“Könüllülər ili” çərçivəsində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən "Könüllülüyün BİR açarı” adlı layihə başa çatıb.

 

Tələbə-könüllülərin dünyagörüşünün artırılması, intellektual düşünmə qabiliyyətinin inkişaf etdirilməsi məqsədilə keçirilən layihədə 19 ali və orta ixtisas təhsili müəssisəsindən 100-dən çox tələbə-könüllü yarışıb. “Könüllülüyün BİR açarı” adlı onlayn kvestdə intellektual suallar Qarabağa, tarixi qələbəyə həsr olunub. Onlayn şəkildə keçirilən layihədə suallara verilən cavablardan qazanılan xallara əsasən, I yerə “Victory”, II yerə “Diamond”, III yerə “Game over” komandasının tələbə-könüllüləri layiq görülüb.

 

Qeyd edək ki, Təhsil Nazirliyinin “Bir” tələbə-könüllü proqramı milli könüllü platforması kimi 24 mindən çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 600-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.