Təhsil sahəsində bu günə qədər aparılan islahatlar daha da dərinləşməlidir. Təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf etməlidir və ən müasir tələblərə cavab verməlidir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti


Yaxın keçmişə nəzər salsaq, ötən əsrin sonlarından bugünümüzə qədər ölkəmizdə ümumi təhsilin infrastrukturunun, maddi-texniki və tədris bazasının müasir tələblər səviyyəsində inkişafı üzrə ciddi tədbirlər görülmüşdür. Bununla belə, cəmiyyətdə, pedaqoji aləmdə ümumi təhsilin məzmunu ilə bağlı məsələlər aktuallıq cəhətdən daha çox diqqət mərkəzində olmuş, beynəlxalq və yerli səviyyələrdə təhlillər aparılaraq təkliflər hazırlanmışdır. Bu proses hazırda da davam edir. Təhsilin məzmununa belə həssas münasibət təbii xarakter daşıyır, çünki məzmun bilavasitə təhsilin özü deməkdir, məktəbin fəaliyyətinin ana xəttini, özəyini təşkil edir. Şərt rəqabətin mövcud olduğu qloballaşan indiki dünyada “yoxsul cəmiyyət”in yaranmaması, “mənəvi iflas”ın baş verməməsi, insanın həyatda “artıq adam”a çevrilməməsi üçün təhsilin, təhsilliliyin necə böyük əhəmiyyət daşıdığını sübut etməyə ehtiyac qalmır.

 

Bu gün təhsil məzmun cəhətdən tərbiyə və təlim komponentlərinin qırılmaz bağlılığından ibarət olmaqla, vahid proses kimi, ilk növbədə, fərdin cəmiyyət üçün vətənpərvər, tələbyönümlü, mədəni-intellektual səviyyəli vətəndaşa çevrilməsinə istiqamətlənmiş dövlət əhəmiyyətli şərəfli bir missiyanı yerinə yetirən dəyər kimi qəbul olunur.

 

Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra dövrün tələblərinə görə təhsil sahəsində keyfiyyət dəyişikliklərinin aparılması zərurəti yarandıqda Ulu öndər Heydər Əliyevin proqram xarakterli “Biz bu islahatları həyata keçiririk ki, Azərbaycanın təhsil sistemi dünya təhsil sisteminin standartlarına uyğunlaşsın” fikri ümumi təhsilin məzmunu üzrə həyata keçirilərək islahatların ideya istiqamətini və mahiyyətini müəyyənləşdirdi. “Hafizə, yaddaş məktəbindən təfəkkür, düşüncə məktəbinə keçid” ideyası bütövlükdə ümumi təhsilə, ümumi təhsilin idarə olunmasına, onun səviyyələri çərçivəsində tədris edilən fənlərin məqsəd və vəzifələrinə münasibəti əsaslı şəkildə dəyişdi, məzmunun nəticəyönümlük, şagirdyönümlük, şəxsiyyətyönümlük, inteqrativlik kimi didaktik prinsiplərə uyğun hazırlanmış dövlət standartları (2006-2020-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti ümumi təhsilin standartları ilə bağlı biri digərinin təkmilləşdirilmiş variantı olan 3 qərar qəbul etmişdir:

 

- Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli Kurikulum), 30 oktyabr 2006-cı il, №233.

 

- Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumu), 3 iyun 2010-cu il, №103.

 

- Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları, 29 sentyabr 2020-ci il, №361.) əsasında qurulmasına real zəmin yaratdı.

 

Qeyd edilməlidir ki, ümumi təhsildə məzmun islahatlarının başlanmasından indiyədək keçilən yol heç də asan olmamış, bəzi hallarda maneələrlə üzləşmişdir. Bu da təbii idi, çünki bütün dövrlərdə yeniliklər əvvəl-əvvəl etirazlara, ziddiyyətlərə məruz qalmaqla çətinliklə qəbul olunmuşdur.

