Onlar beynəlxalq coğrafiya kurikulumuna əsaslanan hazırlıqlara cəlb ediləcəklər


Bu il şagirdlərimiz 2015-ci ildən etibarən keçirilən Avropa Coğrafiya Olimpiadasına ilk dəfə qatılaraq, böyük uğura imza atdılar. 14 ölkədən 73 şagirdin qatıldığı olimpiadaya həm aşağı, həm də yuxarı yaş qrupu üzrə qatılan Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Mustafa Bayramlı və Bakı şəhəri 309 nömrəli tam orta məktəbin IX sinif şagirdi Hüseyn Hüseynli bürünc medala layiq görüldülər.

 

Bu, ölkəmiz üçün coğrafiya üzrə ilk və çox böyük uğur idi. İstər Avropa Coğrafiya Olimpiadası, istərsə də Beynəlxalq Coğrafiya Olimpiadasında (iGeo) uğurlu iştirak və medallar çox önəmlidir.

 

Bəs, belə uğurlar davamlı olacaqmı? Yoxsa ölkəmiz də daxil, bütün dünyada tüğyan edən COVİD-19 infeksiyasının səbəb olduğu pandemiya təhsilin bu istiqamətinə öz mənfi təsirini göstərib?

 

Təbii ki, hər bir uğurun arxasında istedad və zəhmət var. İnsana xas bu iki xüsusiyyət bir araya gələndə uğura çevrilir. Hazırda ölkəmizdə məktəblilərimizin beynəlxalq elm və bilik yarışlarında uğur qazanmalarında vasitəçi olan Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində işlər davam edir. Coğrafiya fənni üzrə hazırlıqlar Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində qalib olmuş “Beynəlxalq Coğrafiya Olimpiadalarına (The International Geography Olympiad (iGeo)) hazırlıq” layihəsi əsasında təşkil edilib. Layihənin müəllifi, coğrafiyaçı Yaşar Seyidəliyevdir.

 

Müəllif “Azərbaycan müəllimi” qəzetinə  açıqlamasında hazırlığın gedişindən danışıb: “Təhsildə inkişaf və innovasiyalar üzrə III və IV qrant müsabiqələrində layihəmiz qalib elan olundu. 2019-cu ilin oktyabr ayından etibarən biz hazırlıq dərslərinə başladıq. Hazırlıqlar Nəsimi rayonu 8 nömrəli məktəbdə və “Fortis Academy”də təşkil edildi.  Tamamilə pulsuz olan hazırlıqların bütün xərcləri qrant vəsaiti ilə qarşılanır. Xüsusilə qeyd etməliyəm ki, layihənin həyata keçirilməsində Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya fakültəsi, Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsi və “Fortis Academy”nin (https://www.facebook.com/fortisacademyy/)  böyük dəstəyi var. Məqsədimiz coğrafiyadan xüsusi istedadı ilə seçilən şagirdləri aşkar etmək, onları Beynəlxalq Coğrafiya Olimpiadasına (iGeo) və Avropa Coğrafiya olimpiadasına (eGeo) hazırlamaqdır. Hazırlıq dərslərinə qatılan şagirdlərin içərisində ötən illərin Respublika Fənn Olimpiadasının qalibləri də var”.

 

Y.Seyidəliyevin sözlərinə görə, Elnur Osmanov, Şövqiyyə Məlikova, Aliyə Süleymanova, Vüqar Mahmudov və “Fortis Academy”-nin rəhbəri Ramil Hacıyev birgə çalışaraq layihənin, dolayısı ilə şagirdlərin hazırlığına öz töhfəsini verməyə çalışıblar: “Hazırlıq dərslərinə başqa bir neçə müəllim də qoşulub. Proses uğurla davam edir”.

 

Coğrafiya üzrə beynəlxalq yarışlara hazırlığa xüsusi əhəmiyyət verən Y.Seyidəliyev qeyd edib ki, əslində, məktəblilərimizin Azərbaycandan kənarda coğrafiya üzrə yarışı qazanması çox çətindir: “Milli kurikulumla beynəlxalq kurikulum çox kəskin şəkildə fərqlənir. Sadəcə sualların başqa dildə olması deyil, quruluşu da fərqlidir. Avropada dərslər beynəlxalq kurikulumla keçirilir və eyni proqram əsasında qurulan olimpiadalarda iştirak etmək, uğur qazanmaq o məktəblilər üçün çətin deyil. Bizim məktəblilər isə milli kurikulum əsasında dərs keçir və şagirdlərin uzun müddət xüsusi hazırlıq keçmədən belə bir yarışda uğur qazanması çətindir. Ona görə də təşkil etdiyimiz hazırlıqda məqsədimiz məhz bu fərqi məktəblilərimiz üçün azaltmaq, hətta tamamilə aradan qaldırmaqdır. Ona görə də dərslər beynəlxalq coğrafiya kurikulumuna əsasən, Azərbaycan və ingilis dillərində keçirilir”.

 

Dərslər mövcud sanitar-epidemioloji şəraitə uyğun olaraq onlayn şəkildə Teams platforması üzərindən aparılır. (https://teams.microsoft.com/l/team/19%3a6b90527b26124c5689731ae9ba6b5866%40thread.tacv2/conversations?groupId=4159e131-9c37-49ac-8fff-f697648da484&tenantId=14fc0a60-1070-4142-9f31-1b94187a961f ). 

 

Dərslər şənbə günləri 2 saat - 9:00-11:00-da baş tutur. İyul ayınadək davam edəcək hazırlıq dərslərinə qatılmaq istəyən, coğrafiyadan xüsusi istedadı ilə seçilən şagirdlər əvvəlcədən qeydiyyat formunu (https://forms.gle/sxTwzWEEmDgKXhv89 ) doldurmalıdırlar. Belə ki, iştirak etmək istəyənlər Teams platformasında virtual.edu.az-da qeydiyyatdan keçərək @studen.edu.az id-si əldə etməlidirlər.

 

Y.Seyidəliyev onu da vurğulayıb ki, hazırlıqla bağlı yenilikləri rəsmi Facebook (https://www.facebook.com/groups/1660060690947078) və İnstagram (https://www.instagram.com/igeo.az/) üzərindən izləmək mümkündür.

 

Beynəlxalq coğrafiya olimpiadasında iştirak edən şagirdlər 16-19, Avropa Coğrafiya Olimpiadasında iştirak edənlər aşağı yaş qrupu üçün 12-15, yuxarı yaş qrupu üçün isə 16-19 yaşda olmalıdırlar.

 

Y.Seyidəliyev onu da bildirib ki, Beynəlxalq Coğrafiya Olimpiadasında dərslər interaktiv şəkildə təşkil olunub. Hər dərs Teams platformasında və Zoom üzərindən qeydə alınır: “Qeydə alınmış videonu təkrar izləmək imkanı var. Üstəlik, videolardan hazırlıq mərkəzlərimizdə qeydiyyatdan keçməyən istənilən məktəbli yararlana bilər”.

 

Coğrafiya üzrə hazırlaşmaq istəyənlər üçün dərs vəsaitinin də hazırlandığını vurğulayan Y.Seyidəliyev deyib ki, Vüqar Mahmudovun layihə rəhbəri olduğu dərs vəsaiti aprel ayında məktəblilərin istifadəsinə veriləcək.

 

Ruhiyyə DAŞSALAHLI