Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun əməkdaşları tərəfindən Naxçıvanın flora və fauna biomüxtəlifliyinin öyrənilməsi, nadir, nəsli kəsilmək üzrə olan bitki və heyvan növlərinin qorunması, bioresurslardan səmərəli istifadə imkanlarının araşdırılması istiqamətində tədqiqatlar aparılır.

 

İnstitutun Zooloji tədqiqatlar şöbəsinin aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Mahir Məhərrəmov 2004-cü ildən başlayaraq Naxçıvan faunasının iynəli zarqanadlılarını tədqiq edir. Bacarıqlı entomoloq mütəxəssis Azərbaycan faunası üçün 300-dən artıq vəhşi arı növünü ilk dəfə göstərib, onları elmi ədəbiyyata daxil edib. Onun uzunmüddətli araşdırmalarının nəticələri dünyanın bir sıra nüfuzlu elmi dərgilərində dərc olunub, məqalələri bir çox tanınmış xarici ölkə alimlərində maraq yaradıb.

 

Həmin tədqiqatların nəticələri və muxtar respublikanın iynəli zarqanadlılar faunasının zənginliyi rus mütəxəssis - Rusiya Elmlər Akademiyası Uzaq Şərq Bölməsi Biomüxtəliflik Elmi Mərkəzinin əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Maksim Yuryeviç Proşalıkinin də diqqətini cəlb edib. Belə ki, o, 2018-2019-cu illərdə Naxçıvana dəvət edilib və azərbaycanlı alimlərlə birlikdə çoxsaylı elmi ekspedisiyalar həyata keçirilib. Ötən müddət ərzində müəlliflərin səmərəli axtarışlarının nəticələrini özündə əks etdirən 11 elmi məqalə ingilis və rus dillərində yüksək indeksli jurnallarda dərc edilib.

 

Aparılan araşdırmaların nəticəsi olaraq Naxçıvanın füsunkar guşələrindən olan Darıdağ və Sirab ərazisində yeni arı növü - Hoplisoides flavescens (Sarımtıl hoplisoides) ilk dəfə qeydə alınıb.

 

Qazıcı arı cinsi olan Hoplisoides Avstraliya istisna olmaqla, dünyanın bütün zoocoğrafi vilayətlərində yayılıb. Cinsin Palearktikada 10, Oriental regionda 10, Afrotropikal regionda 17, Neotropikal regionda 28, Nearktikada 9, Neotropikal-Nearktikada 8 növü olmaqla, dünyada cəmi 82 növü yayılıb. Adıçəkilən arı cinsinin növləri torpaqda, xüsusilə çılpaq, qumlu torpaqda çoxhücrəli yuvalar qurur. Faydalı arı növləri kimi əsasən yarpaqyeyən böcəklərin sürfələrini ovlayıb, onların sayının bioloji tənzimlənməsində əhəmiyyətli rol oynayır.

 

Sarımtıl hoplisoides bütün Palearktik növlərdən mezosomanın qarın hissəsində sarı rəngin və əsasən sarı metasomal sternanın olması ilə fərqlənir.

 

Qeyd etmək lazımdır ki, respublikamız Palearktikanın bir hissəsi olduğu üçün Naxçıvan ərazisində təyin olunmuş bu yeni arı növü dünya entomologiya elmi üçün dəyərli töhfədir.