır. Konfransda EHEA-yə üzv ölkələrin nazirlərinə Ali təhsilin keyfiyyətini təmin edən Avropa reyestrinin (EQAR) tövsiyələri təqdim olunub.

 

EQAR nazirlərə tövsiyə edir:

  • *qabaqcıl təcrübə mübadiləsinə kömək etmək məqsədilə uğurla fəaliyyət göstərən strukturlaşdırılmış kollegial dəstək sistemini davam etdirmək və EHEA-nın qalan ölkələrinə razılaşdırılmış əsas öhdəliklərin həyata keçirilməsində dəstək vermək;
  • *keyfiyyətin təmin edilməsi üzrə əsas öhdəlikləri yerinə yetirməmiş ölkələri, xüsusən də hüquqi bazasının ESU ilə tam razılaşdırılmasına mane olduğu hallarda təcili tədbirlər görməyə çağırmaq;
  • *keyfiyyətin təmin edilməsi sahəsində, xüsusilə Avropa universitetləri ilə birgə proqramlar və yeni təşəbbüslərlə bağlı nəticələrin, qərarların beynəlxalq tanınması yolunda olan maneələri aradan qaldırmaq;
  • *tələbə və müəllim heyətinin mobilliyini artırmaq üçün Boloniya prosesinin əsas məqsədi kimi ESG, EQAR və DEKAR (təhsildə keyfiyyət agentlikləri) tərəfindən yaradılmış etibarlı Avropa keyfiyyət təminatı infrastrukturu əsasında ixtisasların avtomatik olaraq tanınmasını təsdiqləmək;
  • *Ali təhsil müəssisələrini və keyfiyyətin təmin edilməsi agentliklərini ESG-nin çevikliyindən istifadə edərək və innovasiyalar üçün imkanları öyrənərək rəqəmsal təhsilin, mikro-uçot məlumatlarının və digər qeyri-ənənəvi ali təhsil formalarının keyfiyyətini təmin etmək məqsədilə uyğun yanaşmalar hazırlamaq, onların tətbiqini təşviq etmək.

 

Konfrans çərçivəsində təşkil olunmuş Qlobal Siyasi Forumda iştirakçılar virtual mobilliyin həyata keçirilməsinin mümkünlüyünü, yəni bu mobillik növünün inkişafı prosesinin sürətləndirilməsi üçün hansı tədbirlərin görülə biləcəyini qeyd ediblər.  Bu sahədə 2 əsas tədbir təklif olunub:
 

  • 1. Ali təhsil sistemləri  "Başqalarından öyrənmək"  prinsipi əsasında qabaqcıl təcrübə mübadiləsindən mümkün qədər geniş istifadə etməlidir.
  • 2. Universitetlər digər ali təhsil müəssisələri ilə öz resurslarını və əməkdaşlığını inkişaf etdirməlidir.

 

Təhsil nazirlərinin növbəti konfransının və Qlobal Siyasi Forumun 2024-cü ildə keçirilməsi Albaniyaya təklif olunub.

 

Qeyd edək ki, Avropa Ali Təhsil Məkanı ali təhsil sahəsində beynəlxalq əməkdaşlığın unikal nümunəsidir və müxtəlif siyasi, mədəni, akademik ənənələri olan 48 ölkənin siyasi iradəsinin nəticəsidir. Bu 48 ölkə ali təhsil sahəsində aparılan islahatlarla razılaşır və onları fikir bildirmə azadlığı, müəssisələrin muxtariyyəti, müstəqil tələbə ittifaqları, akademik azadlıq, tələbə və personalın sərbəst hərəkəti kimi ümumi əsas dəyərlər əsasında qəbul edirlər. Bu proses çərçivəsində Avropa regionunun ölkələri, müəssisələri və maraqlı tərəfləri öz ali təhsil sistemlərini daim uzlaşdırır, onları daha uyğun edir və keyfiyyətin təmin edilməsi mexanizmlərini möhkəmləndirirlər. Bütün ölkələr üçün əsas məqsəd kadr və tələbələrin mobilliyini artırmaq, həmçinin onların işlə təminatına kömək etməkdir.
 

Oruc MUSTAFAYEV