 

Bununla belə, yaxşı haldır ki, hazırda təhsil orqanlarında, məktəblərimizdə çalışan pedaqoji heyətin çox hissəsinin peşəkar dünyagörüşü ümumi təhsilin məqsəd və vəzifələrinə, təhsilin məzmununa verilən müasir yanaşmalar əsasında formalaşmışdır.

 

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda ümumi təhsil pilləsində şagird və məzunların keyfiyyət göstəricilərinin yaxşılaşdırılması aktual məsələ sayılmaqla yanaşı, şəxsiyyətin hərtərəfli formalaşdırılması prioritet hesab edilmişdir. Eyni zamanda Dövlət Strategiyasında şagirdlərin qazandığı bilik və bacarıqların effektiv və səmərəli tətbiqi ilə onların fəaliyyətlərinin gözlənilən real nəticəyə çevrilməsinə nail olmaq üçün məhz səriştə əsaslı ümumi təhsil standartları və kurikulumlarının (Kurikulum beynəlxalq pedaqoji termin olmaqla təhsil planı anlayışı ilə eyni məna daşıyır. Kurikulumun “üsul”, “metod” adlandırılması yalnış təsəvvürün nəticəsidir) hazırlanması tələbi irəli sürülmüş və Nazirlər Kabinetinin ümumi təhsilin dövlət standartları ilə bağlı təsdiq etdiyi növbəti sənəddə (29.IX 2020 №361) təhsilalanlarda formalaşdırılması zəruri sayılan səriştələr ayrıca qeyd olunmuşdur ki, bu da tədris proqramlarının praktik yönümünü gücləndirməklə onların daha təkmil məzmunda hazırlanmasında didaktik zəminə çevrilə bilər.

 

Dövlət Strategiyasında şəxsiyyətin hərtərəfli formalaşmasının prioritet kimi irəli sürülməsi heç də təsadüfi deyil, əslində həyati tələbdir, mənəviyyat məsələsidir. İnsanın əxlaqı, tərbiyəsi cəmiyyətdə, ailədə, işlədiyi müəssisədə həmişə ən vacib keyfiyyət kimi qiymətləndirilib. Bilikli şəxs, alim, sənətkar, adi peşə, yaxud yüksək vəzifə sahibi xalqın gözündə o vaxt dəyərli olur ki, həm də insani-mənəvi keyfiyyətlərə malik olsun.

 

Bu mənada, xüsusilə ibtidai təhsilə cəlb edilmiş uşaqların sadə tərbiyə elementlərinə nə dərəcədə yiyələnmələri məktəb rəhbərlərini və müəllimləri ilk növbədə düşündürməlidir.Çünki təhsil məhz tərbiyədən başlanır, şəxsiyyəti formalaşdıran  cəhətlərin əsası bu mərhələdə qoyulur. Böyük şairimiz M.Ə.Sabir demişkən: “Hər işin ibtidası tərbiyədir”.

 

Məlumdur ki, məktəbə gələnə qədər uşağın xarakterinə ailədə, yaşadığı ətraf mühitdə, insan münasibətlərində gördüyü nə varsa təsirsiz ötüşmür. Təbii ki, bunlar müsbət də ola bilər, mənfi də. Sağlam ruhlu ailələrdə böyüyən uşaqlar, şübhəsiz, tədris prosesinə tez qoşula və uğur qazana bilirlər. Əks halda, arzuolunmaz həyat tərzi keçirən ailələrin müxtəlif xarakterli uşaqlarının yanlış cəhətlərini islah etmək sadə məsələ olmasa da, əslində məktəb üçün bundan vacib vəzifə yoxdur. Bu işdə məktəb psixoloqu köməyə gələ bilər, lakin peşəkar səviyyəli psixoloq kadrları ilə təminatda ciddi problem yaşanmaqdadır, bir sıra məktəblərdə isə psixoloq tək olduğundan nəzərdə tutulan işləri yerinə yetirməkdən çox uzaqdır. Yeri gəlmişkən, yaxşı olardı ki, pedaqoji ali təhsil müəssisələrinin tələbələrinə psixoloji xidmətlə bağlı xüsusi kurs keçilsin və məzun olarkən onlara ixtisaslarından asılı olmayaraq, həm də diploma əlavə kimi xüsusi formada sertifikat verilsin.Uşaq psixologiyasını bilməsi müəllimə qarşı tələb olaraq irəli sürülürsə, nə üçün bu, rəsmiləşdirilməsin?! İbtidai siniflərə müəyyən edilmiş qaydada “müəllim köməkçisi” ayrılması isə, yəqin, hələ uzun müddət arzu olaraq qalacaqdır.

