Beynəlxalq bestsellerlər müəllifi Rod Cadkins “Yeni çağırışlar”da


“Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti qonağı beynəlxalq bestsellerlər müəllifi, yazıçı və yaradıcı düşüncə üzrə mütəxəssis Rod Cadkins təhsil təcrübəsini bölüşüb. Təhsil Nazirliyinin dəstəyi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə keçirilən “Yeni çağırışlar” proqramın 17 dekabr 2021-ci il tarixində yayımlanan bölümündə Rod Cadkins ilə təhsildə yaradıcılıq barədə danışılıb.  “T-Network”un koordinatoru Cəfər Mənsiminin təqdimatında davam edən proqram Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən Mətin Axundlunun tərcüməsi ilə Azərbaycan dilində canlı yayımlanıb. Proqramın məqsədi yerli və xarici mütəxəssislərin iştirakı ilə təhsildə yeni çağırışları müzakirə etmək, davamlı öyrənmə və inkişaf prosesini dəstəkləmək, qlobal səviyyədə qabaqcıl təcrübələrlə tanış olmaqdır.

 

Rəssam yazıçı

 

Qarşıdan gələn yeni ili və bu ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunmasını nəzərə alaraq dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə”sindən ibarət kitablardan qurulan “şam ağacı” fonunda qonağı və izləyiciləri salamlayan “T-network”un koordinatoru Cəfər Mənsimi hər kəsi təbrik edib və xoş arzularını diləyib. Rod Cadkinsi izləyicilərə yaxından təqdim edərək C.Mənsimi bildirib ki,“Yaradıcı düşünmə sənəti”, “Dəyərli işlər gör”, “Düşüncəni dəyiş” kitabları qonağın yaradıcı düşüncə, mədəniyyət və psixologiya mövzularında ən çox satılan kitablarından bir neçəsidir. Yazıçının kitabları 15-dən çox dilə tərcümə olunub. R.Cadkins “Apple”, “Google”, “Samsung”, “Bombay Sapphire”, “The Guardian” qəzeti və s. bir çox şirkətdə yaradıcı düşüncənin inkişafı istiqamətində çıxışlar, treniqlər təşkil edib. 20 ilə yaxın “Central Saint Martins” İncəsənət Kollecində, o cümlədən, London Kollecində, İspaniyanın Navarra, Belçikanın Navur universitetlərində müəllim işləyib.

 

Aparıcının qonağa ünvanladığı birinci sual “Siz nə zaman və necə özünüzü yaratmaq fikrinə gəlmisiniz? Yaratdığınız və yaratmaq istədiyiniz Rod Cadkinsi necə təsvir edərdiniz?” olub. Kitablarında “yeni sənin”, “yeni özünün” aşkar edilməsi haqqında yazdığını bildirən bestseller müəllifi əvvəllər rəssam kimi fəaliyyət göstərdiyini, rəsm əsərlərinin bir çox qalereyalarda nümayiş etdirildiyini diqqətə çatdırıb. İndiyə qədər 5 kitabının çap olunduğunu qeyd edən R.Cadkins yazıçı kimi özünü tamamilə yenidən kəşf etdiyini bildirib. “Mən tələbələrimə özlərini təsəvvür etməyə, gələcəkdə özlərini necə görmək istəyirlərsə, ona can atmağa çağırıram, insanı necə formalaşdırmağın yollarını tədris edirəm”, - qonaq söyləyib. Kitablarının əksəriyyətinin uğur hekayələri, personajlarının isə real həyatda mövcud olan çox imkansız təbəqələri təmsil etdiyini bildirən yazıçı bununla yanaşı qəhrəmanlarının istedadlı olduğunu, səyləri ilə özlərini formalaşdırdıqlarını vurğulayıb.

