Azərbaycan Avropa İttifaqından birmənalı dəstək qazandı


Ötən həftə Prezident İlham Əliyevin iştirakı ilə Belçika Krallığının paytaxtı Brüsseldə keçirilən Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammiti Azərbaycan üçün bir sıra müsbət məqamlarla yadda qaldı. Dövlətimizin başçısı  İlham Əliyev tədbirdən öncə müxtəlif formatlarda görüşlərdə iştirak etdi və bu görüşlərin hər birində II Qarabağ müharibəsindən sonrakı dövrdə atılması vacib addımlarda Azərbaycanın mövqeləri ciddi şəkildə müdafiə olundu.

 

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli və Azərbaycan, Ermənistan dövlət rəhbərlərinin ikitərəfli görüşləri ölkəmizin milli maraqlarına cavab verən nəticələr ortaya qoydu.

 

Bu nəticələr nədən ibarət idi?

 

Avropa İttifaqının təşəbbüsü ilə keçirilən görüşün yekun nəticələrinə dair Bəyanata diqqət edək. Bəyanatda Cənubi Qafqazda sülhün bərqərar olunması üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış var. Sənəddə kommunikasiya infrastrukturunun yaradılması, ölkələr arasında əlaqəni təmin edən xətlərin açılması və inkişaf etdirilməsindən söhbət gedir. Avropa İttifaqının iqtisadi və investisiya resursları vasitəsilə icra olunacaq layihələri dəstəkləyəcəyi, dəmir yolu xəttinin çəkilməsi, gömrük və sərhəd nəzarətinin qarşılıqlılıq prinsipi əsasında təşkilinə tərəfdar olduğu qeyd edilir. Bundan başqa, minaların təmizlənməsinə Avropa İttifaqının texniki dəstək verməyə hazır olduğu bildirilir.

 

Olduqca müsbət yanaşmadır. Yaxşı tərəfi həm də ondan ibarətdir ki, Rusiyanın Soçi şəhərində aparılan danışıqların, ümumiyyətlə 2020-ci ilin 10 noyabr Bəyanatı ilə götürülən öhdəliklərin ziddinə heç bir təklif irəli sürülmədi, əksinə Ermənistan-Azərbaycan münasibətlərinin yeni reallığa uyğun qurulması üçün indiyə qədər atılan addımların davam etdirilməsinə xoş jestlər göstərildi; Avropa İttifaqının Rusiya ilə üst-üstə düşən uğurlu vasitəçilik və dəstək  missiyası bir-birini tamamlayan səylər kimi xoş təəssürat yaratdı.

 

Ən mühümü odur ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması, humanitar xarakterli məsələlər və digər mövzular ətrafında aparılan geniş fikir mübadiləsi nəzəri xarakterli təşəbbüslər, masa üzərində qalan səylərdən ibarət olmadı;  Avropa İttifaqı praktik əhəmiyyəti olan, səmərəli və praqmatik keçən bir müzakirəni yarada bildi. Bunun təsiri ondan ibarət oldu ki, Ermənistan tərəfinin mövqeyində yumşalma baş verdi. Əgər 10 noyabr Bəyanatı ilə götürülən öhdəliyə, Soçidə təkrar təməli qoyulan razılaşmaya Ermənistanın tərəddüdlü davranışları var idisə, Avropa İttifaqı tərəfindən keçirilən müzakirələrdə bu tərəddüd xeyli aradan qalxdı.

 

Nəyə görə?

 

Çünki Ermənistan tərəfi daha çox Avropa ilə anlaşmağa meyllənirdi, daha çox Avropadan müdafiə xarakterli qərarlara ümidli idi, nəhayət anladı ki, Rusiyanın bölgədə nəqliyyat infrastrukturu, xüsusilə də dəmir yolu xəttinin çəkilməsi kimi irəli sürdüyü məsələlər həm də Avropa İttifaqı tərəfindən vacib  sayılır. Əgər  Ermənistan ümid edirdisə ki, Avropa İttifaqı formatında müzakirələr onun xeyrinə nəticələnəcək, yəni, ATƏT-in Minsk Qrupunun fəaliyyətinin bərpasına razılıq nümayiş etdiriləcək, bundan sonra o, bir dövlət kimi əlini bir az gücləndirib Azərbaycana heç bir güzəşt siyasətinə getməyəcək, lakin belə bir variant söz predmeti olmadı. Əksinə, Avropa İttifaqı Azərbaycanın postmüharibə dövrü reallıqlara uyğun siyasətinin müdafiəçisi qismində çıxış etdi.

 

Odur ki, Ermənistan Avropa İttifaqı platformasında gedən müzakirələrin istiqaməti və məzmunu ilə razılaşmaq məcburiyyətində qaldı. Konkret desək:

 

- Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılmasına dair razılığa gəldi.

 

- Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq etdi, dəmir yolunun çəkilişinə tezliklə start veriləcəyini bildirdi. 

 

- Gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə razılıq əldə olundu.

 

Təbii ki, həmişə olduğu kimi məhz bu sonuncu məqamda da Prezident İlham Əliyevin tutduğu qətiyyətli mövqe xüsusi rol oynadı. Söhbət Zəngəzur dəhlizinin hüquqi rejimindən gedəndə, məsələ Laçın dəhlizi ilə eyniləşdirildi. Prezidentin fikirlərinə diqqət edək:

 

“Bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Bu, məntiqidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki varianta hazırıq: ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində hər iki gömrüyün olması”.

