Hədəfləri yaxşı müəllim olmaqdır


Onlar bu il ilk dəfə sinfə girdilər. İlk dəfə “müəllim!”- deyə çağrıldılar. Yeri gəldi sinfi ələ ala bilmədilər, yeri düşdü özlərini. Ona görə də, elə gün, elə saat, elə an oldu ki, bu adı daşımaq çox çətin gəldi. Biri çaşdı, digəri həyəcanlandı, hətta ağlayan da oldu bəlkə. Yarım ili yarım əsrə bərabər hiss etdilər bəlkə də. Ancaq hər biri qürurla daşıdı müəllim adını. “Azərbaycan müəllimi” qəzetinin bu səhifəsində bu il ilk dəfə sinfə girən, bundan sonra da sinifdə olacağına əmin olan, müəllimliyə 2022-ci ildə də davam edəcək gənclərdir. Müəllimlikdən peşiman olmayanlar, əksinə hər gün müəllimliyi daha çox sevən, müəllimliyə bağlananlardır.

 

Öz üzərimdə çox işləyirəm”

 

Biri Arzudu. Gənc, dinamik, həvəsli, enerji doludu. Enerjisi ilə uzağı yaxın edir, məsafələri qısaldır. Həftədə iki dəfə Bakıdan Şamaxıya dərs deməyə gedir, özü də evində körpə bala qoyur. Buna baxmayaraq, “Dərs” deyəndə, “şagird” deyəndə gözləri gülür. Çox da ki, yarım ildir işə başlayıb, artıq sevir, sevilir.

 

Arzu Kazımlı Şamaxıdakı texniki, humanitar və təbiət fənləri təmayüllü internat tipli lisey-məktəbdə VI-IX siniflərə fizika dərsi deyir. Dediyinə görə, VI-VII siniflərlə heç bir problemi yoxdu. Di gəl,  IX sinif şagirdləri... İlk dəfə sinfə girdiyi o günü belə xatırlayır: “Onsuz da əllərim əsirdi. Mən sinfə girəndə  “Təzə müəllim gəlib” deyənlərin səslərini eşitdim. Bu, məni daha da həyəcanlandırdı. Uşaqlarla danışdıqca həyəcanım azalmağa başladı, daha sonra tamamən keçdi.

 

Arzu müəllim şagirdlərinə fizikanı öyrətməyin yollarını axtarır: “Dərs dediyim IX sinif humanitar təmayüllü olduğundan şagirdlər texniki fənləri oxumurlar. Onlara dərsdə nə öyrətsəm, odur, ev tapşırığı eləmirlər. Ona görə də onları həvəsləndirməyin başqa yollarını axtarıram. Yarışlar keçirib, əyləncəli, düşündürücü dərslər təşkil etməyə çalışsam da, hələlik bu istəyimə nail ola bilməmişəm”.

 

2009-2013-cü illərdə Bakı Dövlət Universitetində “Fizika müəllimliyi” ixtisası üzrə təhsil alan A.Kazımlı peşəsini ilk dəfə praktikadaykən sevməyə başlayıb: “Ali məktəbi bitirəndən sonra müəllim işləmədim. O illərdə imtahanlara qarşı bu qədər inam yox idi. Ətrafımda gənclərin imtahan verərək müəllim ola bildiyini gördükdən sonra özümü sınamağa qərar verdim. Ancaq yenə də əmin deyildim. 2021-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə qatıldım.  İmtahan verib işə qəbul olundum. İnsanın müsabiqə yolu ilə, öz bacarığı sayəsində müəllim olmağının mümkünlüyünə əmin oldum”.

 

Artıq qarşısında bir-birindən yüksək zirvələr var. Arzu müəllim o zirvələri fəth etmək üçün qollarını çirməyib: “Kurslarda da işləmək, müəllim kimi fəaliyyətimi genişləndirmək istəyirəm. Öz üzərimdə çox işləyirəm. Ən böyük hədəfim yaxşı müəllim olmaqdır”.