 

Şəxsiyyətin formalaşdırılmasından danışırıqsa, digər vacib amillərə də diqqət yetirilməlidir. Bunlar, əsasən, Vətən, torpaq, millət təəssübü, nitq mədəniyyəti, estetik və fiziki mədəniyyətin, xüsusilə, məsuliyyət mədəniyyətinin aşılanması ilə əlaqədardır. Əgər hər hansı bir insanı şəxsiyyətə nümunə gətiririksə, adətən, bu, ifadələri işlədirik: Vətəni, milləti sevəndir, əxlaqlıdır, mənəviyyatlıdır, ailəcanlıdır, məsuliyyətlidir, məlumatlıdır, humanist və ədalətlidir, kömək əli uzadandır və s. Qeyd etdiyimiz bu keyfiyyətlərin əksəriyyətinin təbliğ və təşviqində tariximizin, ədəbiyyatımızın, xüsusilə də mütaliənin, habelə görkəmli insanların həyat yolunun öyrənilməsinin müstəsna rolu vardır. Fənn proqramları (kurikulumları) hazırlanarkən bu amillərə diqqət yetirilməsinə çalışılmışdır. Məsələn, “Ədəbiyyat” fənni sözə və söz sənətinə həssas münasibət aşılanmasına, obrazlı təfəkkürün təşəkkülünə, uşaqlarda mütaliə mədəniyyəti formalaşdırmaqla onların qəlb dünyasına, həyatı dərk etmələrinə, yaxşını pisdən ayırmalarına, eləcə də söz ehtiyatının zənginləşməsinə, şifahi və yazılı nitqlərinin ifadəliliyinə ciddi müsbət təsir göstərir. Bütün fənn kurikulumlarında şagirdlərdə nitq mədəniyyətinin formalaşmasına yardım məqsədilə yeri gəldikcə “izah edir”, “şərh edir”, “təqdimatlar edir”,“münasibət bildirir” kimi tələblər irəli sürülür. Artıq hamı aydın şəkildə görür ki, dil dərsləri, hər şeydən əvvəl, doğma dildə yazılı və şifahi nitq bacarıqlarının inkişafına, dilin üslubi zənginliklərinin mənimsənilməsinə, “Riyaziyyat” hadisələrin məntiq yolu ilə dərkinə, qeyri-standart düşüncə tərzinin yaranmasına, intellektual inkişafa, öyrənilənlərin real həyatda tətbiqi və təhlil qabiliyyətinin gücləndirilməsinə, incəsənət fənləri (musiqi, təsviri incəsənət) estetik dünyagörüşün, bədii-estetik zövqün formalaşmasına, görkəmli incəsənət xadimləri barədə təsəvvür və məlumatların genişlənməsinə, “Fiziki tərbiyə” sağlam həyat tərzinin normaya çevrilməsinə, birgəfəaliyyət, dözümlülük, iradəlilik keyfiyyətlərinin yaranmasına xidmət edir. Məzmun baxımından Azərbaycan tarixi, Azərbaycan coğrafiyası dərslərinin pedaqoji ictimaiyyət tərəfindən “vətəndaşlıq dərsləri” adlandırılması heç də təsadüfi deyildir. Yəni, hər bir fənn məzmun etibarı ilə şagirdlərə lazım olan, ölçülüb-biçilmiş zəruri biliklərlə yanaşı, həm də həyati bacarıqlar vasitəsilə konkret dəyərlər aşılayır ki, bu da məzmunun şəxsiyyətyönümlüyünü şərtləndirir.