 

Yaradıcı yanaşma

 

Rod Cadkins qeyd edib ki, kitablarının əsas mövzusu yaradıcı yanaşmadan ibarətdir və müəllimlik etdiyi Saint Martins İncəsənət Kollecində tələbələrinə bu mövzunu təşviq etməyə çalışır. Yaradıcı məkan hesab edilməyən banklar, xəstəxanalar, müxtəlif şirkətlərdə, London Kollecinin tibb fakültəsində tələbələrinə yaradıcı yanaşma mözusunda mühazirələr oxuduğunu deyən yazıçı insanların düşüncələrinin eyni kreativ olmadığını, bunun üçün də mühazirələri, kitabları vasitəsilə yaradıcı düşüncəni insanlara çatdırmağa çalışdığını söyləyib. R.Cadkins cərrahlarla bir yerə yığışaraq əməliyyatları təhlil etmələri və araşdırmaları haqqında danışıb, elmin bu sahəsində yaradıcı yanaşmanın olduqca maraqlı və çətin bir iş olduğunu dilə gətirib.

 

“Uşaqlar məktəbə sual işarəsi kimi girib nida işarəsi kimi çıxırlar” fikrinin müəllifi Rod Cadkins “niyə belə düşünürsünüz, əslində reallıq necə olmalıdır?” sualına cavabında qeyd edib ki, müəllimlər şagird və tələbələrə daha çox informasiyanı, faktları çatdırmağa meyillidirlər. Yaradıcı düşüncə üzrə mütəxəssis vurğulayıb ki, faktlarla yanaşı tələbələrə problemləri, çətinlikləri həll etmə bacarıqları aşılanmalı, kreativ yanaşma tərzi öyrədilməlidir. Orta məktəbdə yaradıcılığın sıxıldığını və öldürüldüyünü dilə gətirən Cadkins vəziyyəti dəyişmək üçün məktəbin tətbiq etdiyi praktikaya yaradıcılığı əlavə etmək lazım olduğunu bildirib: “Məktəblərdə sərbəst şəkildə düşünməyə, addımların atılmasına vurğu etmək əvəzinə həddindən çox məlumatların yadda saxlanılmasına diqqət yetirilir. Elm sahəsində rəsm dərslərindən ibrət alınacaq çox şeylər var, rəsm vasitəsilə bacarıqları genişləndirmək mümkündür. Sualların, tapşırıqların cavablarını tələbələr özləri araşdırmalı və tapmalı, sərbəst, müstəqil həll etməlidirlər. Öyrətmək doğru cavabları verməklə deyil, doğru sualları verməklə ölçülür”.

 

C.Mənsiminin “Yaradıcı zəka daha çox hansı insanlarda öz əksini tapır? Kimdir yaradıcı insan?” sualına cavabında qonaq qeyd edib ki, mövcud vəziyyətdən qane olmayan və daim axtarışda olan şəxs yaradıcı insandır. Rod Cadkinsin fikrincə, insanları yaradıcılığa sövq edən coşqu işinə olan sevgisidir. Bu sevgi maneələr aşmaq həvəsi yaradır. Məşhur “Çənələr” filmini misal gətirən yazıçı rejissor Stiven Spilberqin həm də ssenaristi olduğu ekran əsərinin çəkilişləri zamanı yaranan çətinliklərə baxmayaraq işini sonadək görməsinin, çox uğurlu nəticə əldə etməyinin səbəbini onun kinematoqrafiya sənətinə olan sonsuz sevgisi ilə əlaqələndirib.

 

Yaradıcılığın killidinin açılması

 

Yazıçı bu yaxınlarda çap olunmuş “Parlaq işlər görün. Yaradıcılığın kilidini necə açmalı və ugur qazanmalı” (Make Brilliant Work: From Picasso to Steve Jobs, How to Unlock Your Creativity and Succeed) adlı yeni kitabında bəhs etdiyi 5 əsas vəzifə haqqında danışaraq bunları deyib: “1-ci vəzifə özümüzü kəşf etmək, kimliyimizi dərk etməkdən ibarətdir. Müxtəlif işlərin qulpundan yapışaraq nəhayət sevdiyiniz fəaliyyət növünü tapıb kim olduğunuzu kəşf edə bilərsiniz. 2-ci vəzifə sən kim olduğunu bildikdən sonra harada olmaq istədiyindir. Bu, hər hansı bir ölkə, şəhər, iş yeri (şirkət, müəssisə və s.) ola bilər. Arzu etdiyin doğru yerdə olmağın çox vacibdir. 3-cü vəzifə nə etmək istədiyini kəşf etməkdir. Bir çox yaradıcı insanlar sevdiyi fəaliyyət növünü tapanadək müxtəlif işlərlə məşğul olub və nə istədiklərini müəyyən ediblər. 4-cü nə ilə işləyəcəyiniz, yəni material olaraq etdiyiniz seçiminizdir. 5-ci və ən vacib məsələ “nə üçün?” sualına cavab tapmağınızdan ibarətdir. Yəni siz dərk etməlisiniz ki, nə üçün olduğunuz yerdəsiniz və seçdiyiniz işlə məşğulsunuz”.

