İki gün davam edəcək beynəlxalq tədbirdə 110 məruzənin dinlənilməsi nəzərdə tutulub


İyulun 5-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İdarəetmə Sistemləri İnstitutunun birgə təşkilatçılığı ilə  “İnşaatda informasiya texnologiyaları və sistemlərinin tətbiqi imkanları və prespektivləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb.

        

Konfransda Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov, Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik-katib Rasim Əliquliyev, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, AzMİU-nun İnformasiya texnologiyaları və sistemləri kafedrasının müdiri, akademik  Telman Əliyev, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun rəhbəri Elçin Zeynalov, AMEA-nın müxtəlif insitutlarından və ali təhsil müəssisələrindən nümayəndələr, Özbəkistandan gələn qonaqlar iştirak ediblər.

        

Konfransı AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova açaraq  qonaqları salamlayıb, mövzunun aktuallığına diqqət çəkib. O, XXI əsrin daha çox elmin və texnikanın sürətli inkişafı, yeni texnologiyaların, elmi və praktiki innovasiyaların, İT-nin həyatın bütün sahələrinə tətbiqi ilə səciyyələndiyini vurğulayıb. Rektor İT-nin inşaata tətbiqinin  inşaat şirkətlərinin işində yarada biləcəyi üstünlüklər, bu sektorun dövrün çağırışlarına operativ uyğunlaşa bilməsi üçün yeni üsulların yaratdığı imkanlar və qeyd olunan texnologiyanın tətbiqi vasitəsilə rahatlıq, mobillik və operativliyin artırılması barədə məlumat verib. Qeyd edib ki, bu gün inşaat sahəsində informasiya texnologiyalarının tədbiqi  yeni binaların, şəhərcik komplekslərinin tikintisini insan əməyi olmadan mümkün edir.

        

Kamran İmanov  çıxışında vurğulayıb ki, insanın inkişafında ən mühüm amil elm, təhsil və müasir biliklərdir. “İnformasiya-kommunikasiya texnologiyaları da daxil olmaqla, müasir texnologiyalardan bilik və informasiyanın ötürülməsi üçün istifadə olunması qlobal səviyyədə də inkişafın əsas şərtlərindən sayılır. Hazırda bütün ölkələrdə iqtisadi potensialın insan kapitalına çevrilməsi yolunda ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Ehtimal ki, gələcək şəhərlərin tikintisində smart texnologiyaların tətbiqinə daha çox üstünlük veriləcək. Memarlar da, inşaatçılar da qabaqcıl texnologiyalardan yararlanmaqla öz işlərini mükəmməl şəkildə quracaqlar”.

        

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə informasiya texnologiyalarının artıq müasir həyatın ayrılmaz bir hissəsi olduğunu və beynəlxalq təcrübədə bu texnologiyaların müxtəlif sektorlarda uğurla  tətbiq olunduğunu qeyd edib. O bildirib ki, informasiya-kommunikasiya texnologiyalarının inkişafı nəticəsində bu gün artıq bütün sahələrdə yeni alətlər tətbiq olunur, müxtəlif xidmətlər göstərən yeni formalı mexanizmlər yaranır.

        

AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev   informasiya və kommunikasiya texnologiyalarının təsir dairəsinin dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti və bütövlükdə insanların həyat tərzini əhatə etdiyini deyib. O, respublikamızın  İKT-nin infrastruktur, yeni kadrlar ordusunun yaranması baxımından qabaqcıl ölkə kimi tanındığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

                  

Konfransın plenar iclasında AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, AzMİU-nun “İnformasiya texnologiyaları və sistemlər” kafedrasının müdiri, akademik  T.Əliyev və Özbəkistandan gəlmiş qonaq İbrohiməli Normatovun  məruzələri dinlənilib.

        

Məlumat üçün deyək  ki, iki gün davam edəcək konfransda 110 məruzənin dinlənilməsi nəzərdə tutulub.