“Danışır təcrübə” layihəsinin qonağı xarici işlər nazirinin müavini Yalçın Rəfiyev olub


Xarici işlər nazirinin müavini, COP29 Azərbaycan üzrə baş danışıqçı Yalçın Rəfiyev Elm və Təhsil Nazirliyində “Danışır təcrübə” layihəsinin qonağı olub. Görüşdə “Azərbaycanın COP29-a sədrliyi: prioritetlər və gözləntilər” mövzusunda çıxış edən nazir müavini Elm və Təhsil Nazirliyi, eləcədə tabe qurumlarının əməkdaşlarını maraqlandıran sualları da cavablandırıb.

 

Xatırladaq ki, sözügedən layihə davamlı inkişaf və müasir çağırışlara hazır olan kadrların yetişdirilməsi məqsədilə həyata keçirilir.

 

“Yeni şəraitdə qarşımızda duran əsas hədəflərdən biri gündəlikdə duran daha qlobal məsələlərə Azərbaycanın fəal töhfə verməsidir”

 

Nazir müavini çıxışında bu ilin noyabrında Bakıda keçiriləcək COP29-un məqsədləri, miqyası və hədəfləri ilə bağlı ətraflı məlumat verib. O, Azərbaycan diplomatiyası üçün COP29 mövzusunun - qlobal iqlim dəyişmələri məsələsinin yeni olduğunu qeyd edib: “30 ilə yaxın münaqişə şəraitində yaşadığımızdan münaqişələrin həlli, təhlükəsizlik istiqamətində daha çox ixtisaslaşmışdıq. Artıq münaqişə bitib, Azərbaycan öz ərazilərini işğaldan azad edib və yeni şəraitdə qarşımızdakı əsas hədəflərdən biri gündəlikdə duran daha qlobal məsələlərə Azərbaycanın fəal töhfə verməsidir”.

 

İddia, yoxsa elmi nəticə?

 

Nazir müavini miqyasına görə ən böyük siyasi tədbir olan COP prosesinə qoşulmanın çətinliklərindən də danışıb. Azərbaycanın 4 ildən artıq Qoşulmama Hərəkatına rəhbərliyini xatırladaraq həmin dövrdə 121 dövlətin bu hərəkata qoşulduğunu, məhz bu amilin Azərbaycanın qlobal proseslərə rəhbərlik edə bildiyi ilə bağlı özünəinam yaratdığını vurğulayıb. Ölkə başçısı İlham Əliyevin dünya miqyasında lider kimi tanınan şəxsiyyət olduğunu qeyd edən nazir müavini bu və bir çox başqa amillərin Azərbaycanın COP29-a sədrliyə namizədliyini irəli sürməsi üçün əsaslardan biri olduğunu deyib: “COP prosesinə qoşulma Azərbaycan diplomatiyasının indiyə qədər qarşılaşdığı ən çətin, ən mürəkkəb prosesdir. Amma eyni zamanda bu, qlobal miqyasda ən siyasiləşmiş prosesdir. Həqiqətən bu miqyasda iqlim dəyişmələri baş verirmi? Çünki bəzi dairələrdə belə fikirlər də səslənir ki, bu, Çinə, onun inkişafına qarşı yönəlmiş prosesdir. Bu fikri müdafiə edənlər hesab edir ki, bu proses Qərb dövlətlərinin sürətlə inkişaf edən Çin sənayesinin sürətini yavaşlatmaq məqsədilə ortaya atılıb. Amma eyni zamanda akademik dairələrdə təsdiq edirlər ki, iqlimdə hər yarım dərəcə dəyişmə, istilik artımı böyük fəsadlara gətirib çıxarır”.

 

İqlim dəyişmələrinin fəsadlarını hiss edənlər: Azərbaycanda da əlamətlər var

 

Y.Rəfiyev iddiaları təkzib edən faktlara da diqqət çəkib. “Bəzi ölkələr üçün bu, məqalələrdə oxuduğu məsələ, bəzi dövlətlər üçün isə ciddi problemdir”, - deyən nazir müavini kiçik ada dövlətləri qrupu və Afrikada qlobal iqlim dəyişmələrinin fəsadlarının çox ciddi şəkildə hiss edildiyini vurğulayıb. O, Azərbaycanda səhralaşma, çayların quruması, dənizin səviyyəsinin enməsinin də bu fəsadlardan olduğuna diqqət çəkib.

