Dekabrın 15-də Təhsil,  Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi (RUGİM), “EkoSfera” SEM-in birgə təşkilatçılığı ilə “BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə konvensiyasına Azərbaycanın Dördüncü Milli Məlumatının hazırlanmasına texniki yardım” layihəsi çərçivəsində onlayn platformada “Su ehtiyatlarından səmərəli istifadə” mövzusunda vebinar, “İqlim dəyişmələri və əhalinin sağlamlığı” onlayn sosial vloq müsabiqəsi və “Mavi səma üçün təmiz hava” fotoşəkil müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi həyata keçirilib.

 

COVID-19 pandemiyası ilə əlaqədar onlayn keçirilən tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, BMTİP-nin Rezident nümayəndəsinin müavini Çaru Bist, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Proqram Məsələləri üzrə müşaviri Çingiz Məmmədov, Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Elnur Əliyev, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova, IDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov, WWF Azərbaycan ofisinin direktoru Elşad Əsgərov, KİV nümayəndələri, münsiflər heyəti və qeyd olunan müsabiqə qalibləri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Firudin Qurbanov BMT-nin Ətraf Mühitin Mühafizəsi Agentliyinin (UNEP) Yaradılması Günü ilə əlaqədar keçirilən müsabiqələrin qaliblərinin mükafatlandırılması mərasiminin açılışı münasibətilə hamını Təhsil Nazirliyi adından təbrik edərək iştirakçılara ən xoş arzularını çatdırıb. Nazir müavini çıxışında ekologiyanın insanlar üçün ən böyük nemət olduğunu, müasir dövrdə ekoloji problemlərin artmasına qarşı tədbirlər görülməsi, təbii resurslardan səmərəli istifadə, ətraf mühitin mühafizəsi məsələsinin ölkəmizdə prioritet istiqamətlər arasında ön sıralara çıxarıldığını vurğulayıb. Qeyd edib ki, ölkə başçısının tapşırıqlarına əsasən, ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması və bu baxımdan uşaq və gənclərin ətraf mühitin mühafizəsi və kütləvi ekoloji tədbirlərə cəlb olunması, onlara təbii ehtiyatların səmərəli istifadəsi, tullantıların utilizə edilməsi haqqında əlavə biliklərin verilməsi xüsusi əhəmiyyət kəsb edir.  Bunun nəticəsidir ki, respublikamızın şəhər və rayonlarında yaşıllaşdırma işləri yüksək səviyyədə həyata keçirilir.

 

Firudin Qurbanov iqlim dəyişmələri və əhalinin sağlamlığı mövzusundan bəhs edərək bildirib ki, suyun səmərəli istifadəsi davamlı inkişafa dəstək verməklə eyni zamanda ciddi qlobal risklərdən qoruyan əsas faktordur. Nazir müavini çıxışında həmçinin Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən işğaldan azad olunmuş torpaqlarımızda 100 illik ağacların kəsildiyini, meşələrin yandırıldığını, mədəni abidələrin məhv edildiyini qeyd edərək bundan sonra bu ərazilərin ölkəmiz tərəfindən bərpa ediləcəyini və işğaldan azad olunan torpaqlarda ekoloji vəziyyətin bərpa olunmasında hər bir uşaq və gəncin aktiv iştirak edəcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 

Nazir müavini sonda müsabiqə qaliblərini bir daha təbrik edib, hər birinə ölkəmizdə ətraf mühitin qorunmasında bundan sonra da aktiv iştirak etməyi arzulayıb.

 

Daha sonra Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Rezident Nümayəndəsinin müavini xanım Çaru Bist salamlama nitqi ilə çıxış ediblər.

 

Qeyd edək ki, cari ilin 25 aprel-30 sentyabr tarixlərində Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən  “İqlim dəyişmələri və əhalinin sağlamlığı” onlayn sosial vloq müsabiqəsi üzrə Bakı şəhəri və respublikanın regionlarından 3 yaş qrupu üzrə (8-11, 12-15, 16-19 yaş qrupları) Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərinin ekoklub üzvlərindən ibarət 1705 iştirakçı müraciət edib, ümumilikdə 250 video vloq final mərhələyə vəsiqə qazanıb, 12 yer üzrə 29 qalib seçilib.

 

18 iyul-12 sentyabr tarixlərində keçirilən “Su ehtiyatlarından səmərəli istifadə” mövzusunda maarifləndirmə proqramı çərçivəsində 2000 məktəblinin iştirakı ilə 10 vebinar keçirilib. Sosial şəbəkələrdə yayımlanan vebinarlara 10 000-ə yaxın baxış olub. İştirakçıların videoçarxlar və esse müsabiqəsinə göndərilən işlər arasında I, II, III yerlər üzrə 20 qalib müəyyən olunub.

 

“Mavi səma üçün təmiz hava” fotoşəkil müsabiqəsi 7 sentyabr - Beynəlxalq “Mavi Səma üçün Təmiz Hava” gününə həsr olunub. Müsabiqəyə ümumilikdə 2 nominasiya üzrə 72 fotoşəkil təqdim olunub və 6 qalib seçilib.

 

Qaliblər diplom və qiymətli hədiyyələrlə, digər iştirakçılar isə sertifikatlarla təltif olunublar.