Ölkənin tanınmışları Təhsil Nazirliyinin bu təşəbbüsünü necə qarşılayırlar?


Bir ildən artıq davam edən pandemiya şəraitinin fəsadları bütün sahələrə olduğu kimi təhsil sahəsinə də öz mənfi təsirini göstərib, cari tədris ilinin böyük hissəsi distant formada təşkil olunub. Etiraf edək ki, təhsil idarəçilərinin və təhsilverənlərin bütün səylərinə baxmayaraq məsafədən təhsil şagirdlərə proqram materiallarının mənimsənilməsində müəyyən çətinliklər yaradıb. Bütün bunları nəzərə alan Təhsil Nazirliyi “Yay məktəbi”inin təşkil edilməsi ilə bağlı sorğu keçirib və sorğuda iştirak edən respondentlərin 44%-i bu təşəbbüsə müsbət rəy bildirib.

 

Qeyd edək ki, “Yay məktəbi”nin keçirilməsində əsas məqsəd mövcud vəziyyətlə əlaqədar şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsidir. 16 iyun 2021-ci il tarixindən etibarən 2 həftə müddətinə ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla “Yay məktəbi”nin təşkil edilməsi nəzərdə tutulur.

 

30 iyun tarixinədək davam edəcək “Yay məktəbi” ərzində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən ediləcək.  “Yay məktəbi”nin təşkil edilməsi ilə bağlı bütün məlumatlar yerli təhsili idarəetmə orqanlarına təqdim olunacaq. Qeydiyyatdan keçmək istəyən vətəndaşlar iyunun 5-dən etibarən övladlarının təhsil aldıqları müəssisələrə və ya aidiyyəti üzrə rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) müraciət edə bilərlər.

 

Ölkəmizin tanınmış simaları Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq “Yay məktəbi” haqqında öz fikirlərini bizimlə bölüşüb.

 

Xalq artisti, Milli Konservatoriyanın professoru, muğam ifaçısı Mənsum İbrahimov Təhsil Nazirliyi tərəfindən təşkil olunanan “Yay məktəbi”nin zamanında və düşünülmüş addım olduğunu deyib. Pandemiyanın son ildə təhsilimizə də çox zərər verdiyini qeyd edən sevilən ifaçı, bu zərəri kompensasiya etmək üçün yay məktəblərinin əla fürsət olduğunu diqqətə çatdırıb: “Şagirdlər proqram materiallarını tam mənimsəmək üçün “Yay məktəbi”ndən səmərəli istifadə edə bilərlər. Mətbuatda Təhsil Nazirliyi tərəfindən “Yay məktəbi”nin təşkili ilə bağlı xəbəri eşidəndə şad oldum. Ali təhsil müəssisələrində də zaman-zaman yay məktəbləri təşkil olunur. Bu məktəblərin faydasını biz həmişə görürük. Təhsil Nazirliyinin atdığı addımı alqışlayıram”.

 

 

 

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov yay məktəblərinin təşkili ilə bağlı məsələyə öz münasibətini bildirib: “Yay məktəbi”nin təşkilinin çox zəruri olduğunu düşünürəm. Məlumdur ki, pandemiya son iki tədris ilində təhsilimizə xeyli zərbə vurdu. Bunu kompensasiya etməyin ən yaxşı çıxış yollarından biri “Yay məktəbi”nin təşkili idi.  Qeyd edim ki, yay məktəbində şagirdlər bir- biri ilə canlı təmasda olacaq. Nəzərə alaq ki, uşaqlar bir yerdə olmaq üçün də darıxıblar. Bundan başqa mühit də dəyişəcək. Onu da qeyd edim ki, qavrama prosesində mühitin dəyişməsi önəmli məsələdir. Ən əsası şagirdlərimiz nə qədər çox sosial hadisələrin iştirakçısı olarlarsa, bir o qədər də kamilləşərlər. Təhsil Nazirliyinin “Yay məktəbi”nin təşkili ilə bağlı qərarını dəstəkləyirəm”.

 

 

 

 

Xalq artisti görkəmli tarzən Ramiz Quliyev də “Yay məktəbi”nin təşkili ilə bağlı fikirlərini bölüşüb. O, Təhsil Nazirliyinin atdığı addımı dəstəklədiyini deyib: “Əvvəllər də yay məktəbləri təşkil olunurdu. Yadımdadır, həmin vaxt şagirdlər “lager”ə getmək üçün günləri sayırdılar. Bu kimi tədbirlər uşaqlarda ünsiyyət qurmaq bacarığını daha da inkişaf etdirir. Yaxşı olar ki, yay məktəbləri bir az da əyləncəli olsun. Həmin zaman milli musiqimizin təbliğinə, şagirdlərdə musiqi zövqünün formalaşmasına da diqqət yetirilsin. İnanıram ki, “Yay məktəbi” şagirdlərimizə hərtərəfli faydalı olacaq. Şagirdlər pandemiyanın təhsilimizdə törətdiyi fəsadları aradan qaldıracaq”. 

 

 

 

 

 

 

Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksinin direktoru Sara Xanlarova “Yay məktəbi”nin təşkilini şagirdlərin bilik və bacarıqlarının artırılması istiqamətində atılan mühüm addımlardan olduğunu deyib: “Əvvəllər də yay məktəbləri olub. Həmin yay məktəbləri əyləncə xarakteri daşıyırdı. İndi isə əsas məqsəd tədris materiallarının möhkəmləndirilməsi, pandemiya zamanı yaranan boşluqların aradan qaldırılması ilə bağlıdır. İnanıram ki, Təhsil Nazirliyi “Yay məktəbi”ni ən yaxşı formatda həyata keçirəcək. Ümid edirəm ki, “Yay məktəbi” növbəti illərdə də təşkil olunacaq və bir ənənə halını alacaq”.

 

 

 

 

Xalq artisti, sevilən aktyor Nurəddin Mehdixanlı Təhsil Nazirliyinin son illər bir çox səmərəli layihələr həyata keçirdiyini, eyni zamanda pandemiya dövründə operativ və düşünülmüş addımlar atdığını vurğulayıb. O, belə addımlardan birinin də “Yay məktəbi”nin təşkili ilə bağlı olduğunu sözlərinə əlavə edib: “Təhsil Nazirliyi pandemiya dövrünü ən az zərərlə keçirmək üçün maksimum imkanlardan istifadə edir. Düşünürəm ki, valideynlər övladlarına yay məktəblərinin əhəmiyyətini aşılamalı, onlara pandemiya dövründə itirilmiş zamanı bərpa etmək üçün ən yaxşı fürsət olduğunu başa salmalıdırlar”.

 

 

 

 

İdman ustası, Olimpiya çempionu Elnur Məmmədli də Təhsil Nazirliyinin atdığı bu addımı alqışladığını bildirib. “Yay məktəbi”ndə şagirdlərin həm biliklərini artıracağını, həm də əylənəcəklərini deyib: “Pandemiyaya görə şagirdlər xeyli zamandır ki, məktəbdən kənar düşüb. Bu, onlar üçün əla fürsətdir. Fikrimcə, Təhsil Nazirliyi çox düşünülmüş və yerində olan bir qərar verib. Düşünürəm ki, şagirdlər bu iki həftəlik zamandan səmərəli istifadə etməli, onlar üçün yaradılan şəraiti dəyərləndirməlidirlər”.

 

 

 

 

Niyazi RƏHİMOV