Naxçıvan Dövlət Universitetində (NDU) əlavə ali təhsil üzrə Hüquq ixtisasının III kurs tələbəsi, II Qarabağ müharibəsi qazisi Eldar Xəlilovla görüş keçirilib.

 

Universitetin rektoru Elbrus İsayev Vətən müharibəsi iştirakçısı olmuş hər bir qəhrəmanın döyüş yolunu gənc nəsilə nümunə adlandırıb. Bildirib ki,  onların göstərdiyi şücaət, cəsurluq, vətənsevərlik bu günün, sabahın gənclərinin həyat amalına çevrilməlidir.

 

Rektor tədbirin səbəbkarı, Qarabağ qazisi E.Xəlilova vətən müharibəsində fəal iştirakına görə NDU-nun adından fəxri fərman təqdim edib.

 

NDU-nun Hüquq fənləri kafedrasının müəllimi Əziz Qasımov universitetin Vətən müharibəsində iştirak edən, qəhrəmancasına həlak olan şəhid tələbələrinin və vətənə dönən qazilərin adlarını açıqlayıb. Bildirib ki, xalq qələbənin qazanılmasında misilsiz rəşadət göstərən hər bir əsgərinə həmişəlik borcludur.  

 

Tədbirdə qazi E. Xəlilov çıxış edərək şəhidlərin qanı bahasına qazanılan qələbədən uzun illər sonra da danışılacağına əminliyini vurğulayıb. Əmisinin I Qarabağ müharibəsinin iştirakçısı və qazisi olmasından danışan  E.Xəlilov Qalib ordunun əsgəri olmaqdan qürur duyduğunu qeyd edib.   

 

Sonda Qarabağ qazisi tələbələrin suallarını cavablandırılıb.