 

Kitablarında yaradıcılığın bloklanması ilə bağlı “Əksəriyyət başqalarına bənzəməyə çalışır, yaradıcı adamlar isə özləri olmağa” fikrinə aydınlıq gətirən R.Cadkins digərlərinə bənzəməkdə heç bir qüsur görmədiyini, sadəcə yaradıcı insanların digərlərinə bənzəmək istəyərkən yenilik gətirmələri və bunu öz tərzlərində etdikləri haqqında danışıb. Pablo Pikassonu misal gətirən yazıçı onun Sezannın əsərlərini yaxından izlədiyinə və ona bənzəmək istədiyinə rəğmən getdikcə sənətini daha da inkişaf etdirdiyindən və kubizm üslubunu yaratdığından bəhs edib.

 

Rəssam yazıçının fikrincə, parlaq işə nail olmaq yalnız məlumat, istedad, bacarıqla deyil, həmçinin daxili və xarici maneələri dəf etməklə bağlıdır. Əksər insanların özlərinin yaradıcı olmadıqlarını iddia etdiyini deyən Cadkins bu hissin onlara məktəbdə və diğər yerlərdə aşılandığını bildirib. O deyib: “Mən Saint Martins İncəsənət Kollecində tələbələrimi yaradıcı, coşqulu, eksperimental olmağa, uğursuzluqdan qorxmamağa, uğur əldə etmək üçün digər yolları sınamağa çağırıram. Hər şeyə eksperiment gözü ilə baxsan onların məzmununu daha da genişləndirəcəksən”.

 

Bədii yaradıcılığın insanı formalaşdırması üçün Rod Cadkins insanlara yeni bir ideya irəli sürmək istəyərkən başqaları mənim haqqımda nə deyər, “səfeh ideya” adlandırar deyə düşüncələrdən uzaq olmağı, ehtiyat və narahatlıqları kənara qoymağı tövsiyə edib. “Çox zaman “səfeh ideya” olduqca maraqlı nəticələrə gətirib çıxarır. Dərs zamanı mən çalışıram ki, tələbə istənilən fikri və ideyanı dilə gətirsin, nə deyəcəyindən narahat olmasın”, - Cadkins söyləyib. 

 

“Azərbaycan müəllimi”nin “XXI əsr şagirdinin yaradıcı düşüncəsinin alovunu necə yandıra bilərik?”  sualına cavab olaraq yazıçı qeyd edib ki, ilk növbədə, öyrənənlər həvəsli olduqları sahələri aşkar etməli, həmin sahəyə yaxşı bələd olmalı, sonra isə mənimsədiyi sahəyə yenilik gətirmək üçün coşqu və yaradıcı yanaşma nümayiş etdirməlidir. Saint Martins İncəsənət Kollecində yaradılan yaradıcılıq mühitindən bəhs edən qonaq burada hər kəsin fikir söyləməkdə rahat olduğunu bildirib, digər müəssisələrdə, banklarda, şirkətlərdə, xəstəxanalarda mühazirə oxuyarkən həmin mühiti, yaradıcı ruhu  bu məkanlara da gətirmək, insanlarda kreativ olduqlarına inam yaratmaq istədiyini diqqətə çatdırıb.

 

Yazıçının kitabında yer almış təhsil tarixinin ən uğurlu sinfindən, həmin sinfin şagirdlərinin hər birinin Nobel mükafatına layiq görülməsi haqqında sualı cavablandırarkən Cadkins bildirib ki, barəsində yazdığı müəllim hər gün 100 km yolu qət edərək cəmi 3 tələbədən ibarət auditoriyada tamamilə dolu sinif otağı kimi dərs keçib, bütün biliklərini onlarla paylaşıb. Bu amili həmin müəllimin işinin aşiqi olması ilə əlaqələndirən R.Cadkins insanları gördükləri işin məsuliyyətini anlamağa çağırıb.

