Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə fəaliyyət planına əsasən “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” layihəsinin icrası davam etdirilir.
 
Təhsil İnstitutundan "Azərbaycan müəllimi"nə bildirlib ki, layihə çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Regional Təhsil İdarələrinin əməkdaşlarının “Uşaq müdafiəsi və təhlükəsizliyi mexanizmi” barədə maarifləndirilməsi üçün 26-27 avqust tarixlərində keçirilən təlimlərin ilk günü uğurla yekunlaşıb.
 
Təlimin açılış mərasimində çıxış edən ARTİ-nin direktoru səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev uşaq sağlamlığı, uşaq müdafiəsi və təhlükəsizliyi mövzularının aktual olduğunu, Elm və Təhsil Nazirliyi tərəfindən bu sahəyə xüsusi diqqət ayrıldığını qeyd edib. UNICEF-lə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihənin əhəmiyyətini vurğulayaraq, bu il layihənin əhatə dairəsinin genişləndirildiyini və ümumilikdə 30 yeni məktəbin layihəyə cəlb edildiyini qeyd edib.
 
Təlim proqramının ilk günü iştirakçılar uşaq müdafiəsi və təhlükəsizliyi mexanizminə dair təməl anlayışlar, zorakılığın kateqoriyaları, xüsusiyyətləri, ilkin məlumatların toplanılması, təhsil müəssisələrində formalaşdırılan qrupların öhdəlikləri, müraciətin daxil olması halında müvafiq qurumlara necə yönləndirilməsi və əməkdaşlığın qurulması mexanizmi ilə tanış olublar. Sonrakı hissədə iştirakçılar mexanizmə dair formalarla bağlı praktik tapşırıqlar icra ediblər.
 
Qeyd edək ki, təlim ARTİ-nin Metodiki Dəstək Mərkəzinin əməkdaşı, eyni zamanda “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” layihəsinin supervayzeri Səbinə Balayeva tərəfindən keçirilir.