 

Yuxarıda qeyd etdiyimiz kimi, Dövlət Strategiyasına görə, orta məktəb şagirdləri və məzunlarının keyfiyyət göstəricilərinin yaxşılaşdırılması bu gün də qarşıda duran aktual məsələdir. Etiraf edək ki, həmin problem təhsil mütəxəssislərini həmişə düşündürmüş və indi də düşündürməkdədir. Bəs, keyfiyyət göstəricilərini necə, hansı vasitələrlə yüksəltməli?! Zənnimcə, bu sualdan əvvəl digər bir suala cavab axtarmaq daha məqsədəmüvafiq olardı: Şagird (şagirdlər) “Təhsil haqqında” Qanunda icbari hesab edilən ümumi orta təhsilin tədris planlarındakı bütün fənlərdən eyni keyfiyyət göstəricilərinə nail ola bilərmi? Təcrübə göstərir ki, bu mümkün olmayan bir məsələdir. Buraxılış imtahanlarının nəticələrinə nəzər  salmaq kifayətdir ki, real mənzərə aydın görünsün, həm də sinif jurnallarına baxarkən şagirdlərin xeyli hissəsinin, əsasən də, riyaziyyat, fizika, kimya, biologiya fənlərindən  aşağı qiymətlərlə oxuması diqqəti cəlb edir. Burada bir neçə səbəb ola bilər. Birincisi, müəllimlərin savadsızlığı, səriştəsizliyi ucbatından şagirdlərin keyfiyyətli ibtidai təhsil almaması, ikincisi, ibtidai təhsil prosesində onların potensial imkanlarına, fənn sahələrinə olan meyil-maraqlarına, istedadlarına uyğun diferensasiya edilməməsi. Heç kimə sirr deyil ki, təcrübəli, savadlı, peşəkar ibtidai sinif müəllimi tərəfindən qoyulan təməl, bünövrə təhsilin növbəti səviyyələrində şagirdlərin keyfiyyət göstəricilərinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərir. Bəzən belə hallarla rastlaşırıq: valideyn övladının konkret bir müəllimin sinfində oxumasını istəmir, digər müəllimi tələb edir. Səbəbini soruşduqda “o, yaxşı müəllim deyil, uşaqları öyrədə bilmir” sözlərini eşidirsən. Bu zaman fikirləşirsən ki, diplom alsa da, müsbət xarakterizə olunmayan, nüfuz qazanmayanların məktəbdə nə işi ola bilər?! Təəssüf ki, belələri (onların arasında müxtəlif fənn müəllimləri də var) illər uzunu məktəblərdə qalır, yüzlərlə uşağın normal təhsil almasında əngələ çevrilirlər.

 

Bu mənada, xüsusilə, ibtidai sinif müəllimlərinin savadı və peşəkarlıq səviyyəsinin məqsədyönlü və sistemli şəkildə araşdırılıb müvafiq təkliflərin hazırlanması ən ümdə vəzifələrdən sayılmalıdır. Eyni zamanda, ibtidai təhsil səviyyəsini bitirən şagirdlərin idraki inkişaflarına, humanitar, yaxud riyazi təfəkkürlərinə və istedadlarına görə, müvafiq tədris planları tətbiq edilən ayrı-ayrı V siniflərdə komplektləşdirilməsi məsələsini də yenidən gündəmə gətirmək, pedaqoji tədqiqat obyektinə çevirmək olar.

 

