Avropa İttifaqı (Aİ),  Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən (PTDA) gənclər arasında peşə təhsilinin təşviqi məqsədilə kampaniyaya başlanılıb.

     

Kampaniya çərçivəsində Bakıda yerləşən avtobus dayanacaqlarında, eləcə də digər məkanlarda hazırda uğurlu karyera sahibi olan peşə təhsil müəssisələri məzunlarının müvafiq posterləri yerləşdirilib. Kampaniya oktyabr ayına qədər davam edəcək və peşə təhsili istiqamətində təhsil almaq, uğurlu karyeraya sahib olmağın yolları barəsində davamlı məlumat veriləcək.

            

Təşəbbüs Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində irəli sürülüb. Layihənin əsas məqsədi əmək bazarının tələblərinə uyğun tədrisin təşkilinə dəstək olmaq və bu istiqamətdə Azərbaycandakı peşə təhsil müəssisələrinin müasirləşdirilməsinə yardım etməkdir.

 

Qeyd edək ki, peşə təhsil müəssisələrinə qəbul 20 avqust tarixinə qədər portal.edu.az saytı vasitəsilə onlayn formada davam edəcək.