Dövlət Proqramı məzunu "Morgan Stanley" də rəhbər vəzifəyə təyin olunub


Azərbaycanlı maliyyə mütəxəssisi Hüseyn Əliyev dünyanın nüfuzlu investisiya banklarından olan  "Morgan Stenley"-in Almaniyanın Frankfurt şəhərində yerləşən nümayəndəliyində likvidliyə nəzarət direktoru təyin olunub.  

 

Məlumata görə, Huseyn Əliyev daha əvvəl ABŞ-ın "Goldman Sachs" investisiya bankında xəzinə likvidliyi üzrə baş mütəxəssis vəzifəsində işləyib.

 

O, xəzinədarlıq, risklərin idarə edilməsi və likvidliyə nəzarət sahəsində beş ildən çox təcrübəsi olan bank mütəxəssisidir. İş təcrübəsi gedişində proseslərin optimallaşdırılması və müxtəlif bank məhsullarında güclü texniki biliklər nümayiş etdirib.

 

2009- 2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bakalavr pilləsində təhsil alıb.  Daha sonra ali təhsilini "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2013-2014-cü illərdə İngiltərənin Nyukasl Universitetinin Biznes Məktəbində "Beynəlxalq iqtisadiyyat və maliyyə" ixtisası üzrə magistr səviyyəsində davam etdirib.

 

Qeyd edək ki, azərbaycanlı gəncin karyerasının yeni pilləsi olan "Morgan Stanley"  mərkəzi ABŞ-ın Nyu-York şəhərində yerləşən Amerika investisiya bankıdır. 1935-ci ildə ABŞ-ın ikinci böyük bankı olan "JP Morgan"-dan ayrılaraq qurulub.  Bu şirkətin adı daha sonra "Morgan Stanley" olaraq dəyişdirilib.

 

 

Oruc MUSTAFAYEV