 

Meta dünyası təhsildə

 

“Yeni çağırışlar”ın aparıcısı C.Mənsiminin “Virtual reallıq, rəqəmsal transformasiya fonunda təhsilin məqsəd və vəzifələrinin hansı istiqamətdə dəyişəcəyini təxmin edirsiniz?” sualının qarşılığında qonaq qeyd edib ki, müasir təhsil birmənalı olaraq mövcud texnologiyaları özündə ehtiva etməlidir. Saint Martins İncəsənət Kollecinin kompüter şirkətləri ilə əməkdaşlıq etdiyini bildirən yazıçı texnologiyalar fonunda yenilikləri, ixtiraları başa düşməyin çox vacib olduğunu  deyib. Rod Cadkins meta təhsilin əvvəlkindən daha çevik ətraf mühitlə təmasda olmağa imkan verdiyini bildirib, tələbələrinin internet vasitəsilə tez bir zamanda əsərlərini nümayiş etdirməsi, ünsiyyət qurması, özlərini və əsərlərini tanıtması haqqında bəhs edib. 

 

Yaradıcılığın fərdiliyi və kütləviliyi ilə bağlı məsələyə aydınlıq gətirən yazıçı bəzən insanların qrup şəklində kreativlik nümayiş etdirməkdə əziyyət çəkdiklərini, ona görə də çox hallarda yaradıcılığını fərdi şəkildə büruzə verdiyini vurğulayıb. “Yaradıcılıq bir insandan irəli gəlir və bu dalğanın daha geniş məkanı tutması üçün artıq digər insanlar, komanda lazım olur”, - deyə Cadkins qeyd edib.

 

Aparıcının “Bəzi mütəxəssislər Xəyal İşləri Nazirliyinin olmasından danışırlar. Bəlkə bu nazirlik elə məktəblərin özləri olmalıdır? Məktəblər bu işə nə dərəcədə hazırdırlar?” sualına cavab olaraq Rod Cadkins bunun çox gözəl ideya olduğunu söyləyib. O deyib ki, bir memar mükəmməl binanı düşünürsə, həmin binanın şəhər arxitekturasına necə uyğun gələcəyini də göz önünə almalıdır, tək bir gözəl binanı deyil, ideal şəhəri də öncədən düşünməlidir. Əgər belə bir nazirlik olsaydı, nazir postuna ən yaxşı namizəd kimi inanılmaz dərəcədə kreativ və yaradıcı olan İlon Maskı təklif edərdi.

 

8 guşəli yeni çağırışlar

 

Proqramın ənənəvi “Təhsildə yeni çağırışları 8 guşəli ulduza bənzətsək, onun guşələri hansı çağırışlardan ibarət olar?" sualını cavablandıran yazıçı qeyd edib: “Mən əvvəl sadaladıqlarımı deyəcəyəm: 1. tələbələrin kim olduqlarını dərk etməsi, özlərinin kəşfi, 2. təhsil alacaqları, yaşayacaqları ən yaxşı yerin, işləyəcəkləri müəssisənin müəyyən edilməsi, 3. konkret məşğul olacaqları işi, fəaliyyət növünü tapmaq bacarığı, 4. hansı materialla, kiminlə, nə ilə işləyəcəklərinin müəyyənləşdirilməsi, 5. yaradıcı insanların müşahidəçilik qabiliyyətinin itirilməməsi, ətrafda baş verənləri canlarına hopdurması, 6. işinin vurğunu olması, əzmkarlıq keyfiyyəti, 7. hədəfini, işinin məğzini dəqiq anlaması, 8. maraqcanlı olması. Şagirdlərin beyinlərini informasiya ilə doldurmaq əvəzinə onları maraqcanlı olmağa alışdırmaq lazımdır ki, dünyanı kəşf etsinlər”.

 

Görüşün sonunda yaradıcı düşüncə üzrə mütəxəssis Rod Cadkins qlobal uğur qazanmaq istəyənlərə istedadlı və imkanlı olmaqdan çox əzmkarlığı, qətiyyətliliyi, istəyinə çatmaq uğrunda mübarizə aparmağı tövsiyə edib.

 

Lamiyə ƏLİMƏRDANOVA