 

Bakıda keçiriləcək COP29-dan böyük gözləntilər

 

Qlobal iqlim fəaliyyətinin mərkəzində “Paris sazişi” dayanır. Sazişə görə, qlobal iqlim fəaliyyətinin   3 əsas sütunu var. Əsas sütun qlobal istixana qazlarının emissiyalarının azaldılmasıdır. Paris sazişində müəyyən olunub ki, sənayeləşmənin inkişafından bu yana Yer kürəsi 1.5 dərəcə isinib və bu dərəcənin  2-yə qalxması bir çox ölkələrin yox olması, insanların sağlamlığına birbaşa təsir edən proseslərin getməsidir ki, bunun qarşısı alınmalıdır. Böyük dövlətlər inkişaf etməkdə olan ölkələrə uyğunlaşma üçün yardım göstərməli, mövcud təhlükənin qarşısını almaq üçün tədbirlər görməlidirlər.  Bütün bu sütunlar üzrə fəaliyyətin əsasında isə maliyyə dayanır. Ən böyük mübahisələrin, fikir ayrılıqlarının həm də məhz bu vəsaitlə bağlı olduğunu deyən Y.Rəfiyev hazırda üzərində dayanılan 100 milyard dolların tələb olunan məbləğdən çox aşağı olsa da, hələlik bu rəqəmin üzərində dayandığını bildirib. Qeyd edib ki, 15 il əvvəl Kopenhagendə verilən qərara görə, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə illik əsasda bu vəsaiti ödəməlidir ki, onlar həm emissiyanı azaltsın, həm də yeni şəraitə adaptasiya olsunlar. Halbuki bu rəqəmin artıq 1-1.5 trilyon olduğuna dair fikirlər də səslənir.

 

Bakıda keçiriləcək COP29-da 60-a yaxın qərarın qəbulu gözlənilir ki, onlardan biri fikir ayrılıqlarına baxmayaraq, maliyyə məsələsi, digəri isə son 5-6 ildir müzakirələrində bir nəticəyə varılmayan karbon emissiyalarının azaldılması ilə bağlıdır.

 

Baş danışıqçı illərdir müzakirələri nəticə verməyən məsələlərlə bağlı Bakıda keçiriləcək COP29-dan qərarın çıxacağına dair ümidlidir: “Hər ölkənin 5 ildən bir verdiyi öhdəlik sənədi var. Bu, dövlətlərin son 5 ildə karbon emissiyasını nə qədər azaltdığına, növbəti 5 ildə nə qədər azaldacağına dair bir sənəddir. Fevral ayına qədər ölkələr öz öhdəliklərini elan etməlidirlər.  Bu baxımdan bizim əsas müraciətimiz budur ki, istəyirsinizsə, inkişaf etməkdə olan ölkələr öz yenilənmiş öhdəliklərini, emissiyalarını fevral ayına qədər versin, Bakıda qərar qəbul edilməlidir”.

 

Y.Rəfiyev Azərbaycanın 5 il sonrakı emissiyanı açıqladığını deyib: “Azərbaycan 2040-cı il üçün emissiyanın 35 faiz azaldılması ilə bağlı qarşısına hədəf qoyub. Bu o demək deyil ki, karbon 35 faiz daha az istehsal olunacaq, bu, karbonun udulması mexanizmi yaradılacaq deməkdir ki, bu da maliyyə vəsaitindən asılıdır”.