Məsələyə bu məntiqlə yanaşmanın əhəmiyyəti nədən ibarətdir?! Əvvəla, tədris planlarının mahiyyət və məzmunu ümumidən xüsusiyə doğru dəyişməklə variantlılıq yaranar, meyil-maraqlarına görə şagirdlərin təhsilalma imkanları genişlənər, malik olduqları qabiliyyət və istedadlarının inkişafına etibarlı zəmin əmələ gələr. Əslində, belə siniflərin təşkilini təmayüllü tədrisə keçidin ilk seçim mərhələsi də adlandırmaq mümkündür. Necə ola bilər ki, uşağın zehni qabiliyyəti, məsələn, riyaziyyatı vahid proqram tələbi əsasında mənimsəməyə imkan verməsin, lakin ona tam proqram saatı ilə ümumi orta təhsil səviyyəsini bitirənədək riyaziyyat tədris olunsun?!Təbii ki, riyaziyyat hər bir təmayül istiqamətli siniflərdə tədris olunacaq. Lakin riyaziyyat təmayüllü siniflərdə 6-7, humanitar yönümlü siniflərdə isə 2-3 saat keçiləcəkdir. Şübhəsiz, istiqamət (riyaziyyat, humanitar) baxımından həmin siniflərin tədris planlarını elə qurmaq olar ki, şagirdlərin təlim maraqları təmin edilməklə, keyfiyyət göstəriciləri də yüksəlsin. Necə deyərlər,“hər bir uşaq potensial imkanları, istedad və qabiliyyəti, maraq dairəsi ilə öz təhsilinin sifarişçisidir”.

 

Bütövlükdə ümumi təhsilə, ümumi təhsilin məzmun istiqamətlərinə, ümumi təhsili həyata keçirən orqanlara, məktəbə, müəllimə, məktəb-valideyn əlaqələrinə cəmiyyətdə yeni tələblər irəli sürüldüyü, ümumi təhsildən gözləntilərin miqyasının artdığı bir vaxtda qarşıya qoyulmuş vəzifələrin keyfiyyətlə yerinə yetirilməsi nəticəyönümlük prinsipi üzərində qurulan düşünülmüş, məqsədyönlü idarəetmə sisteminin tətbiqindən bilavasitə asılıdır.

 

Əlbəttə, idarəetmə o vaxt səmərə verir ki, idarə edənlər idarəetmənin məqsəd və vəzifələrinə, incəliklərinə bələd olsunlar, həm də təhsil sahəsində dövlət siyasətinin əsas istiqamətlərini, təhsil qanunvericiliyinin tələblərini, dövrün tələb və çağırışlarının mahiyyətini dərindən mənimsəsinlər. Eyni zamanda, məsələn, yerli təhsil orqanları tabeliklərindəki məktəblərin real vəziyyətindən, problemlərindən, tədrisin keyfiyyət göstəricilərindən xəbərdar olmalıdırlar. Əks halda, perspektivdə duran məsələləri təsəvvür edə və planlaşdıra bilməzlər.

 

Eyni tələblər, təbii ki, məktəbin idarə olunmasına da aiddir. Etiraf olunmalıdır ki, övladını böyük ümidlərlə məktəbə gətirən valideyn gözlədiklərinin əksini müşahidə etdikdə bütün narazılıqlarının səbəbini yuxarı təşkilatlardan çox, pedaqoji kollektivin, ayrı-ayrı müəllimlərin fəaliyyətində, məktəbin özündə axtarır. Bu da tam ədalətli mövqedir, belə ki, hər valideynin övladına keyfiyyətli təhsil verilməsini tələb etmək hüququ vardır. Həmin işin ağırlığı, məsuliyyəti isə birmənalı şəkildə müəllimlərin üzərinə düşür. Yeri gəlmişkən, dahi mütəffəkir Nəsrəddin Tusinin müdrik kəlamıdır ki, “Müəllimlik mövcudatın ən şərəflisi olan insanı kamillik səviyyəsinə çatdırmaq məqsədi güdən sənətdir”.

 

Ancaq elə faktlar da mövcuddur ki, məktəb rəhbərlərinin idarəetmə sükanını itirməsi və nəzarətsizliyi nəticəsində müəssisədə yaranan başıpozuqluq, qarşıdurma ən məsuliyyətli və peşəkar səviyyəli müəllimlərin də fəaliyyətini iflic edir, onları ruhdan, həvəsdən salır. Belə əhvali-ruhiyyə şagirdlərə daha tez sirayət edir, onların hətta təhsildən uzaqlaşmasına gətirib çıxarır, valideynlərlə məktəb arasında ziddiyətli münasibət yaranır. Məktəblərdə araşdırma apararkən ali idarəetmə orqanı sayılan pedaqoji şurada müzakirəyə çıxarılan məsələlərlə, qəbul edilən qərarlarla tanışlıq kifayətdir ki, rəhbər işçilərin idarəetmə bacarıqlarına, təhsillə bağlı aktual məsələlərə, məktəbin daxili problemlərinə bələdliyi üzə çıxsın. Bu mənada pedaqoji şuranın fəaliyyətini məktəbin idarəolunma  güzgüsü də adlandırmaq olar.

