Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda yerləşən A.Quliyev adına Kükü kənd tam orta məktəbi cari ildə 100 illik yubileyini qeyd etdi. Bu qədim tədris ocağı 100 illik fəaliyyəti dövrünün hər tədris ilində öz məzunlarını yüksək göstəricilərlə universitetlərə uğurlayır. Həmin məzunlar Azərbaycanın müxtəlif universitetlərində təhsil alır və gələcəyin uğurlu namizədlərindən olurlar. 2023-2024-cü tədris ilində 11-ci sinifdən məzun olan 9 şagirddən 8-i ali təhsil müəsisələrinə qəbul olub. Onlar içərisindən 2 nəfər 600 baldan yuxarı, 2 nəfər isə 500 baldan yuxarı nəticə göstərib.
 
"Azərbaycan müəllimi" yüksək nəticələrlə Kükü kənd tam orta məktəbini bitirən məzunlarını təqdim edir.
 
Kükü kənd tam orta məktəbidə, həmçinin də Şahbuz rayonunda 2023-2024-cü tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında ən yüksək nəticəni əldə etmiş Gülay Kərimli Kükü kənd tam orta məktəbində təhsil aldığı müddətdə bilik və bacarıqlarını daim təkmilləşdirib. Riyaziyyat fənnini sevərək öyrənən Gülay “American Math Olympiad” olimpiadasında 3-cü yerin qalibi, Respublika fənn olimpiadalarında riyaziyyat fənni üzrə dəfələrlə yarımfinal mərhələsinə yüksəlib. Universitet təhsilini də məhz "Riyaziyyat müəllimiyi" ixtisası üzrə seçib. 650 balla Naxçıvan Dövlət Universitetinə daxil olan Gülay düşünür ki, bu ali təhsil müəsisəsi ona tələbəlik həyatında çoxlu uğurlar qazandıracaq. 
 
Kükü kənd tam orta məktəbini 2-ci yüksək nəticə ilə bitirən Nihat Bağırlı da təhsil aldığı illərdə böyük uğurlar əldə edib. O, 2022 və 2023-cü illərdə “American Math Olympiad” olimpiadasında iştirak edərək 1-ci və 2-ci yerlərin qalibi olub. Həmçinin SAMOS (Singapur and Asian Math Olympiad) olimpiadasında 2 dəfə bürünc medala layiq görülüb. Buraxılış imtahanında ingilis dili və riyaziyyat fənləri üzrə maksimal bal toplayan Nihat Bağırlı ümumilikdə 623 bal toplayaraq uşaqlıqdan arzusunda olduğu Azərbaycan Neft və Sənaye Universitetinin "İnformasiya təhlükəsizliyi" ixtisasına daxil olub. O, uğurunun əsasını hədəflərinin olmasında və hədəflərinə çatmaq üçün çox çalışmasında görür. 
 
Hərgül Həsənovanın marağı isə kimya fənninədir. O, təbiətdə baş verən bütün prosesləri bununla əlaqələndirir və kainatın sirrinin kimyada gizləndiyini deyir. Kükü məktəbindən 542 balla məzun olan Hərgül Həsənova Bakı Mühəndislik Universitetinin "Kimya mühəndisliyi" ixtisasına daxil olub. 
 
Məktəbin digər məzunu Turqay Məmmədov riyaziyyat fənni üzrə bir çox uğurlar qazanıb, Respublika fənn olimpiadalarının bürünc medalçılarındadır. O, 521 balla Bakı Ali Neft Məktəbinin "Komputer elmləri" ixtisasına daxil olub. Turqay uğurunun əsas səbəbini valideynlərinin onu dəstəkləməsində və təhsil aldığı məktəbin güclü müəllim kollektivində görür. 
 
Röya ƏLİYARLI
Naxçıvan