Aysel Əhədova Almaniyada nüfuzlu elmi mükafata layiq görülüb


Almaniyanın Heidelberq Universiteti xəstəxanasının tətbiqi biologiya kafedrasının doktorantı  Aysel Əhədova xərçəng xəstəliklərinin tədqiqi sahəsində uğurlu nəticələrinə görə,  2020-ci il üzrə Anita və Fridrix Roitner mükafatına layiq görülüb.

 

Bu barədə Heydelberq Universitetinin yaydığı məlumatda  bildirilir.

 

A.Əhədova hazırda Heydelberq Universiteti xəstəxanasının tətbiqi biologiya kafedrasında elmi tədqiqatlar aparır.  1994-2005-ci illərdə Bakı Avropa Liseyində təhsil alıb. 2011-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. DAAD-ın  3 illik təqaüdünü qazanaraq  xərçəng tədqiqatı sahəsində işləmək arzusunu həyata keçirmək üçün Almaniyaya yollanıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində  2012-2015-ci illərdə Heydelberq Universitetinin tibb fakültəsində doktorantura (PhD)  təhsili alıb,  professor Knebel Deberitsin rəhbərliyi ilə doktorluq dissertasiyası üzərində işləyib.  

 

O, fəlsəfə doktoru kimi  mikrosputnik qeyri-sabit xərçəngin öyrənilməsi üzrə bir neçə layihədə iştirak edib və xərçəng hüceyrələrində qlükoza metabolizminə yönəlmiş yeni dərmanların, dərman kombinasiyalarının identifikasiyası üzrə tədqiqatlar aparıb.

 

Qeyd edək ki, 10 000 avro təşkil edən mükafat  Heydelberq Universitetinin fəxri senatoru, professor Fridrix Roytner və onun həyat yoldaşı Anita Roytner  tərəfindən  təsis olunub. Mükafat tibb fakültəsinin gənc alimlərinə xüsusilə klinik cəhətdən əhəmiyyətli tədqiqat layihələrinə görə təqdim olunur.

 

İstedadlı gənc alim A.Əhədova:

 

-Tədqiqatımın konkret mövzularından biri Linç sindromunun kanserogenezidir. Lynch sindromu ilə əlaqəli xərçəngin molekulyar təbiətini müəyyənləşdirmək üçün xərçəng xəstələri üçün terapevtik və profilaktik variantları yaxşılaşdırmaq sahəsində çalışıram. Mənim vizyonum ölüm hallarını azaldan və xəstələrin həyat keyfiyyətini yaxşılaşdıran müalicə strategiyalarının hazırlanmasıdır.

 

A.Əhədovanın dünya şöhrətli Haydelberq Universitetinin alimləri ilə birgə apardığı elmi işinin nəticələri Almaniyada 1860-cı ildən çap edilən, hazırda tibb və cərrahiyyə sahəsində Avropanın ən nüfuzlu jurnallarından biri sayılan "Langenbecks Archive of Surgery" jurnalında dərc olunub. Onun 34-dən çox elmi məqaləsinə 300-dən artıq istinad edilib.

 

Oruc MUSTAFAYEV