 

Təhsil müəssisəsinin fəaliyyətinin miqyasını aydın təsəvvür etmək üçün ilk növbədə onun idarə olunan sahələrini (onlar həm də indikator rolunu oynayır) optimal müəyyənləşdirmək idarəetmədə əhəmiyyətli rola malikdir, çünki bunsuz planlaşdırmanı, nəzarət və tənzimləmə funksiyalarını həyata keçirmək mümkün deyildir. Müdriklər demişkən, “insan hansı sahilə üzəcəyini bilməsə, onun üçün səmt küləyi heç vaxt əsməyəcək”. Həmin sahələrin isə, əsasən, aşağıdakı kimi (onları mahiyyət etibarı ilə genişləndirmək də olar) təsnif olunması mümkündür:

 

- pedaqoji və şagird kollektivləri ilə iş;

 

- təhsil prosesinin (öyrətmə və öyrənmə) təşkili və təhlili;

 

- istedadlı şagirdlərlə iş;

 

- şagirdlərin İKT savadlılığı;

 

- sinifdənxaric və məktəbdənkənar tədbirlər;

 

- qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi və tətbiqi;

 

- psixoloji xidmətin təşkili;

 

- məktəb-valideyn əlaqələri;

 

- təsərrüfat fəaliyyəti.

 

Həmin sahələr üzrə alt-tədbirləri planlaşdırarkən bəzi mühüm cəhətlərə diqqət yetirmək vacibdir. Əvvəla, əgər idarəetmənin kollegiallıq, şəffaflıq, demokratikliyindən danışırıqsa, nəzərdə tutulan işlər pedaqoji kollektiv üzvləri ilə müzakirə edilməli, təkliflər öyrənilməli, cavabdeh icraçı şəxslər müəyyənləşdirilməli, onlar arasında vəzifə bölgüsü aparılmalı, fəaliyyətləri əlaqələndirilməlidir. Bir sözlə, hər bir müəllim, digər pedaqoji işçilər özlərini müəssisənin tam bərabərhüquqlu, dəyər verilən, təklif və mülahizələri ilə hesablaşılan üzvü hiss etməlidir. Həm də yaxşı məktəb rəhbəri işçilərin fərdi xüsusiyyətlərinə, psixologiyasına, peşəkarlıq səviyyəsinə, hətta məişət problemlərinə qədər bələd olmalı, onlara müvafiq yanaşma tərzi seçməli, tələbkarlıqla yanaşı, həssas münasibət bəsləməlidir. Belə olduqda məktəbdə sağlam mənəvi-psixoloji iqlim, keyfiyyətli fəaliyyət üçün səmərəli şərait yaranar.

 

Şagirdlərlə iş sahəsində ən ümdə məsələ onların təhsilə, təhsillənməyə maraqlarının təmin edilməsi, mənəvi tərbiyəsi, milli dəyərlərə sadiq ruhda böyümələridir. Bəzən, məktəb rəhbərləri (xüsusilə kənd yerlərində) şagirdlərin təhsildən uzaqlaşmalarının səbəbinin günahını, əsasən, valideynlərdə görürlər, halbuki məktəb həyatı uşaq üçün maraqlı olarsa, məktəbdə əsl təhsil atmosferi hökm sürərsə, bu cür neqativ hallar, təbii ki, baş verməz.

