Xaricdə çalışan soydaşlarımız təkliflərlə çıxış ediblər


Məlum olduğu kimi, ötən ilin sonlarında Təhsil naziri Emin Əmrullayev 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü  və  Vətən müharibəsindəki qələbə münasibəti ilə dünyanın aparıcı universitetlərində çalışan, akademik fəaliyyətlə məşğul olan bir qrup həmyerlimizlə virtual şəkildə görüş keçirib. “Azərbaycan müəllimi” qəzetinə müsahibələrində alimlərimiz görüşlə bağlı təəssüratlarını bölüşüblər.

 

“Görüşdə mənim müşahidələrim təsdiqləndi...”

 

Qərib Mürşüdov, Böyük Britaniya, Kembric Universitetinin Molekulyar Biologiya Qrupunun rəhbəri, professor: - Dekabr ayının 28-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə Azərbaycanın  Təhsil naziri bir neçə mütəxəssis ilə görüş keçirdi və fikir mübadiləsi etdi. Görüş mənim gözlədiyimdən dəfələrlə səmimi oldu və cənab nazir çox xoş təəssürat yaratdı. Azərbaycanda təhsil və elm sahəsində olan problemlərə toxunuldu və müəyyən mümkün istiqamətlər müzakirə edildi. Bu görüşdə mənim müəyyən müşahidələrim təsdiqləndi:

 

1. Azərbaycanda təhsildə olan problemlər məlumdur  və onların həll edilməsi üçün addımlar atılır. Cənab nazirin mütərəqqi mövqeyi və hamını diqqətlə dinləyərək onlara reaksiya verməsi onun bu problemlərə necə ciddi yanaşdığını göstərir. Mənə belə gəlir ki, ölkədə  və xaricdə olan mütəxəssislərin onun etmək istədiyi işlərə kömək etməsi yaxşı olardı.

 

2. İnformasiya texnologiyası və ümumiyyətlə, kompüter elmlərinin vacibliyi, bu istiqamətlərin inkişafı üçün həm ədəbiyyatların tərcüməsi, həm də mütəxəssislərin hazırlanması problemi geniş müzakirə olundu. Ümid edirəm ki, bu müzakirələr qərarlar və müəyyən işlərlə nəticələnəcək.

 

3. Harada olmasından asılı olmayaraq Azərbaycandan olan mütəxəssislər ölkəmizdə inkişafa kömək etmək istəyirlər və bunun üçün yollar axtarırlar. Bu məqsədlə mövcud olan əhvali-ruhiyyədən və insan resurslarından istifadə edilməsi vacibdir. Bunun üçün müəyyən mexanizmlər yaradılmalıdır. Bu insanların Azərbaycanda fəaliyyət göstərməsi üçün şərait yaradılması yaxşı olardı. Məsələn, müəyyən şərtlər daxilində ikili vətəndaşlığın olmasına icazə verilməsi, birgə elmi laboratoriyaların təşkili üçün mexanizmlərin yaradılması.

 

4. Görüşdə təhsilin, elmin inkişafının iqtisadi inkişaf üçün şəratin yaradılması ilə eyni zamanda aparılması qeyd olundu.

 

Mən özüm, şəxsən cənab nazirə öz təşəkkürümü bildirirəm ki, müzakirə və fikir mübadiləsi üçün vaxt ayırdı. Ümid edirəm ki, müzakirələr ancaq müzakirə kimi qalmayacaq və gələcəkdə (lap yaxın gələcəkdə) problemlərin həlli və mövcud olan insan resurslarından səmərəli istifadə üçün mexanizmlər yaradılacaq.

 

“Umid edirəm ki, belə görüşlərin sayı çox olacaq”

 

Cəfər Cəfərov, ABŞ-ın Stanford Universitetinin PhD məzunu, tədqiqatçı: - Cənab nazirlə görüş çox maraqlı keçdi. Nazir əvvəlcə görüş istirakçılarını həm qarşıdan  gələn bayramlar, həm də Vətən müharibəsində qazandığımız Qələbə münasibətilə təbrik etdi. Daha sonra Azərbaycanda elmin, universitetlərdəki təhsilin və elmi araşdırmaların  səviyyəsinin yüksəldilməsi, yeni kadrların yetişdirilməsi ilə əlaqədar fikirlərini bölüşdü. Bu yolda görülən işlər və qarşıda nə kimi planların  olduğunu diqqətə çatdırdı. Daha sonra görüş istirakçıları qaldırılan məsələlələrə dair fikirlərini söylədilər.  Dünyanın fərqli mötəbər universitetlərində çalışan bir neçə alim öz fikirlərini, gördükləri problemləri və onlardan mümkün çıxış yollarını səsləndirdilər. Cənab nazir təklifləri qeyd edərək  sonda bəzilərinə cavab verdi və səslənən fikirlərin dəyərləndiriləcəyini bildirdi. Öz fikir və təkliflərini irəli sürən alimlərlə daha sonra əlaqə saxlayıb ətraflı müzakirə aparacaqlarını vurğuladı.

 

 

Görüş ümumən çox gözəl keçdi. Bəzi iştirakçılar uzun illər xarici universitetlərdə elmi işlə  məşğul olmalarına baxmayaraq, onlarla ilk dəfədir ki, bu formatda görüs keçirildiyini və fikirlərinin alındığını qeyd etdilər. Ümid edirəm ki, belə görüşlərin sayı çox olacaq və buradan da alınan fikir mübadiləsi və planlarla Azərbaycanda elm və təhsil daha da inkişaf edəcək.

 

Oruc MUSTAFAYEV