M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı ilə İnformasiya Texnologiyaları İnstitutu arasında tələbələrin istehsalat təcrübəsi keçmələrinə dair imzalanmış müqaviləyə əsasən, MDU-nun Bakı filialının tələbələri institutda istehsalat təcrübəsi keçməsi nəzərdə tutulur.
 
İnformasiya Texnologiyaları İnstitutundan "Azərbaycan müəllimi"nə bildirilib ki, istehsalat təcrübəsi müddətində informasiya texnologiyalarının aktual elmi problemləri ilə bağlı tədqiqat aparacaq gənclərə institutda elmi-nəzəri və texnoloji biliklər aşılanacaq.
 
Bu məqsədlə institutda MDU-nun Bakı filialının “Tətbiqi riyaziyyat” fakültəsinin IV kurs tələbələri ilə görüş keçirilib. Görüşdə institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, tələbələrin təhkim olunduğu təcrübə rəhbərləri, eləcə də digər aidiyyəti şəxslər iştirak ediblər.
 
R.Ələkbərov İnformasiya Texnologiyaları İnstitutunda Data mining, Big Data, kiber-fiziki sistemlərin təhlükəsizliyi, proqram təminatının yaradılması, yaşıl texnologiyalar və digər aktual elmi istiqamətlərdə tədqiqatların aparıldığını bildirib. İcraçı direktor tələbələrə institutda yaradılmış maddi-texniki şərait haqqında məlumat verib, AzScienceNet şəbəkəsi və Data Mərkəzin təqdim etdiyi imkanları diqqətə çatdırıb. 
 
Dosent Rəşid Ələkbərov tələbələrə institutda mövcud olan elmi mühit və təcrübədən yararlanmağı, nəzəri və texnoloji biliklərə yiyələnməyi eləcə də, gələcəkdə İnformasiya Texnologiyaları İnstitutunda doktorantura və dissertantura pillələri üzrə təhsil almağı tövsiyə edib.
 
Görüşdə təcrübə müddətində görüləcək işlər, veriləcək tapşırıqlar və həyata keçirilməsi nəzərdə tutulan tədqiqatlar barədə müzakirələr aparılıb.