IV Beynəlxalq Simpozium uğurla başa çatıb


İyunun 28-29-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz İslam Ordusunun 100 illik yubileylərinə həsr edilmiş “Türkdilli ölkələrdə təhsil və sosial elmlər” IV Beynəlxalq Simpoziumu keçirilib. Beynəlxalq Simpoziumda Türkiyənin və Azərbaycanın aparıcı universitetlərinin tanınmış və nüfuzlu alim-mütəxəssisləri, AMEA-nın məsul şəxsləri, Türkiyə Respublikasının Baş Nazirliyinin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), Beynəlxalq Mədəniyyət və Dil Araşdırmaları Mərkəzinin, Türk Dünyası Təhsilçilər Birliyinin, Yunis Əmrə İnstitutunun və digər elmi müəssisə və təşkilatların təmsilçiləri iştirak ediblər.

 

ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professoru Asəf Zamanov çıxış edərək bildirib ki, dövlət başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Bu Sərəncamın icrası ilə əlaqədar olaraq həm Azərbaycanda, həm də xaricdə bir çox tədbirlər keçirilib. “Türkdilli ölkələrdə təhsil və sosial elmlər” IV Beynəlxalq Simpoziumu da bu Sərəncama uyğun keçirilən tədbirdir. Beynəlxalq simpozium yüksək səviyyədə keçib və uğurla yekunlaşıb.

 

Türk Tarix Qurumu başqanı Refik Turan, Adnan Menderes Universitetinin professoru Asuman Seda Saracaloğlu, Biruni Universitetinin Təhsil fakültəsinin dekanı, professor Adnan Ömerustaoğlu, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər çıxış edərək beynəlxalq simpoziumun keçirilməsini türk dünyası üçün böyük hadisə kimi qiymətləndiriblər

 

Rektor Cəfər Cəfərov yekun çıxışında bildirib ki, böyük elm və təhsil məbədi olan ADPU yenə gözəl günlər yaşadı. ADPU ölkəmizdə ilk anadilli ali təhsil müəssisəsidir. Fəaliyyət göstərdiyi müddət ərzində 150 mindən çox pedaqoji kadr lazırlayıb. AMEA-nın 10 prezidentinin 3-ü – Yusif Məmmədəliyev, Həsən Abdullayev, Zahid Xəlilov, 2 vitse-prezidenti – Heydər Hüseynov və Səməd Vurğun ADPU-nun məzunlarıdır. Ölkə rəhbərliyi müəllim hazırlığına xüsusi diqqət yetirir. Üç ilə yaxındır ki, Azərbaycan Müəllimlər İnstitutu filialları ilə birlikdə ADPU-ya qoşulub. Azərbaycan Dövlət Pedaqoji Kolleci ADPU-nun nəzdində fəaliyyət göstərir. Geniş şəbəkəyə malik olan ADPU-da 18 mindən çox tələbə təhsil alır.  Müəllim hazırlığı ölkənin, xalqın milli təhlükəsizlik məsələsidir. Universitetimizin kollektivi yüksək səviyyəli pedaqoji kadrlar hazırlamaq üçün əzmlə fəaliyyət göstərir. Belə beynəlxalq tədbirlər bu vacib vəzifənin həyata keçirilməsində önəmli rol oynayır.

 

Sonra iştirakçılar TÜRKSOY-un Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında təşkil etdiyi konsert proqramını izləyiblər.