 

“Sevdiyim peşədir”

 

Məktəblərimizdə hələ də kişi müəllimlərin qadınlarla müqayisədə azlıq təşkil etdiyi bir vaxtda seçib bu peşəni. 2021-ci ildə keçirilən müəllimlərin işə qəbulu imtahanlarında iştirak edərək 48 bal toplayıb və Lerik rayonu ümumi orta məktəbdə riyaziyyat müəllimi işləmək şansı qazanıb.

 

Söhbət Rəşad Abuzərlidən gedir. Dediyinə görə, onu müəllimliyə riyaziyyata olan sevgisi gətirib: “Uşağlığımdan riyaziyyatı çox sevirdim. Riyaziyyatın həyatımda davamlı olaraq qalmağını istəyirdim. Bu il Bakı Dövlət Universitetini bitirdim və müəllimlərin işə qəbulu müsabiqəsinə qatıldım”.

 

Riyaziyyat sevgisi müəllim olmaq üçün yetərlidirmi, görəsən?

 

Rəşad müəllim riyaziyyatı sevdiyi qədər sevdirəcək, bircə bu həyəcanını dəf edə bilsə: “İlk dəfə sinfə girəndə çox həyəcanlıydım. Təsəvvürümdə canlandırdığım şagirdlər olacaq qarşımdakı, bunu bilmirdim. Mən sinfə girəndə hamı ayağa qalxdı. Həyəcandan nə edəcəyimi bilmirdim. O qədər həyəcanlıydım ki, uşaqlara oturmağı deməmişəm. Ümumiyyətlə, dəfələrlə olub ki, oturmalarını demək yadımdan çıxıb. Sonradan fərqinə varmışam ki,  bir neçə dəqiqədir uşaqlar ayaq üstədir”.

 

Dəcəl, oyunbaz, dərsdən yayınmaq üçün əlindən gələni edən şagirdlərinin diqqətini özünə cəlb etmək, həyəcanını gizlətmək... Gənc müəllimin üzləşdiyi çətinlikləri müəllimliyi sevməmək üçün yetərli deyil. “Müəllim olduğum üçün qətiyyən peşiman deyiləm”, - deyir: “Sevdiyim peşədi. Mehriban kollektivlə işləyirəm. Yaxşı müəllim olmaq əsas hədəfimdir. Dövlət İmtahan Mərkəzilə də əməkdaşlıq edirəm”.

 

“Oyunlarla dərsi maraqlı etməyə çalışıram”

 

Daha bir gənc müəllim - Cəmilə Əliyeva isə şəhər məktəbində işləyir. İbtidai sinif müəllimidir. Bu şansımüəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanları mərhələsində 60 bal toplayaraq qazanıb və Bakı şəhəri 18 nömrəli tam orta məktəbində işə başlayıb. İlk sinfi üçüncülərdir: “Məndən əvvəl başqa müəllim dərs dediyindən şagirdlərimin mənə alışmaları çətin oldu. Oyunlarla dərsi maraqlandırmağa, onlar üçün daha əyləncəli hala gətirməyə çalışıram. Biri-birimizə artıq alışmışıq. Ancaq psixoloji problemi olduğunu düşündüyüm bir neçə şagirdimin diqqətini cəlb edə bilmirəm. Onlarla bağlı valideynlərinə xəbər verdim. Psixoloq yardımı almalarını tövsiyə etdim və valideynlər bunu təmin etdilər. Düşünürəm ki, psixoloqun da köməyilə bu çətinliyimi də tezliklə aradan qaldıracağam”.

 

Cəmilə müəllim ibtidai sinif müəllimliyi üzrə Azərbaycan Dövlət Pedaqoji Kollecinin məzunudur. 2017-ci ildə təhsilini tamamlasa da, o vaxtdan işləməyib. Müəllimlikdən kənarda keçən bu illərin acısını çıxartmaqda qərarlıdır.

 

Müəllimlərimizə uğurlu təhsil ili, daş-kəsəksiz məktəb yolu arzulayırıq. Yeni iliniz mübarək olsun!

 

Ruhiyyə DAŞSALAHLI