 

Təhsil prosesinin təşkili və təhlili zamanı hamını düşündürən belə bir suala cavab axtarmaq lazımdır ki, müəllimlər necə öyrədirlər, şagirdlər necə öyrənirlər?! Başqa sözlə, məktəbdə təhsilin keyfiyyəti necə idarə olunur?! Bütün bunlar, məlumdur ki, sahələr üzrə fəaliyyətlərin qiymətləndirilməsi yolu ilə müəyyənləşdirilir. Hər bir məktəb daxili imkanlarına görə qiymətləndirmə vasitələrini (monitorinqlər, test yoxlamaları, direktor yoxlamaları, dərsdinləmələr və s.) sərbəst seçə bilər. Fikrimizcə, məktəbin aşağıdakı sahələrində fəaliyyətlərin qiymətləndirilməsi daha mühüm əhəmiyyət daşıyır:

 

* inkişaf dinamikasını izləmək üçün ibtidai təhsil səviyyəsinin hər bir sinfində şagirdlərin oxu, yazı, hesablama bacarıqlarının, nitq qabiliyyətinin səviyyəsi, fənlərə olan meyil və maraqlarının müəyyənləşdirilməsi;

 

* ümumi orta təhsil səviyyəsi üzrə ayrı-ayrı fənlərin tədrisində əvvəlki illərə nisbətən irəliləyişlər və geriləmələr, geriləmələrin səbəbləri;

 

* fənlər üzrə (tədris dili, ədəbiyyat, xarici dil, Azərbaycan tarixi, riyaziyyat, coğrafiya, fizika, kimya, biologiya, informatika) keyfiyyət göstəriciləri;

 

* tam orta təhsil səviyyəsində təmayül siniflərin təşkili;

 

* istedadlı uşaqlarla iş;

 

* şagirdlərin İKT bacarıqlarının səviyyəsi;

 

* müəllimlərin peşəkarlıq səviyyəsi;

 

* direktor müavinlərinin təlim-tərbiyə prosesinə nəzarətinin səviyyəsi.

 

Bu sıraya şagirdlərin fiziki hazırlığı bəndini də əlavə etmək istərdim, çünki hər an düşmən tərəflərin təxribatları ilə üzləşmələr, qarşıdurmalar gələcəyin əsgərlərinin fiziki cəhətdən güclü, çevik və dəyanətli tərbiyə olunmalarını bu gün aktual vəzifələrdən biri səviyyəsinə yüksəldir.

 

Müasir pedaqoji tədqiqatlarda diqqət yetiriləsi belə bir müddəa da irəli sürülür ki, “məktəblərdəki nailiyyətləri müəyyən edən əsas faktorlardan biri, ən vacibi şagirdlərin böyüdükləri ailələrin xarakteristikasıdır. Əksər ölkələrdə ailənin sosial-iqtisadi statusu təhsilin keyfiyyətini idarə edən əsas indeks kimi nəzərdə tutulur”.

 

Vaxtilə məşhur pedaqoq Y.A.Komenski yazmışdı ki, “Bizim didaktikamızın alfa və omeqası elə yollar axtarıb tapmaqdan ibarətdir ki, bunun sayəsində öyrədənlər az öyrətsinlər, öyrənənlər isə çox öyrənsinlər”.

 

Əlbəttə, bu fikir rəmzi məna daşıyır. Belə ki, müəllimin pedaqoji ustalığının bir tərəfi də ondan ibarətdir ki, şagirdləri tədris proqramlarında nəzərdə tutulanlardan artıq öyrənməyə, məlumatlanmağa həvəsləndirə, istiqamətləndirə bilsin. Məsələn, şagirdlər Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi barədə yalnız dərsliklərdə yazılanlarla kifayətlənirsə, onlarda məhdud təsəvvür yaranması heç də istisna deyildir. Ona görə də müəllimlərin təlqin etdiyi maraq əsasında şagirdlərin milli ədəbiyyat və tariximizin görkəmli şəxsiyyətləri, məşhur ədəbi əsərlər, taleyüklü tarixi hadisələr, eləcə də ölkəmizin şöhrət qazanmış alimləri, xalqımızın maariflənməsi yolunda müstəsna xidmətlər göstərmiş ziyalıları barədə əlavə zəruri bilgilərə malik olması onların dünyagörüşündə dərin mənəvi iz sala bilər.