 

İlham Əliyevin bu sitatı ilə Azərbaycanın mövqeyi Avropa İttifaqında  qətiyyətlə ortaya qoyuldu. Üstəlik, Zəngəzur dəhlizinin bölgə üçün necə bir əhəmiyyətə malik olduğunun aydın izahı da verildi. Həmin izaha baxaq:

 

“Bağlılığa gəlincə, regional nəqliyyat əlaqələrinin inteqrasiyası, həqiqətən də region üçün böyük imkandır. Çünki Zəngəzur dəhlizi təkcə bizim Naxçıvan Muxtar Respublikasına çıxış əldə etməyimiz üçün deyil, həm də Ermənistanın Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi üçündür. Bununla, həmçinin Ermənistan da Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi əldə edir. Ermənistan Azərbaycan ərazisindən Rusiya ilə dəmir yolu əlaqəsi əldə edir. Bu gün onların belə bir dəmir yolu əlaqəsi yoxdur. Bu, regionda həqiqətən müsbət ab-hava yarada bilər və bu, hər kəsin xeyrinə olacaqdır. Hesab edirəm ki, bu imkanların düzgün dəyərləndirilməsi dinc gələcəyimizin planlaşdırılması baxımından olduqca vacibdir”.

 

Görüşdən öncə Prezident İlham Əliyevin xarici mətbuat vasitəsilə səsləndirdiyi bu aydın və qəti mövqe kifayət etdi ki, Paşinyan Ermənistanın çıxılmazlığını və dəhlizlə qazana biləcəklərini yaxşı analiz edə bilsin.  Ermənistan rəhbərliyi gözəl anlayır ki, kommunikasiyalar geci-tezi açılacaq. Necə ki, Soçi görüşündən sonra  hava məkanı açıldı. Azərbaycan Hava Yollarının Bakıdan Naxçıvana uçan təyyarələri Ermənistan hava məkanından keçməyə başladı. Demək ki, Ermənistan razı olsa da, olmasa da,  həm dəmir yolu, həm avtomobil yolu mütləq işləyəcək. Doğrudur, avtomobil yolunun marşrutunun müəyyən edilməsi ilə bağlı hələ ki, konkretlik əldə olunmadı, lakin müzakirələrin davam etdirilməsi barədə razılığa gəlindi.

 

Qeyd edək ki, humanitar xarakterli məsələlərin həllində də Azərbaycan Avropa İttifaqından dəstək aldı. Söhbət minaların təmizlənməsinə qurum tərəfindən göstəriləcək texniki yardımdan gedir. Azərbaycan minalar bəlasından ciddi əziyyət çəkir, 200-ə yaxın insanın mina partlaması nəticəsində həlak olması humanitar fəlakətdir və Avropa İttifaqının bu məsələyə texniki, maliyyə yardımı göstərməyə hazırlığını ifadə etməsi alqışa layiqdir. Bu, o deməkdir ki, işğaldan azad olunmuş torpaqlarda minaların təmizlənməsi, mina xəritələrinin həqiqəti əks etdirən variantda Azərbaycan tərəfinə verilməsində Avropa İttifaqının da səyləri ortada olacaq və bu yöndə də bərabər iş aparılacaq.

 

Bütün bunlar Brüssel görüşünün əhəmiyyətli nəticəsi kimi qiymətləndirilir. Bu baxımdan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində nümayiş etdirdiyi dəstək, sadəcə alqışlanmır, həm də etimad qazanır və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün bu formatda atılacaq addımların davamına etibarlı zəmin yaradır.

 

Qeyd edək ki, Şarl Mişel hər iki ölkənin müdafiə nazirləri arasında birbaşa əlaqənin yaradılması ilə bağlı təşəbbüsün  də müəllifidir və hazırda bu təşəbbüs üzərində iş gedir.

 

Bütün bu faktlar Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərin qənaətbəxş olmasının göstəricisidir, əlaqələrin dinamik inkişaf etməsinə ölkəmizin bu sammitdə yüksək səviyyədə iştirakı da bariz nümunədir. Bəllidir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq mövcuddur, 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi XXI əsrin ən böyük infrastruktur layihələrindən biridir, bu layihənin son hissəsi  olan Trans-Adriatik xəttinin işə salınması ilə Azərbaycan qazı Avropa İttifaqının üç ölkəsinə - İtaliya, Yunanıstan və Bolqarıstana çatdırılır. Gələcəkdə Azərbaycan istehsal etdiyi qazın ixrac coğrafiyasını Avropa İttifaqının digər üzv ölkələrinə genişləndirmək niyyətindədir.

 

Avropa İttifaqı ilə Azərbaycan arasında 2018-ci ildə “Tərəfdaşlıq prioritetləri” adlı sənədin paraflandığını da qeyd etmək lazımdır. Yeni tərəfdaşlıq sazişi üzərində işin 90 faizdən çoxu artıq başa çatdırılıb. Sənədin qalan hissəsi qarşıdan gələn dövr ərzində aparılacaq danışıqlar nəticəsində yekunlaşdırılacaq. Beləliklə, Avropa İttifaqı ilə münasibətlər daha sistemli, daha aktiv mərhələyə keçəcək.

 

Avropa İttifaqının Cənubi Qafqaz regionunun problemlərinə göstərdiyi belə həssas münasibət, müharibəsonrası vacib mərhələni mütəmadi diqqətdə saxlaması, sülhyönümlü təşəbbüslər irəli sürməsi, regional məsələlərin həllində nəticəyönümlü fəaliyyəti, sözsüz ki, qurumla Azərbaycan arasında münasibətləri daha uğurlu şəkildə inkişaf etdirəcək. Artıq əminliklə demək olar ki, müharibədən sonrakı dövr üçün etibarlı sülhün əldə olunmasında, bölgənin inkişafında Rusiya ilə yanaşı, Avropa İttifaqının da səyləri və yaxından dəstəyi öz töhfəsini verir.

 

Vəfa ALLAHVERDİYEVA