 

COP29-da təhsilə təsir edəcək TƏŞƏBBÜS

 

Y.Rəfiyev COP29 çərçivəsində Azərbaycanın irəli sürdüyü 14 böyük təşəbbüsündən də danışıb. Onun sözlərinə görə, bunlardan ikisi təhsillə bağlıdır: “Beynəlxalq PISA qiymətləndirilməsinə yaşıl enerji komponentinin əlavə edilməsi və digər ölkələrin də bu prosesə qoşulması ilə bağlı təşəbbüsümüz var. Sözügedən təşəbbüs uşaq və gənclərin iqlim savadlılığının artırılması, onlarda “ömürboyu bacarıqların” formalaşdırılması məqsədi ilə irəli sürülüb. Qeyd edim ki, COP çərçivəsində daha əvvəl belə bir təşəbbüs yer almayıb. Azərbaycanın təşəbbüsü uzunmüddətli irs olaraq qala bilər”.

Nazir müavini Pre-COP tədbirləri çərçivəsində iqlim dəyişikliyi və yaşıl enerjiyə həsr olunan STEAM Azərbaycan Festivalının keçirilməsi və bu təcrübənin gələcəkdə keçiriləcək COP tədbirlərinin bir komponenti olması ilə bağlı ikinci təşəbbüsdən də söz açıb: “23-26 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilməsi nəzərdə tutulan pre-COP tədbirində 20-dən çox ölkənin təmsil olunması nəzərdə tutulur. 2021-ci ildən etibarən keçirilən Steam Azərbaycan Festivalı bu il 15 kateqoriya üzrə keçiriləcək ki, onların 12-si iqlim dəyişikliyi, yaşıl enerji kimi mövzulara həsr olunacaq. Uşaq və gənclərlə bağlı bənzər təşəbbüs öncəki COP tədbirlərində yer almayıb”.

 

COP29-dan sonra bir sıra məsələlərə yanaşmamız fərqli olacaq

 

Y. Rəfiyevin sözlərinə görə, COP prosesinə sədrlik sayəsində bəzi regionlara diqqət ayrılmamasının fərqinə varılıb: “Əslində, kəşf etmədiyimiz regionlar var ki, onlarla əməkdaşlıq daha böyük fayda verə bilər. Məsələn, COP çərçivəsində bir çox ölkələrlə ada dövlətləri, Afrika kimi heç vaxt münasibət qurmadığımız ölkələrlə əməkdaşlıq qurduq və bu, imkan verdi ki, gərgin münasibətdə olduğumuz bəzi ölkələrlə münasibətləri yumşaldaq. COP çərçivəsində hamı ilə danışıqlar aparırıq, amma 17 ölkə ilə ayrıca konkret təşəbbüslər, istiqamətlər üzrə dialoq mexanizmimiz var. Əminəm ki, COP29-dan sonra bizim bir çox məsələlərdə yanaşmamız fərqli olacaq”.

 

COP29-a hazırlıq komandası

 

COP29-a hazırlıqlarla bağlı məlumat verən Y.Rəfiyev rəhbərlik etdiyi danışıqçı qrupu barədə məlumat verib. Onun sözlərinə görə, 40 nəfəri diplomatlar, 20 nəfəri ayrı-ayrı sahələr üzrə ekspertlərdən ibarət olan danışıqçılar qrupu müzakirələrdə ev sahibi qismində iştirak edir, nümayəndə heyətlərini bir araya gətirir, onların razılaşa bilmədiyi məsələlərdə ortaq xətt tapmağa çalışıb əlavə platformalar təşkil edir, mürəkkəb vəziyyətlərdə həll yolları təklif etmək kimi bir vəzifənin öhdəsindən gəlməyə çalışır. Bu vəzifənin öhdəsindən gəlmək üçün yaradılan həmin platformalardan biri qeyri-rəsmi müzakirələr platforması olacaq: “Rəsmi bəyanatlarda, müzakirələrdə heç kim fikrini açıq bəyan etmir, qeyri-rəsmi formatlarda diplomatlarla danışmaq daha asandır, bu halda kimin qırmızı xətti haradadır, müəyyən etmək mümkündür”.

 

Qeyd edək ki, “Danışır təcrübə” layihəsi çərçivəsində bu cür görüşlərin müntəzəm şəkildə təşkili nəzərdə tutulur.

 

Ruhiyyə DAŞSALAHLI