 

Məktəbin ayrı-ayrı fəaliyyət sahələrində nəzərdə tutulan işlərin vahid məqsəd ətrafında üzvi əlaqələndirilməsi tələbi, eyni zamanda, idarəetmə tədbirlərinin də təkmilləşdirilməsi zərurətini yaradır. Məsələn, necə etmək lazımdır ki, böyük bir fəaliyyət sahəsinə malik sinifdənxaric və məktəbdənkənar tədbirlərdən təyinatına, məqsədinə görə səmərəli istifadə olunsun, təhsil məqsədlərinin öyrədici, tərbiyəedici, inkişafetdirici funksiyalarının reallaşmasına və beləliklə də, pedaqoji prosesin tamlığının (bütövlüyünün) təmin olunmasına yardım göstərilsin?!

 

Nümunə üçün deyək ki, məktəb kitabxanasının işi planlaşdırılarkən kitabxanaçı öz tədbirlərinin müəyyən hissəsini ayrı-ayrı fənlərin məzmunundan irəli gələn tələblərlə uyğunlaşdıra bilər. Məsələn, “Ədəbiyyat” fənninin məqsədlərindən biri, yuxarıda deyildiyi kimi, şagirdlərdə sözə, söz sənətinə həssas münasibət, ifadəli oxu, obrazlı təfəkkür, təhlil, mütaliə vərdişləri formalaşdırmaqdırsa, bu, kitabxana üçün bədii əsərlərin oxunuşundan, təhlilindən, onlara aid təqdimatlardan tutmuş poeziya günlərinin, ədəbi qiraət müsabiqələrinin, dram əsərləri əsasında teatrlaşdırılmış səhnəciklərin təşkilinə qədər zəngin iş əhatəsi yaradır.

 

Qeyd edək ki, sinifdənxaric və məktəbdənkənar işlərin əsasının şagirdlərdə azərbaycançılıq məfkurəsinin (Vətənə, xalqa məhəbbət və sədaqət, milli adət-ənənələrin, mənəvi dəyərlərin qorunub saxlanması, milli mənsubiyyətin və ana dilinin daim uca tutulması) təbliği, “Musiqi”, “Təsviri incəsənət”, “Fiziki tərbiyə” kurikulumlarında təsbit olunmuş məqsədlərin (bədii-estetik zövqün inkişafı, musiqi və təsviri sənət əsərlərini qavrama mədəniyyətinin formalaşdırılması, görkəmli incəsənət xadimləri, məşhur idmançılar, idman nailiyyətləri, şagirdlərin fiziki hazırlığının təkmilləşdirilməsi, sağlamlıqlarının mühafizəsi) reallaşdırılması, təlim xarakterli ekskursiyaların təşkili istiqamətində müəyyən edilməsi daha məqsədəmüvafiq olardı.

 

Məktəblərdə idarəetmənin effektivliyinin təmin olunması aralarında vəzifə bölgüsü aparılan məsul şəxslərin üzərlərinə düşən funksiyaların icrası barədə tabeçilik qaydasında (həmçinin pedaqoji şuraya) hesabat vermələrindən və həmin prosesin normaya çevrilməsindən çox asılıdır. Bu, pedaqoji kollektivdə məsuliyyət və icra mədəniyyətinin yaranmasına əhəmiyyətli dərəcədə müsbət təsir göstərir.

 

Şagirdlərin, valideynlərin məktəbdən, müəllimlərin fəaliyyətindən razılığı, eyni zamanda, idarəetmənin təşkilinə müsbət münasibəti ifadə edir. Vətəndaşlıq və peşəkarlıq mövqeyini uca tutan məktəb rəhbərləri fəaliyyətlərinin nəticələrini obyektiv təhlil edib qiymətləndirməklə, əslində, daha təsirli keyfiyyət dəyişikliklərinə istiqamətlənmiş addımlar atır. Doğru deyiblər ki, “Təhsil işi incəsənətdir. Onun sonu və tamamlanması mümkün deyil, inkişafı və təkmilləşməsi isə sonsuzdur”.

 

Aydın ƏHMƏDOV,

Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini, Əməkdar müəllim